Tərəflər arasında elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini ardıcıl şəkildə pozan Ermənistan silahlı qüvvələri nəinki döyüş əməliyyatları zonasında, ondan uzaqda yerləşən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrini və obyektləri qadağan olunmuş silahlardan, ağır artilleriyadan istifadə etməklə atəşə tutur.
Bu barədə
Azadmedia.az media portalına açıqlama verən millət vəkili Məşhur Məmmədov qeyd etdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən ikinci gündür ki, Bərdə rayonu ərazisində mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin atəşə tutulması çoxsaylı insan tələfatı və dağıntılar baş verməsi ilə nəticələnib.
Təəssüflə qeyd edim ki, 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə raket zərbələrinin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə isə külli miqdarda ziyan dəyib.
İnsanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkməyən işğalçı Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror törətməklə beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə Konvensiyalarını, xüsusilə də Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasını müddəalarını bir daha kobud şəkildə pozub.
Ermənistanın azğınlaşmasına səbəb, ötən dövr ərzində Azərbaycana qarşı etdiklərinə görə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən beynəlxalq hüquqi sanksiyaya məruz qalmaması, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası üzrə təsirli tədbirlərin görülməməsi ilə bağlıdır.
Bir daha dünya ictimaiyyətinə səslənərək demək istəyirəm ki, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarını, dinc əhalinin qətlə yetirilməsində təqsirkar olan şəxslərin cəzalandırılması ilə bağlı təsirli tədbirlər görülməsini ədalət və insanlıq naminə tələb edin.
Cənab Prezident də dünyanın aparıcı ölkələri ilə danışarkən qeyd edir ki, bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq.
Müzəffər Ordumuz Ali Baş Komandanın başçılığı altında tezliklə Bərdənin qisasını alacaq. Bizim yolumuz haqq yoludur. Və bu müqəddəs haqq yolumuzda mənzil başına çatmağımıza sayılı günlər qaldı.