“Türkiyə və Azərbaycan qardaş ölkələrdir və bizim qardaşlığımız bir çox vəziyyətlərdə sınaqdan keçib. Bu konkret məsələdə Türkiyə Prezidenti Azərbaycana güclü dəstəyini açıq şəkildə ifadə etdi”.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransanın “Figaro” qəzetinə verdiyi müsahibəsində deyib.
Prezident bildirib ki, Azərbaycan tək deyil, Türkiyə onun yanındadır:
“Bu, çox güclü siyasi dəstəkdir və biz buna görə çox minnətdarıq. Bu, birincisi. İkincisi, demək istəyirəm ki, biz döyüş meydanında nə ediriksə özümüz edirik. Bəli, müasir silahlarla, müasir avadanlıqla, lakin Vətənimizi azad edən Azərbaycan əsgərləri və zabitləridir. Bizim Türkiyə ilə münasibətimizin böyük tarixi və daha da parlaq gələcəyi var. Zənnimcə, Türkiyənin Cənubi Qafqazın hər üç ölkəsi - Azərbaycan, Gürcüstan və Ermənistanla sərhədi olan dünyada yeganə ölkə kimi bu prosesə cəlb edilmək üçün legitim hüququ var.
Çünki qonşu olaraq, region üçün sabitliyi, təhlükəsizliyi təmin edə bilən və təmin edən, gündəliyi çox aydın ölkə olaraq o, beynəlxalq hüququ müdafiə edir. Beynəlxalq hüquq deyir ki, bizim ərazilərimiz işğal altındadır. Beləliklə, o, nəyi səhv edir? O, sadəcə olaraq, beynəlxalq hüququn təmin olunmasını tələb edir. Ermənistan bunu etmək istəmir. Ermənistan Livandan erməniləri qanunsuz köçürməklə, azərbaycanlılara qarşı hərbi əməliyyatlarla, bizim tarixi və dini irsimizi dağıtmaqla 30 ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlamaq istəyir. Türkiyənin rolu çox müsbətdir. Ermənistanla müharibə dayanandan və siyasi nizamlama həyata keçiriləndən sonra əminəm ki, Türkiyənin rolu çox mühüm və müsbət olacaq”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.