AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəldi.

  • + A
  • - A
  • 28-09-2020, 09:00

    Artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəldi.


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Dəfələrlə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün dünyaya çağırış edilərək Ermənistanın təkcə Azərbaycan üçün deyil, həmçinin regionda və dünyada sülhə qarşı ən böyük təhdid olması dəfələrlə müxtəlif sammitlərdə, görüşlərdə, tribunalarda bildirildi. Ermənistanın ölkəmizin torpaqlarının 20 faizini işğal etməsi, bu işğalla kifayətlənməyərək cəbhə boyu təxribatlar törətməsi dünyanın diqqətinə çatdırılsa da, havadarlarına güvənən Ermənistan öz təcavüzkar siyasətindən əl çəkmədi.

    Ermənistan tərəfinin apardığı təcavüzkar siyasətin davamı olaraq, dünən yəni, 27 sentyabr 2020-ci il tarixində Ermənistan yenidən cəbhə boyu təxribata əl ataraq, Azərbaycan ordusuna və yerli əhaliyə iri çaplı silahlardan atəş açmağa başladı. Bütün dünya şahid oldu ki, düşmən müharibəni belə, qaydalara uyğun apara bilmir. Belə ki, təcavüzkar siyasəti özlərinə hədəf seçmiş ölkə yerli sakinləri hədəfə almaqdan çəkinmir, mülki şəxslərə qarşı da silah işlədir.

    Təəssüflə qeyd edək ki, Naftalanda 5 nəfərlik bir ailə-dinc əhali faciəli şəkildə həlak oldu.

    Dünən səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı həyata keçirdiyi hücum zamanı məqsədləri yeni ərazilərimizi işğal etməkdən ibarət idi. Bu səbəbdən də düşmən Azərbaycanın Qazax, Gədəbəy, Goranboy, Tərtər və Ağdam rayonları da daxil olmaqla bütün cəbhə boyu təxribata əl atdı. Qürurla qeyd edim ki, şanlı Azərbaycan ordusu düşmənin növbəti təxribatının qarşısını almaq üçün ağır zərbələr endirərək onu geri oturtdu və hazırda bütün cəbhə boyu əks-hücumdadır.

    Düşmənin ağır itkilər verərək geri otuzdurulması ilə kifayətlənməyən Milli Ordumuz hazırda növbəti hücumların qarşısını almaq məqsədilə hərbi əməliyyatları davam etdirir. Azərbaycan ordusu ölkəmizin müdafiəsinin təmin edilməsi məqsədilə döyüş əməliyyatlarını yerinə yetirərkən, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini rəhbər tutur, mülki əhaliyə və mülki obyektlərə qarşı silah işlətmir.

    Bu gün torpaqlarımızı işğaldan azad etmək üçün tarixi şans yaranıb. Düşmən hücumunun qarşısı alınarkən, düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası sıradan çıxarılmışdır.

    Ermənistanın sülh prosesinə ciddi zərbə vurması, danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz etdi. Son təxribatdan sonra artıq düşmənə Milli Ordumuzun gücünü bir daha göstərməyin vaxtı gəldi. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra, bu ilin iyul ayında Tovuz döyüşləri zamanı əldə edilmiş qələbələrin fonunda Azərbaycan Ordusunun qələbəsi birmənalıdır, xalq olaraq gözləyirik.

    Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi var. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun bir daha şanlı tarix yazacağına əminik.

    Bu münasibətlə bir daha xalqımıza göz aydınlığı verir və artıq Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzünə son qoyulmasının vaxtı çatdığını bildiririk.

    Bu gün birmənalı olaraq hər birimiz Ali Baş Komandanın ətrafında daha sıx birləşməli, onun verdiyi bütün tapşırıqları və göstərişləri dərhal icra etməliyik. Hamılıqla bu gündən qüvvəyə minən hərbi vəziyyətin tələblərinə riayət etməliyik ki, Şanlı Ordumuz bütün işğal altında olan ərazilərimizi azad etsin və Azərbaycan xalqı olaraq artıq işartılarını gördüyümüz tarixi qələbəni tezliklə qeyd edək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR