AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülvi Quliyev: “Qələbəmizi təmin edən 44 gün”

  • + A
  • - A
  • 11-11-2020, 19:32


    “44 günlük Vətən müharibəsi danışıqların 30 ilə yaxın müddətə uzanmasının səbəblərinə,ermənilərin imitasiya oyunlarına nədən göz yumulduğuna, bu illərin ermənilərlə yanaşı, daha kimlərin marağına xidmət etdiyinə aydınlıq gətirdi. Hər birimiz onun şahidi olduq ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrasının təmin edilməsində ermənilərlə yanaşı, çoxları maraqlı deyildi. Təəssüf ki, bu mənzərə gözlərimiz önündə cərəyan edən acı reallıq idi. Başqa sözlə, 44 günlük Vətən müharibəsi olmasaydı, həmin qətnamələr uzun onilliklər ərzində bundan sonra da kağız üzərində qalacaqdı. Xalqımızı gözləyən ümidsiz və əlacsız görünən perspektiv yalnız bundan ibarət idi”.

    Bu fikir Milli Məclisin deputatı Ülvi Quliyevə aiddir. 

    Millət vəkili bildirib ki, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu BMT və vasitəçi dövlətlərin əvəzinə, bu qətnamələrin icrasını, tarixi ədaləti və beynəlxalq hüququ faktiki təkbaşına təmin etdi.

    Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyən Ü.Quliyev əlavə edib:

    “44 günlük Vətən müharibəsi dövründə dövlətimizin başçısı  dəfələrlə xalqımıza müraciət etdi. Bu müraciətlər şəxsən mənim hafizəmə həm də onunla həkk olundu ki, cənab Prezident hər dəfə öz xalqı ilə, hər birimizlə açıq və səmimi danışdı, o cümlədən hərbi uğurlara dövlətimizin hansı xarici siyasi təzyiqlər altında imza atdığını açıq şəkildə bəyan etdi.

    Həmin təzyiqlərin gəldiyi siyasi ünvanların dəstəyi erməniləri şirnikləndirib, daha da azğınlaşdırmışdı. Düşmən öz xoşu ilə bir qarış torpağımızı da qaytarmaq fikrində deyildi. Çünki dəmir yumruğun, qətiyyətli Lider iradəsinin və ümumxalq birliyinin hansı güc demək olduğunu indiyədək görməmişdi.

    Hər birimiz əyani şəkildə onun da şahidi olduq ki, informasiya savaşında belə, düşmən tək deyil. Haqq, ədalət və beynəlxalq hüquq tərəfimizdə ola-ola, hətta demokratik dünyanı təmsil edən media qurumlarının əksəriyyəti işğalçı Ermənistana informasiya dəstəyi göstərir və ermənilərdən məzlum, təqib olunan, guya öz torpağından qovulan toplum imici formalaşdırırdı.

    44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, düşmənin silahlı birləşmələri qarşısında cənab İlham Əliyevin sərkərdəsi olduğu güclü Azərbaycan Ordusu dayandığı kimi, informasiya savaşının önündə dayanan və haqq sözümüzü qətiyyətlə dünyaya çatdıran da Prezidentimizin şəxsən özü oldu”.

    Millət vəkili qeyd edib ki, yaşadığımız bu böyük tarix Prezident İlham Əliyevin siyasi iradəsinin, ordu quruculuğuna bu illər ərzində sərf etdiyi gərgin əməyin və qəlblərdə vətənpərvərlik ruhunun yaşadılmasının nəticəsidir:

    “Tarixi uğurumuz Azərbaycan dövlətinin ortaya qoyduğu hərbi gücün, Prezident və Xalq birliyinin, ümummilli məsələlərdə birləşə bilməyimizin və qardaş Türkiyənin, eləcə də digər dost ölkələrin göstərdikləri siyasi-mənəvi dəstəyin nəticəsidir.

    30 ildən sonra əhalimizin onda biri öz Vətənində məcburi köçkün vəziyyətində yaşamağın mənəvi acısından  xilas olur. İnsanlarımızın tarixi torpaqlarımıza bu torpaqların əsl sahibi kimi qayıda bilmək, öz elində-obasında yaşamaq, dədə-baba qəbrlərini ziyarət etmək kimi xəyalları gerçəkləşir.

    Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirmək kimi tarixi bir addıma şahidlik edirik. Bu, təkcə ölkəmizin deyil, bütövlükdə Türk dünyasının zəfəridir, region dövlətlərinin maraqlarının məhz Azərbaycan üzərində təmərküzləşdirilməsi deməkdir. Prezident İlham Əliyev noyabrın 10-da Rusiya Prezidenti Vladimir Putinlə  videoformat görüşünün dördüncü dəqiqəsində açıq şəkildə bəyan etdi ki, Türkiyənin bundan sonra münaqişə zonasına nəzarətdə iştirakı mütləqdir.

    Qardaş Türkiyənin yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərlərinin son bir həftə ərzində daha intensiv xarakter aldığını hər birimizin müşahidə etmək imkanı var. Dünyanın türkfobiya, islamofobiya xəstəliyinə tutulduğu bir zamanda, müşahidə etdiyimiz bu səfərlərin arxasında baş verənlərin dilə gətirilməməsinə hörmət və anlayışla yanaşmağı, münasibətlərimizi ,əldə olunan tarixi zəfər və birliyimizi kənar təhdidlərdən qorumağı, nəhayət ki, bacarmalıyıq.

    Gəlin, məğlub etdiyimiz Ermənistanda yaşanan məğlub olunmuşların ab-havasından, bir-birilərini aşağılayıb  təhqir etmə səhnələrindən zövq alaq, haqq etdiyimiz Qələbənin dadını çıxaraq.

    28 ildən sonra, qalib Xalq olaraq Şuşa ucalığında duruşumuzla, Milli Qürur hissimizi qorumağımızla fəxr etməyə,qürur duymağa haqqımız var. Bu hissi bizə yaşadan Ali Baş Komandanımıza və Ordumuza, Azərbaycan Xalqına, Azərbaycanı sevənlərə və ona xidmət edənlərə eşq olsun!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR