AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Göstəriş vermişəm, onları təltif edəcəyəm - Prezident

  • + A
  • - A
  • 11-11-2020, 18:30

    Göstəriş vermişəm, onları təltif edəcəyəm - Prezident

    Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcəkdir.

    Bu sözləri Prezident İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə deyib.

    "Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək.

    Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur. Özləri də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq.

    Ona görə bu gün, müharibə başa çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın.

    Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - Prezident bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR