AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İkili standartlar yoxsa ikiüzlülük, bəlkə tərəfkeşlik?

  • + A
  • - A
  • 2-10-2020, 22:47


    Son illər beynəlxalq leksikonda ikili standartlar, ikili yanaşma kimi termin yer alıb. Bu termin istənilən cəmiyyət tərəfindən, Şərqdə yaxud Qərbdə yerləşməsindən asılı olmayaraq, ictimai şüurda ikiüzlü yanaşma kimi qavranır.

    Dünya ictimaiyyəti açıq şəkildə onu müşahidə edir ki, eyni mahiyyətli problemlərə, eyni çalarlı münaqişələrə münasibətdə bir-birinə diametral şəkildə zidd olan yanaşma sərgilənir. Bu, kifayət qədər təhlükəli, zərərli və zəhərli tendensiyadır. İlk növbədə ona görə ki, ikili standartların müəllifi və ya təşəbbüskarı qismində ayrı-ayrı dünya dövlətləri, bəzi beynəlxalq təşkilatlar çıxış edir. Bunun acı, zəhərli nəticəsi ondan ibarətdir ki, həmin yanaşma tərzi dünya nizamını və sivil idarəçiliyi silkələyib təhdid edir, mizan-tərəzini pozur və ictimai şüurda beynəlxalq hüquqa olan inamı sarsıdır.Təəssüf ki, son 30 ildə Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə də eyni yanaşmanı, ikili standartlar modelini müşahidə etməkdəyik.

    Sentyabrın 27-də Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən ölkəmizə qarşı növbəti hərbi müdaxilə cəhdinə təşəbbüs etdi. Prezident İlham Əliyev belə bir cəhdin olacağı, real təhlükənin gözlənildiyi barədə dünya ictimaiyyətinə ətraflı məlumat vermişdi. Özü də bunu BMT kimi nüfuzlu bir təşkilatın mötəbər tədbirində etmişdi. Dövlətimizin başçısı beynəlxalq təşkilatlardan və dünya birliyindən tələb etmişdi ki, ümumi səylərlə Ermənistanın gözlənilən növbəti hərbi təcavüzünün qarşısı alınsın. Sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi də real təhlükə barədə ictimai şəkildə məlumatlandırılmışdı.Təəssüf ki, beynəlxalq səylər təcavüzün qarşısını ala bilmədi. Bu, səylərin yetərsizliyindən baş verdi, ya “astagəllikdən”, artıq elə bir əhəmiyyəti yoxdur. 30 il ərzində cəzasız qalan, zaman keçdikcə şirniklənib həyasızlaşan Ermənistanın siyasi hakimiyyəti planlaşdırdığı hücuma sentyabrın 27-də başladı. Bununla sübut olundu ki, Ermənistan Müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatı heç də əsassız və yalnız siyasi ritorikadan ibarət deyilmiş.

    Ermənistan hərbi birləşmələrinin mülki yaşayış məntəqələrimizə hücumu nəticəsində təkcə Naftalan rayonunda bir ailənin, Qurbanovlar ailəsinin beş nəfər üzvü öz evində faciəvi şəkildə həlak oldu. Ordumuz bu hücumun qarşısını alıb əks-hücum əməliyyatına keçmək məcburiyyətində qaldı. Dünya birliyinin nəzərə almalı olduğu mühüm məqam ondan ibarətdir ki, əks-hücum əməliyyatı beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan coğrafi bölgədə aparılır. Haqq və cavab savaşına çıxan Azərbaycan əsgərinin əks-hücumu uğurludur və bu gün də qətiyyətlə davam etdirilir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

    Ermənistanın avantürist Baş naziri N.Paşinyan görəndə ki, “bu həna o hənadan deyil” və silahlı birləşmələrinin nəfəsi kəsilmək üzrədir, haray-həşir saldı. İşğalçının yalan təbliğat maşını işə düşdü. Saxta, uydurma, feyk məlumatlar tirajlandı. N.Paşinyan gah dedi ki, döyüşlərdə Azərbaycan tərəfində Türkiyənin “F-16”ları iştirak edir, sonra növbəti yalan yaydı ki, guya Suriyadan olan muzdlu terrorçular tərəfimizdə döyüşürlər. Burda deyirlər, “Adımı sənə qoyum, səni yana-yana qoyum”. Neçə illər idi ki, 1949-cu il Cenevrə Konvensiyasını pozan, Yaxın Şərqdən və digər yerlərdən etnik erməniləri Qarabağa köçürən, orada qanunsuz məskunlaşdırma və etnik dəyişim aparan guya Ermənistan deyilmiş. N.Paşinyanın növbəti məkrli yalanı o oldu ki, Azərbaycan guya Vardenis rayonunu atəşə tutub. Bu populist siyasətçi indiyədək o qədər avantüralara qol qoyub ki, Vardenisə özünün əmrilə məqsədli şəkildə mərmi atdırdığı təsdiq olunarsa heç kim təəccüb etməsin. Ermənistan tərəfindən yayılan bu cür feyk məlumatların yalnız bir məqsədi var: üçüncü tərəfləri, KTMT-ni, xüsusən Rusiyanı münaqişəyə açıq şəkildə cəlb etmək. Görünür, N.Paşinyan iyulun 12-də Tovuzda törətdiyi hərbi təxribatdan sonra Prezident İlham Əliyevin verdiyi “Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq” bəyanatının ciddiliyini indi-indi anlamağa başlayıb. Ona görə əl-ayağa düşüb, zəng etmədiyi, kömək ummadığı ünvan qalmayıb...

    Ordumuzun uğurlu əks-hücumunun təlaşını yaşayan, siyasi hakimiyyətinin bitmək üzrə olduğunu başa düşən N.Paşinyan beynəlxalq mediaya belə bir məlumat çıxarıb ki, Azərbaycanın hücumu nəticəsində xarici ölkənin jurnalisti, “Le-Monde” əməkdaşı yaralanıb. Əvvəla, şəfa diləyirik .Amma bu əməkdaşdan, onun yiyəsindən və jurnalistin yaralanmasından çirkin məqsədlə sui-istifadə edən Paşinyandan niyə soruşulmur ki, xarici ölkənin media nümayəndəsi de-yure Azərbaycan ərazisi olan Qarabağa necə gəlib çıxıb? Akkreditasiyanı haradan və kimdən alıb? Ölkəmizin dövlət qurumlarından müvafiq razılıq almadan, işğal altında olan Qarabağa-Azərbaycan ərazisinə edilən istənilən səfər, peşə mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq qanunvericiliyə ziddir, qanunsuzdur və ən əsası indiki şəraitdə xüsusilə təhlükəlidir...

    Qayıdaq ikili standartlara, ikiüzlü yanaşmalara. Nüfuzlu beynəlxalq təşkilatlardan yeni çağırışlar gəlir. Həmsədrlikdə təmsil olunan Rusiya, ABŞ və Fransanın dövlət başçıları münaqişə tərəflərinə sərt mətnlə müraciət ediblər. Azərbaycan yenidən danışıqlar masasına dəvət olunur...

    Son müraciətlərin, çağırış və bəyanatların məzmun və forması cəmiyyətimizdə haqlı suallar doğurur. Xüsusən, tarixən Ermənistana “kiçik bacı”, ”sevimli bacı” gözü ilə baxan, öz ərazisində dırnaqarası “erməni soyqırımının” inkarına görə məsuliyyət nəzərdə tutan ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri- Fransanın dövlət başçısının son bəyanatı vasitəçilikdə obyektivliyin yeganə ölçü göstəricisi olan tərəfsizlik anlayışına ciddi kölgə salır və əlavə suallar doğurur. Təəssüf ki, bu suallar Fransa kimi mütərəqqi bir dövlətin yaxın tarixi keçmişinə aid olan hadisələri də cəmiyyətimizə xatırlatmalı oldu. O cümlədən, Vyetnam, Cibuti, Çad, Qabon və Tunis kimi ölkələrdə mütərəqqiliyə heç bir aidiyyatı olmayan, təxminən Ermənistanın Azərbaycana qarşı yürütdüyü bugünkü siyasətlə eynilik təşkil edən tarixi səhnələri yada saldı. Bəlkə də bu səbəbdən, eşitdiyimiz son bəyanat elə də təəccüb doğurmamalıdır...

    Cəmiyyətimizi narahat edən suallar təsadüfən formalaşmayıb. 27 il əvvəl elə bu dövlətin də iştirakı ilə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri qəbul olunub. Həmsədr ölkələrin dövlət başçılarının da imza atdığı, icrası məcburi olan qətnamələrdə Ermənistandan tələb olunurdu ki, işğal etdiyi Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxsın. Sual olunur, niyə çıxmadı? Niyə bu 27 il ərzində işğalçıdan eyni sərtliklə tələb olunmadı ki, BMT-yə, onun qətnamələrinə, beynəlxalq hüquqa və həmin dövlətlərin imzasına hörmət etsin, işğala son qoysun? Az qala 30 ilədək davam edən danışıqlarda Ermənistanın imitasiyasına hansı səbəbdən göz yumuldu, eyni sərtliklə reaksiya göstərilmədi? Ermənistanın Qarabağda apardığı qanunsuz məskunlaşdırma, etnik dəyişmə, Yaxın Şərqdən etnik ermənilərin, o cümlədən terrorçuların Qarabağa köçürülməsinə, faktiki baş verən ilhaq siyasətinə və hərbi cinayətə niyə adekvat reaksiyanı görmədik? N.Paşinyan öz oğlunu Qarabağa hərbi qulluğa göndərib bunu manşetlərə çıxaranda, beynəlxalq təşkilatlar niyə susurdular? N.Paşinyan avantürist siyasətini davam etdirib Ermənistan Təhlükəsizlik Şurasının iclaslarını Azərbaycan ərazisi olan Qarabağda keçirəndə, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatını verəndə, Şuşada dırnaqarası “andiçmə mərasimini” keçirəndə, kef məclisi quranda, həmin nüfuzlu dövlətlər və beynəlxalq təşkilatlar niyə özlərini görməzliyə, eşitməzliyə vururdular? Niyə Paşinyana deyilmədi ki, bu avantüralar danışıqların məqsədini məhv edir, onun əhəmiyyətini sıfıra endirir, azərbaycanlıları isə təhqir edir? Ermənistanın Müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatını verəndə, niyə həmin nüfuz sahibləri görmək istəmədilər ki, bu, Ermənistanın yeni hərbi təcavüzlərinin anonsudur? Sentyabr hücumundan qısa müddət əvvəl Paşinyan Ermənistanda on minlərdən ibarət könüllü döyüş dəstələrinin yaradılması təşəbbüsü ilə çıxış edəndə, vasitəçilər hərbi təcavüz ritorikasını görmədilərmi? Njde kimi birisi Ermənistanın milli qəhrəmanı elan edilib ona heykəl ucaldılanda, milli, dini və etnik zəmində insanlığa nifrəti aşılayan faşizm ideologiyasının Ermənistanın rəsmi dövlət siyasətinə çevrildiyi anlaşılmadımı? Obyektiv yanaşma və bugunkü səviyyədəki qədər sərt təpki üçün təkcə bu faktın özü yetərli deyildimi? Elə bu günlərdə qondarma “Dağlıq Qarabağ respublikasının” uydurma “parlamentinin” Şuşaya keçiriləcəyi bəyanatı səslənəndə, beynəlxalq təşkilatlar niyə buna sərt təpki göstərmədilər? N.Paşinyan “danışıqlar qondarma Dağlıq Qarabağ rejimi ilə aparılmalıdır” kimi növbəti avantürist bəyanatla manşetlərə çıxanda, danışıqları məqsədli şəkildə kimin pozduğunu vasitəçilər görmədilərmi?

    Həmin nüfuzlu dövlətlər, BMT qətnamələri altında imzası olanlar niyə bugünkü kimi sərt bəyanatla çıxış etmədilər? Və nahayət, niyə məhz indi belə sərtlik göstərilir?! Azərbaycan xalqının haqqıdır ki, eşidib bilsin: bu ikili yanaşmanın səbəbi nədir? Bəlkə, cəmiyyətimizə məlum olanlardan da savayı səbəbləri var?! Bu cür sərt bəyanatlar səsləndirilərkən işğalçı və işğala məruz qalan iki tərəf arasında niyə növbəti dəfə “bərabərlik” işarəsi qoyulmalıdır? Bu “eyniləşdirmənin” ölçü meyarı nədir və səbəbləri hansı “mənəvi dəyərlərdən” qaynaqlanır?

    Göründüyü kimi, cəmiyyətimizi narahat edən suallar kifayət qədərdir və bunlar həmin siyahıda olanların az bir hissəsidir. İstənilən cəmiyyəti, xüsusən həmsədrlərin təmsil etdikləri ölkələrin ictimaiyyətini bu cür haqlı suallar yormaya, təngə gətirməyə bilməz...

    Etiraz və şübhələr üçün əsas verən bütün bu suallara,vasitəçilikdə tərəfsizlik anlayışına ciddi kölgə salan məqamlara və ikili yanaşma modelinə baxmayaraq, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb. Olsaydı, 30 il ərzində Ermənistanın işğalına, danışıqlardakı imitasiya tamaşalarına səbrlə dözməzdi, həmsədr dövlətlərin səyinə inanıb, ümid edib hörmətlə yanaşmazdı. Bizlərdə bir məsəl var, ”həvəsdir, bəsdir” deyərlər. Ermənistana nəhayət eyni sərtliklə deyilməlidir ki, işğal etdiyin ərazilərdən dərhal və qeyd-şərtsiz çıx. Çıx ki, artıq qan tökülməsin, nə o tərəfdən, nə bu tərəfdən. Ya da Azərbaycan xalqı və dövləti bu haqq işini özü-öz gücü və iradəsi hesabına həyata keçirəcək. Tarixi ədalətə və beynəlxalq hüquqa görə, bu, Azərbaycanın təbii haqqıdır. Nəhayət, anlamalıdırlar ki, Qarabağ Azərbaycan xalqının və onun müstəqil dövlətinin Milli qürur, təhlükəsizlik məsələsidir.

    Cəmiyyətimizdə heç bir şübhə yoxdur ki, həmsədr dövlətlərin hər hansı birinin bircə parça torpağı işğal edilsəydi, onlar buna nəinki 30 il, heç bir gün də dözməzdilər, məsələnin həllini də danışıqlar masasına keçirməzdilər. Bu həqiqətlər nəzərə alınmırsa, o nəzərə alınmalıdır ki, ərazi bütövlüyünün toxunulmazlığı kimi ali beynəlxalq prinsipin müəllifi elə dünya birliyinin özüdür, ilk növbədə həmsədr dövlətlərdir. Bu prinsipin pozulması sivil dünyanı uçuruma və xaosa sürükləyir, beynəlxalq hüququn ədalət tərəzisinə sarsıdıcı zərbə vurur. Azərbaycan cəmiyyəti belə seçimin tərəfdarı deyil və bu prosesdə, Ermənistandan fərqli olaraq, nə iştirak etmək, nə də alətə çevrilmək fikrində deyil.

    Təəssüf ki, işğalçı Ermənistanın siyasi hakimiyyətinin avantüraları, təxribatları, qeyri-konstruktiv mövqeyi xalqımıza başqa yol saxlamayıb. Hərb yolunu Ermənistan seçib və məhz Ermənistan təklif edib. 30 ildən sonra təklif olunan bu seçimi qəbul etmək məcburiyyətində qalmışıq. Ermənistanın təqsiri ucbatından münaqişənin sivil həll imkanları sıfıra endirildiyinə, danışıqlar mənasızlaşdırıldığına və Ermənistanın növbəti hərbi təcavüzünə məruz qaldığımıza görə, Prezident İlham Əliyevin “bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır” düşüncəsi məhz xalqımızın yekdil və haqlı iradəsinin ifadəsidir, Ermənistanın hərbi təcavüzünə cavab haqqımızdır. Alternativ yol qalmayıb.

    Milli Məclisin deputatı
    Ülvi Quliyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR