AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Cənubi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir

  • + A
  • - A
  • 15-08-2020, 10:09

    Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Cənubi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir


    Əliabbas Salahzadə,
    Milli Məclisin deputatı


    Bu gün bir çox dövlətlər Türk Ordusunun Azərbaycanda hərbi təlim keçməsindən narahatdır, bu təlimlər birmənalı qarşılanmır. Lakin onlar unudurlar ki, Türkiyə və Azərbaycan arasında mövcud əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə bağlıdır. Eyni dinə, dilə, oxşar mədəniyyətə və adət-ənənələrə malik olmamız ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirib və ən yüksək səviyyəyə çıxarıb. Tarixi vərəqlədikdə görürük ki, Türkiyə ilə Azərbaycan həmişə çətin və xoş günlərdə daim bir-birilərinin yanında olub. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakıya gəlməsi və daşnakların ölkəmizə qarşı təcavüzünün qarşısının alınması, eyni zamanda Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlıların maddi və mənəvi yardım göstərmələri iki ölkə arasında münasibətlərin tarixən dostluq və qardaşlıq əsasında formalaşdığını sübut edir. Daha sonralar - 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. O dövrdən etibarən iki qardaş ölkə arasında siyasi və iqtisadi əlaqələr sürətlə inkişaf etməyə başladı.
    Ölkələrimiz arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Azərbaycan ilə Türkiyə arasındakı münasibətləri “Bir millət, iki dövlət” kimi xarakterizə edən Ulu Öndər iki qardaş ölkə arasında münasibətlərin inkişaf etməsi istiqamətində böyük əmək sərf edib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi iri-miqyaslı layihələrin reallığa çevrilməsində ulu öndər Heydər Əliyevin misilsiz əməyi buna bariz sübutdur.
    Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirir. Belə ki, bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə prezidenti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsində daim möhkəmlənir. Cənab Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: “Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır”.

    Müasir dövrdə Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir, ölkələrimiz arasında əlaqələrin inkişafı və möhkəmlənməsi regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə mühüm töhfələr verir.
    Yazımı cənab Prezident İlham Əliyevin avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dediyi fikirlə yekunlaşdırıram:
    "Bu gün Türkiyə-Azərbaycan birgə hərbi təlimləri çox əlamətdar hadisədir, bizim birliyimizi, qardaşlığımızı bir daha göstərir. Bir neçə gün ərzində ölkəmizin müxtəlif şəhərlərində təlimlər keçirilir. Həm hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.
    Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlimlər keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR