Anar MƏMMƏDOV
Milli Məclisin deputatıBu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında
ən öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla, uzaqgörənliklə
reallaşdırılan daxili və xarici siyasət kursu dayanır.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan
müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək
idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti
ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır.
Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad
nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın
mənafeyini rəhbər tutmuşdur.
Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət
quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 17 il sosial-
iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan
iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə
rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub
saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata
keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların
davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş
dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bununla yanaşı, ölkənin artan
imkanları hesabına insan kapitalının formalaşması, əhalinin sosial təminatının,
xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial
siyasət həyata keçirən dövlətə çevrilmişdir.
Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi,
dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail
olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı
sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır.
Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən
modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin
təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd
təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın
bu sahəsinin inkişafına güclü təkan vermişdir. Həmçinin, məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının
yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin
və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya
və təqaüdlər əsaslı şəkildə artırılmışdır.
Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni
nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən
mühüm şərtlərdən biridir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının
yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin
edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının
gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin
davam etdirilməsində mühüm amil olmuşdur. Birinci vitse-prezident vəzifəsinə
təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla
həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Onun təşəbbüsü ilə təhsil
sistemində aparılan ciddi islahatlar, səhiyyə müəssisələrinin fəaliyyətinin
təkmilləşdirilməsi və Heydər Əliyev Fondunun dəstəyi ilə çoxsaylı xeyriyyə
tədbirlərinin keçirilməsi onu xalq üçün əziz insana çevirmişdir.
Ötən 17 ildə bütün digər istiqamətlərdə olduğu kimi, müasir ordu quruculuğu
istiqamətində də mühüm addımlar atıldı, Azərbaycan ordusu dünyanın 50 ən güclü
orduları sırasına daxil oldu. Bu gün şanlı Azərbaycan Ordusu Füzuli, Xocavənd,
Cəbrayıl, Tərtər rayonlarının bir sıra kəndlərini, Suqovuşan kəndini, Hadrut
qəsəbəsini, Cəbrayıl və Füzuli şəhərlərini, Zəngilan rayonu və bir sıra kəndlərini
düşməndən təmizləyərək öz müzəffər yürüşünü davam etdirir, Ali Baş Komandanın
dediyi kimi düşmənə dərs verir və öz uğurlu əməliyyatları ilə Azərbaycan xalqını
sevindirir, sözlə ifadəsi mümkün olmayan hislər yaşadır. Azərbaycan xalqı öz
Prezidentinə, onun komandanlığı ilə qələbələr qazanan rəşadətli Ordumuza inanır və
yaxın günlərdə üçrəngli bayrağımızın Xankəndi, Şuşa və digər yaşayış məskənləri
üzərində dalğalanacağına əmindir. Haqq işi uğrunda vuruşan, xilaskarlıq missiyasını
uğurla yerinə yetirən ordumuzu alqışlayır, düşmənə tezliklə diz çökdürməsini,
qələbə çalmasını arzulayırıq. Qələbə bizimlədir!