Ağdamın azad edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-diplomatik yolla həllində növbəti addımdır
1993-cü ilin iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Ağdam rayonu 2020-ci il noyabrın 20-də azad edildi. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin noyabrın 10-da imzaladığı birgə bəyanatın şərtləri əsasında Ermənistan ordusu Ağdam rayonunu Azərbaycana təhvil verdi. Ağdamın azad edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-diplomatik yolla həllində növbəti addım oldu. İşğal altında olan Kəlbəcər və Laçın rayonları razılaşma əsasında dekabrın 1-nə kimi təhvil veriləcək. Bu, bizim böyük qələbəmizdir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat bildirib ki, Şuşa Qarabağın mədəniyyət, sahəsi 1150 kvadratkilometr olan Ağdam isə iqtisadi mərkəzi idi. Qarabağın mərkəzində yerləşən Ağdamın 77,4 faizi, o cümlədən 1 şəhər və 80 kəndi ermənilər tərəfindən işğal edilmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Hazırda bu tikililərin hər biri erməni vandalizminə məruz qalıb. Ağdamdakı evlər sökülüb və yerində istehkamlar tikilib. İşğal nəticəsində Ağdama təxminən 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Müşfiq Cəfərov diqqətə çatdırıb ki, təkcə Ağdamda deyil, işğal altında olan digər ərazilərimizdəki tarixi-mədəni abidələr, tikililərdə dağıdılaraq yerlə-yeksan edilib. “Tikintilərin və abidələrin dağıdılmasında əsas məqsəd azərbaycanlıların geri qayıtmasını çətinləşdirmək olub. Lakin düşmən buna nail olmadı, azərbaycanlıların qəlbindəki vətən sevgisini nəzərə almayan düşmən məqsədinə çata bilmədi. Bizim Ordumuz işğala son qoydu və biz Vətənimizə qayıtdıq. Ermənistan azərbaycanlıların evlərini, abidələrini söküb istehkamlar tikərək işğalı əbədiləşdirməyə çalışırdılar”, - deyən deputat bildirib ki, Azərbaycan dövləti dağıdılan bütün kommunikasiyaları bərpa edəcək və regionu yenidən dirçəldəcək. Qafqazda sabit, rahat gediş-gəliş bərpa olunacaq. Hazırda “Ruhlar şəhəri” olan Ağdam yenidən inkişaf edəcək və regionun gözəl məkanlarından birinə çevriləcək. Artıq Ağdamın həyatında yeni mərhələ başlayır.