AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni illə bağlı əfv gözləntisi - “Həbsxanalarda məhbuslardan ərizələr alınır”

  • + A
  • - A
  • 18-12-2020, 11:45

    Yeni illə bağlı əfv gözləntisi - “Həbsxanalarda məhbuslardan ərizələr alınır”


    31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına az müddət qalır. Hər keçən gün bayramla əlaqədar əfv sərəncamının verilib-verilməyəcəyi barədə müzakirələr qızışır. Azərbaycanın 44 günlük Vətən müharibəsindəki böyük qələbəsindən sonra belə bir sərəncamın imzalanacağına olan ümidlər daha da artıb. Amma bunun üzümüzə gələn önəmli tarixi günlərdən hansı ilə bağlı veriləcəyi məlum deyil.

    Doğrudur, hazırda Əfv Komissiyasının iclasları keçirilmir. Əgər videokonfrans formatında olsa belə iclaslar keçirilsəydi, ictimaiyyət bundan xəbər tutardı. Bu işlə fəal məşğul olan hüquq-müdafiə təşkilatlarının da fəaliyyətində passivlik yaşanır. Bütün bunlar da daha çox sentyabrın 27-dən noyabrın 10-na qədər işğal altındakı ərazilərimizi azad etmək üçün apardığımız II Qarabağ savaşı ilə əlaqələndirilir. Lakin iclasların keçirilməməsinin əfvin olmayacağı anlamına gəlmədiyi vurğulanır və bu da daha çox onunla əsaslandırılır ki, əfv sərəncamı vermək ölkə Prezidentinin müstəsna səlahiyyətləri sırasına daxildir.

    Eyni zamanda, Azərbaycan həbsxanalarında siyasi məhbusların qalıb-qalmadığı da gedən müzakirələrin əsaslarından birini təşkil etməkdədir. Bu da səbəbsiz deyil. Belə ki, cari il ərzində siyasi motivli çoxsaylı məhbuslar azadlıq həsrətlərinə son qoyublar. Son olaraq, bu ilin iyulunda Tovuz müharibəsi zamanı Milli Məclisə daxil olaraq təxribatlar törədən şəxslər ötən ay azad olundular ki, onların da tam əksəriyyətini AXCP-çilər təşkil edirdilər.

    Əfv Komissiyasının üzvü, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa əfvin olmasını mümkün sayır: “Bu barədə hələ ki bilgim yoxdur. Komissiyanın iclasları keçirilməyib. Amma ehtimalıma görə bu nəzərdə tutulmalıdır. Çünki bu ərəfədə qələbəmizin qeyd olunması, onun cəmiyyətdə dəyərini artırmaq üçün belə bir qərarı vermək mütləq lazımdır. Amma hələ ki, konkret bir məlumatımız yoxdur. Ümid edək ki, yaxın günlərdə bilgilərimiz olacaq. Pandemiyaya, müharibədən sonrakı proseslərə görə obyektiv səbəbdən ölkədə bütün sahələrdə problemlər yaşanır. Çox güman ki, bir şeylər düşünülür. Yəqin ki, Amnistiya Aktı gec olar. Çünki indiki vəziyyətdə bunu qısa müddətdə hazırlamaq çox çətindir. Amma əfvin olması mümkündür. Çünki əfvin sənədləri uzun müddətdir yığılır. Qısa müddətdə bu məsələyə baxıla bilər”.

    Deputat Azərbaycanda siyasi məhbusların olub-olmadığı yönündə gedən müzakirələrə də toxundu: “Ötən ay 21 nəfər məlum qərarla azadlığa buraxıldı. Amma onlar siyasi məhbus deyildilər. Müharibədəki qələbəni qeyd etmək bir tərəfə durub, sən Milli Məclisə girib təxribatda iştirak edirsən, hansısa formada çağırışlar səsləndirirsən. Belə hallar siyasi məhbus kateqoriyasına girmir. Amma bütün bunlara baxmayaraq ötən ay jestlər olundu. Hesab edirəm ki, hakimiyyət haqlı olaraq jest etdi ki, bütün bəhanələr kəsilsin. Bu istiqamətdə də lazımi addımlarını atdı. Əgər kiminləsə bağlı da bu cür hallar varsa, onun barəsində də belə addım atmaq olar. Amma bildiyim qədəri ilə bu sahədə belə bir hal yoxdur. Lakin Milli Məclisə daxil olanlardan həbsxanada qalanlar var. Məsələn, Siyavuş Mustafayev və başqaları. Məncə, bunları da azadlığa buraxmaq lazımdır. Çünki qələbədən sonra insanlar emosional duyğularla hərəkət ediblər. Amma bunu uzanan bir prosesə çevirmək lazım deyil. Çünki hamı qələbəyə sevinir. Bu səbəbdən belə bir jest etmək çox yaxşı olardı, xüsusilə Siyavuş Mustafayevin azadlığa çıxması. Çünki o da torpaqların azad olunması üçün mübarizə aparıb. Ona görə də bunlar nəzərə alınmalıdır”.

    İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu: “Biz son aylarda da bu istiqamətdə fəaliyyətimizi davam etdirmişik. Hətta müharibə dövründə müraciət etmişdik ki, müharibəyə getmək üçün bəzi məhbusların azad olunması mümkündür. Sağ olsun, Ombudsman da belə bir təşəbbüs qaldırdı və bir növ bizim təşəbbüsə dəstək verdi. Bunun nəticəsində bizim siyahıdan olmasa da, Tərtər işi bağlı həbsdə olan hərbçilər var idi, onlardan azad olunanlar oldu. Onu da qeyd etmişdik ki, müharibədən sonra çox yaxşı olar ki, siyasi motivlərlə həbsdə olanlar azad edilsinlər. Bununla bütün dünyaya göstərə bilərik ki, bu məsələləri həll etməyi özümüz bacarırıq. Belə məlumat eşitmişik ki, Yeni illə bağlı əfv ola bilər. Amnistiya Aktını gərək Milli Məclis qəbul etsin. Böyük Amnistiya Aktının, əfv sərəncamının olması mümkündür. Çünki eşidirik ki, həbsxanalarda məhbuslardan ərizələr alınır. Prezident Administrasiyası ilə əlaqə saxlayırıq. Bu istiqamətdə işlər gedir. Biz siyahılar göndərmişik. İstəyərdik ki, siyasi motivlə təqdim olunan məhbusların hamısı buraxılsın. AXCP-çi Saleh Rüstəmlinin, hüquq müdafiəçisi Elçin Məmmədovun azad olunmasını çox istəyirəm. Jurnalist Əfqan Sadıqlı var, o da azad edilsə, çox yaxşı olardı. Bundan başqa, OMON-çuların müharibədəki qələbəmizlə əlaqədar azad olunması sevindirici olardı. ”Qaranquşlar" bilmirəm nə ediblər, sözün düzü, işləri ilə yaxından maraqlanmamışıq. Amma onlarla bağlı bizə müraciətlər çox olur. Onlar da azad olunsalar, çox yaxşı olardı. Şəmsi Səmədzadə var, illərdir heç nədən ömürlük cəza çəkir. Onun azad olunmasının nəyi pis olar? Bu qələbəmiz Azərbaycanımızın bütöv bayramıdır. Öz problemimizi bu bayramla əlaqədar həll etməliyik".

    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR