AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Müəllimin nüfuzu forma ilə deyil, peşəkarlığı ilə ölçülür” – Vahid geyim təşəbbüsünə etiraz

  • + A
  • - A
  • Bu gün, 16:23

    Müəllimin nüfuzu forma ilə deyil, peşəkarlığı ilə ölçülür” – Vahid geyim təşəbbüsünə etiraz

    Müəllimlərin vahid geyim formasına keçirilməsi ilə bağlı şəxsi mövqeyim

    Son günlər müəllimlərin vahid geyim formasına keçirilməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu məsələ ictimai müzakirə mövzusuna çevrilib. Mən bu təşəbbüsün tətbiqini məqsədəuyğun hesab etmirəm. Çünki bu məsələ yalnız geyim seçimi ilə məhdudlaşmır; o, müəllimin peşə nüfuzu, pedaqoji mühit, şagirdlərin psixoloji inkişafı və məktəbdə formalaşan dəyərlər sistemi ilə birbaşa əlaqəlidir.

    Müəllim cəmiyyət üçün sadəcə bilik ötürən şəxs deyil. O, davranışı, nitqi, dünyagörüşü, peşəkarlığı və mənəvi keyfiyyətləri ilə gələcək nəslin formalaşmasında mühüm rol oynayan şəxsiyyətdir. Müəllimin peşəkar kimliyini yalnız vahid geyimlə ifadə etməyə çalışmaq onun fərdiliyini və şəxsiyyətini zahiri çərçivələrə salmaq deməkdir.

    Görkəmli pedaqoq Con Dyui təhsilin əsas məqsədini müstəqil düşünən, yaradıcı və məsuliyyətli vətəndaş yetişdirmək kimi dəyərləndirirdi. Onun fikrincə, məktəb demokratik mühit olmalı, burada həm müəllim, həm də şagird öz fərdiyyətini sərbəst ifadə edə bilməlidir. Bu yanaşma bir daha göstərir ki, təhsildə əsas meyar zahiri eynilik deyil, peşəkarlıq, azad düşüncə və yüksək mənəvi dəyərlərdir.

    Şagird psixologiyası baxımından da müəllimin fərdiliyi mühüm əhəmiyyət daşıyır. Şagirdlər müəllimin geyimindən daha çox onun insanlara münasibətini, ədalətini, səmimiyyətini, qayğıkeşliyini və peşəkar davranışını yadda saxlayırlar. Səliqəli, etik normalara uyğun, lakin fərdi üslubu əks etdirən geyim müəllim nüfuzuna xələl gətirmir. Əksinə, bu, şagirdlərdə müxtəlifliyə hörmət, tolerantlıq və fərqli düşüncəyə açıq münasibət formalaşdırır ki, bunlar da müasir təhsilin əsas prinsiplərindəndir.

    Digər tərəfdən, vahid geyim müəllim peşəsinin qarşısında duran əsas problemlərin həlli deyil. Təhsilin keyfiyyətini müəllimin geyimi deyil, onun bilik və bacarığı, metodik hazırlığı, peşə motivasiyası, davamlı inkişafı və məktəbdə yaradılan sağlam pedaqoji mühit müəyyən edir.

    Hesab edirəm ki, müəllimlər üçün vahid geyimdən daha vacib olan vahid peşə etikası, vahid davranış standartları, obyektiv qiymətləndirmə meyarları və peşəkar inkişaf imkanlarının təmin edilməsidir. Müəllimlərin səliqəli, işgüzar və etik normalara uyğun geyinməsi əlbəttə ki, vacibdir. Lakin bunun yalnız vahid forma vasitəsilə təmin olunması zəruri hesab edilə bilməz.

    Müəllim fərdiyyətini qorumaqla da cəmiyyət üçün nümunə ola bilər. Əsl müəllim nüfuzu forma ilə deyil, biliyi, yüksək mədəniyyəti, ədalətli mövqeyi, peşəkarlığı və insanpərvərliyi ilə qazanılır.

    İnanıram ki, məktəbi gücləndirən əsas amil müəllimin geyimi deyil, onun şəxsiyyəti, peşəkarlığı və cəmiyyət qarşısında daşıdığı məsuliyyətdir. Məhz bu prinsiplərin qorunmasını daha doğru və məqsədəuyğun hesab edirəm.

    Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR