AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fuad Muradov Rumıniyada erməni diasporunun fəaliyyətinə qarşı addımları müzakirə edib - FOTO

  • + A
  • - A
  • 27-10-2020, 12:22


    “Bu il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə zonasından kənarda yerləşən yaşayış obyektlərini, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutub, raket zərbələri nəticəsində mülki şəxslər və azyaşlı uşaqlar həlak olublar, Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Son məlumata görə, Ermənistanın təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Günahsız körpələrin qətlə yetirilməsi erməni vəhşiliyinin ən bariz nümunəsi, soyqırım və vandalizm aktıdır. Azərbaycan haqq yolundadır, beynəlxalq hüquq çərçivəsində müəyyən olunmuş sərhədləri daxilində hərbi əməliyyat aparır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz torpaqlarını işğaldan azad edir”.

    Bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rumıniyanın Dövlət katibi, Xaricdəki Rumınlar Departamentinin rəhbəri Ovidiu Burduşa ilə virtual görüşü zamanı deyib.

    Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var” fikrini xatırladaraq, Rumıniya ilə Azərbaycan arasında əlaqələrin möhkəmliyi və inkişaf dinamikasına diqqət çəkib.

    O, eyni zamanda qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Rumıniya bizi tanıyan ilk dövlətlərdən olub. Elə o vaxtdan ikitərəfli münasibətlər qarşılıqlı anlaşma, dostluq prinsipləri əsasında inkişaf edib və bu gün də ölkələrimiz arasında sarsılmaz dostluq münasibətləri var.

    Görüşdə Rumıniyada erməni diasporunun Azərbaycan əleyhinə göstərdiyi fəaliyyət, Rumıniyada Azərbaycanın haqlı mövqeyinin daha geniş şəkildə işıqlandırılması, eləcə də diaspor siyasəti sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

    O.Burduşa müharibə nəticəsində baş vermiş insan itkisinə görə dərin təəssüf hissi keçirdiyini və ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib. Xaricdəki Rumınlar Departamentinin rəhbəri daha sonra dünyanın müxtəlif ölkələrində 6 milyonadək rumının yaşadığını diqqətə çatdıraraq, Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olmasından duyduğu məmnunluğu ifadə edib.

    Görüşdə iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri cənab Dan İanku Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdəki Rumınlar Departamentinin münasibətlərinin dərinləşdirilməsi üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

    Görüşdə həmçinin, xaricdə yaşayan azərbaycanlıların və bizə dost ölkələrin diasporlarının bu gün dünyanın hər yerində Gəncə terroruna etiraz edərək dinc aksiyalar keçirmələri, öz haqq səslərini ucaltmaları, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəltmək üçün atılan müxtəlif addımlarla bağlı da fikir mübadiləsi aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR