İran qonşu ölkələri hava limanlarının fəaliyyətinin dayandırılması ilə hədələyib.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai bildirib ki, ABŞ-ın sanksiyalarına qoşularaq İran təyyarələrini qəbul etməyən qonşu ölkələrin hava limanlarında da uçuşlar dayandırıla bilər.
Rzai bu barədə sentyabrın 23-də İranın dövlət televiziyasına müsahibəsində danışıb.
O bildirib ki, qonşu ölkələr İran reyslərinin qarşısını almaq məqsədilə ABŞ-ın mövqeyini dəstəkləsələr, Tehran buna sadəcə müşahidəçi kimi yanaşmayacaq.
İran rəsmisi konkret olaraq hansı tədbirlərin görüləcəyini və xəbərdarlığın hansı ölkələrə aid olduğunu açıqlamayıb.
Bu açıqlama ABŞ-ın İrana qarşı aviasiya sahəsində sanksiyaları genişləndirməsindən sonra səsləndirilib. ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, xarici hava limanlarına və aviasiya şirkətlərinə İran təyyarələrinə yanacaq doldurmaq, yerüstü xidmət göstərmək və onların reyslərinə bilet satmaq qadağan edilir. Tələbləri pozan şirkətlər ikinci dərəcəli sanksiyalarla və dollar maliyyə sisteminə çıxışdan məhrum edilməklə üzləşə bilərlər.
Məhdudiyyətlərin qüvvəyə minməsindən sonra Tehrandan Bağdad və Məsqata uçuşlar ləğv edilib. İranın aviasiya qurumları Bağdada uçuşların İraqın Nəcəf şəhərinin hava limanı vasitəsilə həyata keçirilməsi imkanını müzakirə etməyə başlayıb.
Bununla belə, İran aviaşirkətlərinin bəzi beynəlxalq reysləri davam edir. Çin, Türkiyə, Ermənistan və Birləşmiş Ərəb Əmirliklərinə ayrı-ayrı uçuşlar həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.