AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisdə bəzi qanunlara dəyişiklik edilməsi müzakirə olunub

  • + A
  • - A
  • 30-10-2020, 17:14

    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası olub.

    Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynlı gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb.

    Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib.

    Bildirilib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli qanunun icrası məqsədilə hazırlanıb.

    Belə ki, Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda müvafiq dəyişiklik - “girov” sözünün “ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur.

    Qeyd olunub ki, torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik nəzərdə tutulur.

    “Torpaq bazarı haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən isə ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri “İpoteka haqqında” qanuna uyğun olaraq tənzimlənəcək.

    Komitə sədri “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib.

    Diqqətə çatdırılıb ki, sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.

    Vurğulanıb ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Bununla əlaqədar adları göstərilən qanunlara müvafiq düzəlişlər edilib. Bir sıra qanunlarda, həmçinin uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə bəzi dəyişikliklər təklif olunur.

    İclasda komitə sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.

    Diqqətə çatdırılıb ki, layihədə təklif edilən dəyişikliklərin bir qismi dövlət qulluqçusuna müəyyən edilmiş tələblər nəzərə alınmadan növbəti ixtisas dərəcəsi verilməsinin, yuxarı inzibati vəzifəyə təyin edilmə hallarının, aşağı ixtisas dərəcəsinin hansı hallarda verilməsinin mümkünlüyünün əsaslarını müəyyən edir. Digər dəyişiklik dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlıdır.

    Bundan əlavə, qanunda əvvəl mövcud olmuş “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” adlı 30-1-ci maddənin təkmilləşdirilməsi təklif olunur. Maddənin yeni redaksiyasında əvvəlkindən fərqli olaraq hansı kateqoriya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə zərurət olmadığı müəyyən edilir, qiymətləndirmə zamanı yekun qiymət verilərkən vacib olan meyarların hədləri konkretləşdirilir.

    İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR