Modern.az saytında “Bizim Əsgər”rubrikasına davam edirik. Müsahibimiz Milli Məclisin deputatı İlham Məmmədovdur. Rubrikamızın ənənəsində bu dəfə cüzi dəyişiklik etdik.
Belə ki, bu dəfə “Bizim Əsgər” haqqında valideynləri və ya həyat yoldaşları deyil, yaxın qohumu danışacaq. Bu da “Bizim Əsgər”in ailəsinin razılığı ilə olub.
Deputat İlham Məmmədov əmisi nəvəsi, şəhid polkovnik-leytenant Soltan Məmmədov və bacısı oğlu, yaralı gizir Ceyhun Salmanov haqqında danışacaq.
- İlham müəllim, sizi “Bizim Əsgər” rubrikasında salamlayırıq. Öncə bizə şəhid polkovnik-leytnantımız Soltan Məmmədov haqqında məlumat verməyinizi istərdik.
- Leyla xanım, öncə sizə təşəkkür etmək istərdim ki, bugünkü Vətən Müharibəmizdə vətənpərvərliklə bağlı belə bir rubrika açmısınız və bizlər igid oğullarımız haqqında danışmaqdan böyük qürur duyuruq.
Şəhid polkovnik-leytnant Soltan Məmmədov bizim nəslin birinci böyük nəvəsi idi. 39 yaşı var idi. Soltan mənim babamın adı olub və ona verilib. Babam Qərbi Azərbaycanın əzəli və əbədi dədə-baba torpağından - Zəngibasardan ilk didərgin salınan ailələrdən biri olub. Bizim Yevlaxda olan kəndimizin sakinləri də məhz İrəvandan ilk qovulan qaçqınların məskunlaşdığı kənddir. Babam kolxoz sədri olub və yaşadığı Səmədabad kəndinin ən sevilən və seçilən insanlarından biri idi. Xeyirdə-şərdə heç kimi tək qoymayıb. Məhz belə igid babanın adını Soltan kimi qeyrətli oğlumuz daşıdı. Əbəs yerə deyil ki, bu gün bütün Azərbaycanımız onunla fəxr edir. Mən əminəm ki, babamın da ruhu bu gün şaddır. Çünki məhz onun didərgin düşdüyü öz yurd-yuvasına gedən yolun üstündə olan Qarabağ torpağının azad olunmasında adını daşıyan nəvəsi şücaət göstərdi. Məhz bu şərəfli yol bizi tarixi torpağımız olan İrəvana aparacaq.
Soltan müəllim ailəsində doğulub-böyümüşdü. Soltanın atası Akif Məmmədov Səmədabad kəndində müəllim və məktəb direktoru olub. Çalışdığı məktəbin demək olar ki, bütün şagirdlərini vətənpərvər ruhda yetişdirib. Anası Sürmayə xanım da müəllimə idi və daim vətənpərvərlik hisslərini öz şagirdlərinə aşılayırdı.
Şəhid polkovnikimiz Soltan Məmmədov Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbini bitirib və çox peşəkar bir hərbiçi olub. O, orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Naxçıvanski adına hərbi Liseydə təhsil alıb. Onun ilk kursant geyimi belə indiyə kimi yadımdadır. O zaman əynində göy forması vardı. Ümumiyyətlə, hərbiyə çox həvəsli bir insan idi. Mən həmişə onun formasına, hərbi duruşuna baxanda çox sevinirdim ki, ulu öndər Heydər Əliyevin zəhməti hədər getməyib. Məhz onun yaratdığı Naxçıvanski adına Hərbi liseyinn belə qəhrəman və igid kursantı olub. Məhz bu məktəb Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanda yaradılmışdı və onun Azərbaycan xalqına bəxş etdiyi ən böyük dəyərlərdən biridir. Bu gün torpaqlarımızı azad edən generallarımızın bir çoxu da məhz bu liseyin yetirmələridir.
Soltanın atası Akif Məmmədov Yevlax rayonunun Səmədabad kəndində çox sevilən bir ziyalı idi. Soltanın belə vətənpərvər yetişməsində onun atasının çox böyük rolu olub. Soltan Məmmədov Suqovşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak oldu.
- Şəhid polkovnikimiz Soltan Məmmədov 2016-cı il aprel döyüşlərində də iştirak etmişdimi?
- Bəli iştirak edib. O, döyüşlər də Soltan üçün çox yaxşı bir təcrübə olmuşdu. Səhv etmirəmsə, özünün istəyi ilə Aprel döyüşlərinə qatılmışdı. Soltan çox təcrübəli bir hərbçi idi və heç vaxt öz bilik və bacarığını vətən uğrunda fəda etməkdən çəkinmirdi. Onun ilk hərbi xidməti də məhz Murov dağında olub. 39 yaşında polkovnik-leytenant rütbəsini ala bilməsi də onun necə peşəkar və vətənpərvər bir hərbçi olmasının göstəricisidir. Bu gün apardığımız vətən mübarizəsində biz hər zaman axtardığımız və həvəsində olduğumuz qəhrəmanlarımızı tapdıq və onlar öz igidlikləri ilə tarix yazdılar. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə bu gün bizim yeni zəfər tariximiz yazılmaqdadır. Bu günlərdə bizim şanlı ordumuz 28 illik həsrətə son qoymaqdadır.
- Soltan bəyin ailəsi haqqında qısa olaraq sizdən məlumat almaq istərdik. Ailəsində şəhid xəbərini necə qarşıladılar?
- Soltan bəyin üç övladı var. İki qızı və bir oğlu. Oğlu Əli atasının qəbri üzərində onun döyüş yoldaşlarının verdiyi bayrağı sinəsinə basdı və dedi ki, atasının vətən yolunda qəhrəmqncasına həlak olması ilə qürur duyur. Həyat yoldaşı isə bildirdi ki, o, fəxr edir ki, belə igid hərbçinin xanımıdır. Oğlu anasını qucaqladı və söylədi ki, “ata, mən sənin qisasını alacağam”. Bunlar çox təsirli səhnələr idi.
- Bacınız oğlu, yaralı əsgərimiz Ceyhun və onun igidliyi haqqında oxucularımıza məlumat verməyinizi istərdik.
- Ceyhun Qurban oğlu Salmanov gizir rütbəsindədir, 26 yaşı var. Əsgərlik müddətini bitirdikdən sonra vətənə olan sevgisinə görə müddətdən artıq hərbi xidmətə yazıldı. Öz həyatını və gələcəyini birbaşa olaraq vətənə hərbi xidmətə bağladı. Ceyhun ailədə üç bacının yeganə qardaşıdır. Fiziki göstəriciləri də çox yüksək idi. Fizuli istiqamətində gedən qızğın döyüşlərdən birində ayağından yaralandı. Bud və baldır nahiyəsində ağır yaralar var idi. Bakıda xəstəxənalardan birində əməliyyat olundu. Ayağında həm qəlpə, həm də güllə yarası var idi. Həkimlərimiz yüksək peşəkarlıqla onu əməliyyat etdilər. Artıq bu günlərdə barmaqlarını tərpətməyə başlayıb.
- Əməliyyatdan sonra Ceyhun Salmanovla görüşdünüzmü? Hazırda əhval-ruhiyyəsi necədir?
- Bəli görüşdüm. Mənə dedi ki, “dayı, sən narahat olma. Mənim ayağımı kəssələr də, protez ayaqla yenidən döyüşlərə yollanacağam”. Bu sözləri ondan eşidəndə təbii ki, çox qürurlandım və biraz da kövrəldim. Ceyhun çox kədərli idi, çünki o, Qarabağa Qələbə bayrağını sancmaq istəyirdi. Həkimlərdən də, məndən də xahiş etdi ki, ona kömək edək ki, tez sağalıb yenidən döyüşlərə qatılsın.
- Ceyhunda uşaqlıqdan hərbiyə həvəs var idi, yoxsa bu həvəsi zamanla onda yarandı?
- Uşaqlıqdan həvəsli idi. Xüsusilə də uşaq olanda hərbi geyimlər geynirdi. Fiziki göstəriciləri də yüksək olduğu üçün orta məktəbi bitirəndə Ali Hərbi Məktəbdə təhsil almaq istəyirdi. Lakin Ali Hərbi Məktəbə daxil olmaq ona qismət olmadı. O yenə də həvəsdən düşmədi və müddətdən artıq hərbi xidmətə başladı. Mən çox sevinirəm ki, Ceyhun öz düşüncəsi ilə hərəkət edən bir gəncdir. Öz şəxsi təfəkkürü və fantaziyaları var. Yəni heç kimin təzyiqi ilə nəyisə etmir.
- Bəs siz onun dayısı olaraq yaralandığını biləndə hansı hissləri keçirdiniz?
- Mən özüm də ixtisasca həkiməm. Onun yaralandığını eşidəndə öncə yarasının yüngül və ya ağır olmasını soruşdum. Çünki mən bilirdim ki, Ceyhun əməliyyatdan çıxan kimi cəbhəyə qayıtmaq və döyüşmək istəyəcək. Dedilər ki, yarası çox ağırdır. O, mənim bacımın yeganə oğul övladıdır. Təbii ki, çox narahat oldum. Lakin bir o qədər də qürurlandım. Mən özüm Yevlaxda həkim işlədiyim vaxt - 90-cı illərdə Birinci Qarabağ Müharibəsinin yaralılarını müalicə etmişəm.
Xocalı qətliamından sonra Ağdama və oradan da Yevlaxa gətirilən yaralılara kömək etmişəm. Bir növ hadisələrin acı nəticələrinin canlı şahidi olmuşam. Elə vaxtlar olub ki, aylarla o xəstəxanadan çıxmadan yaralılarla məşğul olmuşam. Təbii ki, bu da mənim öz peşəmlə yerinə yetirdiyim Vətən borcum idi. O zaman Yevlax xəstəxanası Qarabağın Mərkəzi xəstəxanalarından biri idi. Yadımdadır, o zaman Kəlbəcər qaçqınları gələndə biz onları ilkin olaraq xəstəxananın palatalarına yerləşdirdik. Çünki onların qalmağa yerləri yox idi. Yevlax o zaman hadisələrin mərkəzi idi. O zaman ölkəmizdə bu cür siyasi sabitlik yox idi.
Biz belə çox ağır hadisələr yaşamışıq və hərbi səhra cərrahlığının birinci Qarabağ Müharibəsində olan bütün çətinliklərini görmüşəm. Ceyhunla görüşəndə məhz o çətin günlərdə bir həkim kimi yaşadıqlarımın hamısı gözümün önündən keçdi.
İndi isə xəstəxanalarımızda çox yüksək səviyyədə gözəl şərait hökm sürməkdədir. Bacım oğlu Ceyhun ilk əməliyatını da, məhz döyüş bölgəsinə yaxın olan hospitalda keçirdi və daha sonra Bakıya göndərildi.
- Əgər ehtiyac olarsa, siz yenidən həkim kimi yaralı əsgərlərimizə xidmət göstərərdiniz?
- Əlbəttə ki, böyük məmuniyyətlə bunu edərəm. Hər birimiz vətənimizin müsəllah əsgəriyik. Hansı sahədə olmağımızdan asılı olmayaraq istər sıravi vətəndaş, istər dövlət maraqlarını qoruyan bir ziyalı, istərsə də həkim kimi vətənimə və millətimə xidmət etməyə hazıram. Əgər bir yaralı əsgərə ilkin tibbi yardım edərəmsə, ən azı qanayan yarasına kiçik bir sarğı belə qoyaramsa, bu mənim üçün çox böyük şərəf olar. Həmçinin həyatımın ən unudulmaz anlarından biri olar. Mən bunları birinci Qarabağ Müharibəsində olan yaralı əsgərlərimizə və mülki şəxslərimizə qarşı etmişəm və bu sahədə təcrübəliyəm. Yenidən bu hissləri yaşamaq və hər zaman yaralı əsgərlərimizin yanında olmaq mənim üçün çox böyük şərəf olardı. Mən millət vəkili olaraq bu gün də Yevlaxın Mərkəzi Xəstəxanasına gedirəm və oradakı yaralı əsgərlərimiz və digər mülki yaralılarımızla görüşüb onlara ruh yüksəkliyi bəxş etməyə çalışıram.
- Hazırkı millət vəkili, şəhid qohumu, yaralı əsgər dayısı və birinci Qarabağ Müharibəsində xidmət edən bir həkim kimi “Əsgər salamı”nızı eşitmək istərdik.
- Əziz əsgərim. Sən bu gün mənim məmləkətimin, mənim xalqımın ən qürurlu vətəndaşısan. Sənin addımını basıb azad etdiyin hər bir torpaq bizim ürəyimizin uzun illərdir nisgildən və həsrətdən qanayan yaralarını sağaldır. Sən nəinki öz ananın, bütün şəhid analarının, həmçinin qüdrətli bir xalqın dualarını daşıyırsan. Sən bu gün bizim həsrət dolu sevinc göz yaşlarımızı axıdırsan. Bizə qələbə və güc bəxş edirsən. İgid, qorxmaz və qürurlu Azərbaycan əsgərinə salam olsun. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır!