Şuşanın xilas planı: döyüş necə başladı... - Ürək görmüsünüz?
Ürək görmüsünüz?
Fotosunu, videosunu...
Mən İlham Əliyevin Ürəyini görürəm...
Onun Ürəyinin necə döyünməyini, necə sevinməyini, necə kövrəlməyini, necə yumruq kimi düyünlənməyini...
Necə Azərbaycan olmağını!
İlk dəfədir görürəm. Görürəm ki, Ürək yumruq boyda deyil, Vətən boydadır!
Aman Allah, Azərbaycan boyda da Ürək olar?
Gözəl Allahım, sən bizi yoxlayırsan, gücümüzü, dözümümüzü sınayırsan? Sən neyləyirsən?..
Axı Sən neyləmək istəyirsən: bizim ürəyimizi sevincdən, həyəcandan, gərginlikdən, heyrətdən, eşqdən partlatmaq istəyirsən? Səni and verirəm Böyüklüyünə, Mərhəmətinə, Ədalətinə, bizimlə nə eləmək istəyirsənsə, nə edəcəksənsə, işarə ver...
De ki, hazır olaq, hazırlaşaq, dözümümüzü, qüvvətimizi toparlayaq...
Birnəfəsə, hamısını birlikdə, biryerdə, birdəfəyə bağrına basmaq, qaldırmaq, daşımaq, çətindi e, qurbanolduğum!
Sən axı bilirsən, biz bu duyğuları ilk dəfədir dadırıq. Ya unutmuşuq ətrini, dadını, qoxusunu, ya da heç dadmamışıq, qoxulamamışıq, udmamışıq. Yenidir. İlkdir. Təptəzədir...
Mən heç belə Gün görmədim. Mən heç belə Ürək görmədim...
Bu gücdə, bu qüdrətdə, bu dəyanətdə Ürək olar?..
Bu nə Ürəkdir, bu nə boyda Ürəkdir, bu nə boyda Adamdır, bu nə boyda Sevgidir, bu nə boyda Vətəndir, Allah, sən bizə göndərmisən? Sən bizə Kimi göndərmisən?! Bu nə Nəhəng Adamdır?!
O, bizə Şuşanı aldı e, Şuşanı. Sevincimiz sənə qədər ucalıb! Aldı! Aldı, verdi bizə, qoydu qarşımıza - gül buketi kimi, çiçək dəstəsi kimi, bənövşə çələngi kimi, xarıbülbül topası kimi... Dərdi, uzatdı əllərimizə...
Dünyanın ən möhtəşəm hədiyyəsini aldıq e, Allah! Sən neyləyirsən...
Səndə də Ürək var, Allah, sən ki bu Ürəyi bizə göndərmisən, nə gözəl etmisən, nə gözəl eyləmisən...
Sən nə eyləsən, gözəl eylərsən, onu bilirəm də, amma bu, ən gözəlidir e, Allahım, sən ən müşkülümüzü ən asana çevirən, ən alınmazımızı alan, Qalamızı alan, ən ucamızı əlçatan edən Sərkərdəni bizə vermisən...
Sən ən döyüşkən Ruhu bizə vermisən...
Sən nə gözəl Allahsan...
Sən nə Ürəkli Tanrısan...
Biz Şuşadan qırılmışdıq, düşmən bizi Şüşə yerimizdən sındırmışdı, çilik-çilik eləmişdi. Düz 28 il qanımız axa-axa gəzdik, dolandıq, süründük.
Heç kəs görmədi, sən gördün.
Heç kəs bilmədi, sən bildin...
Heç kəs bilmədi ki, qanımız niyə axır. Çay kimi, su kimi şırıl-şırıl axmağını...
Şüşə yerimizdən kəsildiyimizi görmədilər...
Sən ona görə Onu bizə göndərdin. Ona görə o Nəhəngliklə, o Ürəklə göndərdin ki, Möcüzə etsin, bizi qırılan, sınan, kəsilən yerdən – Ləyaqətimizdən ayağa qaldırsın. Şuşadan ucaltsın bizi!
Çünki yalnız sən bilirdin bizim ağrımızın nə boyda olmağını, yaramızın heç qaysaq bağlamamağını, Xocalımızın zindan ağırlığında qəlbimizdən asılmağını...
Sən görürdün, sən bilirdin...
Bu gün baş verənlər Sənin, Ali Baş Komandanımızın, Qazilərimizin və Şəhidlərimzin birlikdə, bir yerdə, əl-ələ, çiyin-çiyinə qazandığı, bizə qazandırdığı Qələbədir...
Bu gün baş verənləri təsvir etməyə, ifadə etməyə söz acizdir... Nələr olmadı ki, bu gün?!
İlham Əliyev Fəxri Xiyabana getdi.
Böyük Heydər Əliyevin məzarını ziyarət etdi.
Gözəl ana Zərifə Əliyevanın qəbrini gül dəstəsi ilə bəzədi...
Sonra Şəhidlər Xiyabanına getdi. Şəhidlərimizi ziyarət etdi. Əbədi Məşəl Abidəsinin önündə sayğı duruşunda dayandı...
Heç nə, heç bir şey təsadüf deyildi. Nə gün, nə məkan, nə rəqəmlər...
Hər şey o qədər incəliyinədək dəqiqliklə hesablanmışdı ki... Atasının məzarını ziyarət edir ki, həm atasının, həm anasının ruhu şad olsun. Çünki Ata Vəsiyyətini yerinə yetirib.
Heydər Əliyev bu qədərmi böyükmüş, dahiymiş, müdrikmiş, Allah! Bir ata oğluna Şuşanımı vəsiyyət edərmiş, Şuşanımı əmanət edərmiş?!
Yadınızdadır, illər öncə demişdi ki, “mənim axıra çatdıra bilmədiyim işləri İlham Əliyev həyata keçirəcək. Ona özüm qədər inanıram”...
Necə dəqiqliklə düşünübmüş. Bu günü necə görübmüş. İlham Əliyevin gücünə, potensialına, ürəyinə necə bələdmiş, necə arxayınmış, necə inanırmış...
Bu dünyada Atalara verilən sözü tutmaqdan müqəddəs nə var ki!
Bu dünyada Atanın, Ananın ruhunu şad eləməkdən, bir Millətin qəddini düzəltməkdən gözəl nə ola bilər ki!
Sən Ürəyə bax, Allah, xalqının yaralarını necə tanıyır. Necə bilir ki, bu toplumun yaralarının dəvası Şuşadır.
Şuşanı necə tanıyır! Necə görür ki, Şuşa olmasa, hesab elə ki, heç nə yoxdur. Şuşa hər şeydir...
Bu nə Ürəkdir, Allah! Şəhidlərə hesabat verir! Bu dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş Şəhidlərimizə danışır. Xalqa məhz o yerdə Müraciət edir – Şuşa müjdəsini o yerdə verir ki, ora Şəhidlərimizin evidir, yuvasıdır – hamı orada toplanır...
Onlar Ali Baş Komandanı necə dinləyirdilər, necə alqışlayırdılar, necə sevinirdilər... görürdünüz?..
Son 30 ildə heç belə sevindikləri olmamışdı e, Allah! Bu da bir İlk idi...
Ruhları sevindirməkdən, şadlandırmaqdan müqəddəs nə var bu dünyada, o dünyada, bütün dünyalarda?! Bu hər nədirsə, İlham Əliyev, o Cəsur Ürək, dün bunu etdi...
Bütün Duaları qazandı...
Bütün Alqışları qazandı...
Bütün Sevgiləri qazandı...
Bu dünyanın, o dünyanın, bütün dünyaların Savabını qazandı...
Şuşanın duaları üstündədir...
Yaralı Xocalının duaları üstündədir...
Xanın Kəndi Onun Kəndidir!
Bu gün hər nə baş verdisə, qeyri-adidir, mistikdir, simvollara bağlıdır; əməkdir, qeyrətdir, qürurdur, şərəfdir, hər şeydir. Yüzilliklər öncə, yüzilliklər sonra əldə etdiyimiz, edəcəyimiz, sahib olacağımız, sahibləndiyimiz hər şey...
8 mayda itirmişdik – 8 noyabrda geri aldıq... Hürufdur, deyilmi? Cəmi 1 il öncə o Cəsur Ürək “Nəsimi İli”ni niyə elan etmişdi?! Niyə çağırmışdı bütün hürufiləri Azərbaycan torpağına? Nəsimidən nə istəmişdi, nə soruşmuşdu, nə öyrənmişdi?!.
Bu məmləkətdə heç nə, heç bir şey elə-belə, səbəbsiz baş vermir; məhz bu gün – noyabrın 8-də Heydər Əliyevlə Zərifə Əliyeva nigah bağlayıb-ömür gün yoldaşı olublar. Şuşa Qələbəsi, Müzəffər Ordunun Müzəffər Sərkərdəsi, Cəsur Ürək, 8 rəqəminin sirri harada başlayır, harada bitir?..
Hardan gəlirik, Allah, hara gedirik?!.
Hara gedəcəyik?!.
Uzun, incə bir Yol var önümüzdə...
Arxamızda güclü bir Ordu... Qazilərimiz, Şəhidlərimiz və... Cəsur Ürək...
Azərbaycan o Ürək boyda böyüyəcək, yüksələcək, genişlənəcək...
Hiss edirsiniz? Görürsünüz? Üfüqlərimizin genişliyini, Günəşimizin parlaqlığını, Torpaqlarımızın bütövləşməyini...
Əziz Şuşa, sən Azadsan...
Azərbaycan Şuşadan başlayır...
Hamımız Şuşadan başlayırıq...
Zəfərimiz, Zəfərlərimiz mübarək olsun...
Aynur Camalqızı \\axar.az\\