AzadMedia.az-a açıqlama verən politoloq Seynur Əsgərli, “Azərbaycan torpaqlarının işğalına son qoymaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə, işğalçı Ermənistan uşaqları müharibəyə cəlb etməklə bərabər, beynəlxalq humanitar hüququn prinsiplərini pozmaqda davam etdiyini bildirib..”
Ötən müddət ərzində, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də hərbi cinayət törətməkdə davam edir.
Bildiyiniz kimi, Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir.
Əslində, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü davam etdiyi, rəsmi Yerevanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi şəraitdə Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır.
Qeyd edim ki, səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil.
Məlumdur ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidir. Bu səfər ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.
Qeyd etmək lazımdır ki, bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə olaraq, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir.
Birmənalı olaraq, indiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin ciddi hiddətinə səbəb olur.
Bu gün, işğalçı Ermənistan törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən, Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərini ballistik və reaktiv raketlərdən atəşə tutduğuna görə birmənalı olaraq, məsuliyyət daşıyır.
Ölkə başçımızın da, qeyd etdiyi kimi, bizmünaqişə genişlənsin deyə münaqişənin hər hansı formada beynəlmiləlləşdirilməsinin tamamilə, əleyhinəyik. Amma Ermənistanın etmək istədiyi məhz budur. Ermənistanın etdikləri, tamamilə səmərəsiz və beynəlxalq hüquqa ziddir. Biz başqa ölkələrin müdaxilə etməsini istəmirik.
Bu az imiş kimi, bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir.
Azərbaycan torpaqlarının işğalına son qoymaq, ordusunu Azərbaycandan çıxarmaq, beynəlxalq hüquqa riayət etmək əvəzinə, Ermənistan uşaqları müharibəyə cəlb edir və beynəlxalq humanitar hüququn prinsiplərini pozur.
Birmənalı olaraq, bu, tamamilə qəbuledilməzdir. Bu gün, Ermənistan Uşaq Hüquqları Konvensiyasına tamamilə zidd olaraq, Azərbaycana qarşı müharibədə uşaqlardan istifadə edir.
Düşmən tərəfi, hər cür təxribata əl atmış olsa da, Azərbaycan Ordusu Ali Baş Komandanımız İlham Əliyevin öndərliyində hər gün öz vətənpərvər missiyasını layiqincə yerinə yetirir və hər gün Azərbaycan xalqını yeni qələbə xəbərləri ilə sevindirir. Cənab prezidentimizin qeyd etdiyi kimi, hələ bir ay keçməyib artıq Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Qubadlı rayonlarının bir hissəsi işğalçılardan azad edilib.
Qarşıda, rəşadətli Azərbaycan ordusunun növbəti uğurlarını gözləyirik və Qarabağımızın ən qısa zamanda, tamamilə işğaldan azad ediləcəyinə tam şəkildə inanırıq.
Yaşasın Ali baş komandan, Yaşasın şücaətli Azərbaycan Ordusu, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!