Şanlı Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı bu il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları noyabrın 10-da böyük Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi ilə başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev, demək olar ki, azad edilmiş hər yeni şəhər və kəndlərimiz haqqında ictimaiyyətə məlumat verdi. Eyni zamanda, dövlət başçısı davam edən müharibə ilə bağlı beynəlxalq səviyyədə geniş təbliğat işini də böyük uğurla apardı. İndi son günlərini yaşayan 2020-ci ilin əsas yekunları haqqında danışarkən bunları qeyd etməmək mümkün deyil.
Həmsöhbətimiz Milli Məclisin deputatı İqbal Məmmədov da bu istiqamətdə Prezident İlham Əliyevin müstəsna xidmətləri olduğunu bildirdi:
– Biz əks-hücum əməliyyatlarının getdiyi bütün 44 gün ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevi daim iş başında, ciddi siyasi və diplomatik fəaliyyətdə gördük. Bu da təsadüfi deyildi. Çünki Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə qədər işğal altında saxlamasının, aparılmış danışıqların, eləcə də digər məsələlərin mahiyyəti ilə bağlı ölkədə ən məlumatlı insan məhz Prezident idi və bütün xarici media mənsublarına müsahibələri də əsasən o verirdi. Hətta bəzən iş o həddə çatırdı ki, dövlət başçısı Azərbaycanın milli maraqları, köklü mənafeləri ilə bağlı böyük dövlətlərin ikili standartlar siyasətini tənqid etməkdən, bu barədə xarici KİV təmsilçiləri ilə mübahisədən və yeri gəldikcə onları məzəmmət etməkdən belə çəkinmirdi.
Məsələn, Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində, ilk nöbvədə, müxbirin ikibaşlı sualına dəqiqlik gətirərək bildirirdi ki, əslində, Azərbaycan Dağlıq Qarabağa qarşı hücuma keçməyib, əvvəlcə Ermənistan Azərbaycana hücum edib. Bu hücumun ilk saatlarında isə Azərbaycanın mülki şəxsləri və hərbi qulluqçuları həlak olublar. Bu, son üç ay müddətində Ermənistanın Azərbaycana qarşı üçüncü hərbi təxribatı olub. Birinci təxribat Qarabağdan uzaqda, Ermənistan–Azərbaycan sərhədində (Tovuz rayonunda) baş verib. Onlar Azərbaycanın Ermənistanla sərhədinin bir neçə kilometrliyindən keçən strateji enerji infrastrukturu üzərində nəzarəti ələ keçirmək istəyiblər. İlham Əliyev deyib: “Yəqin, sizin də bildiyiniz kimi, Trans–Adriatik boru kəməri demək olar ki, tamamlanıb. Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyi layihəsidir. Hesab edirik ki, Ermənistanın məqsədlərindən biri bu boru kəməri üzərində nəzarəti ələ keçirmək və bizi, ola bilsin, Avropa istehlakçılarını şantaj etmək idi”.
Amma terrorçu Ermənistan məqsədinə çata bilməyib. Mütəşəkkil Azərbaycan Ordusu onlara ciddi cavab verib, erməni ordusu geri çəkilməyə məcbur olub. Ermənistanın sonrakı təxribat cəhdləri də uğursuz olub. Nəticədə, Azərbaycan Ordusu beynəlxalq səviyyədə tanınmış ərazilərini azad edib. Prezident sübut edirdi ki, Azərbaycan bir qarış torpağını belə kiməsə verməyə hazırlaşmır. BMT Təhlükəsizlik Şurasının az qala 30 ildən bəri kağız üzərində qalmış 4 qətnaməsi şanlı orduzumuz tərəfindən icra edilib. Amma bizə dəfələrlə deyilib ki, bu qətnamələrin icra mexanizmi yoxdur. Nəhayət ki, icra müxanizmini Azərbaycan özü tapıb.
Keçən ilin son aylarında Azərbaycan Prezidenti çoxlu müsahibələr verərək Azərbaycanın haqq işini dünyaya yaydı. “İnterfaks”a müsahibəsində o, təsdiq edirdi ki, hazırda Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq mövcuddur. Bu isə regionda təhlükəsizliyin möhkəmləndirilməsində mühüm bazadır. Ermənistanın da bu proseslərə qoşulmasının mümkünlüyünə toxunan Prezident İlham Əliyev deyib: “Ermənistan bundan sonra da Qafqazın bədənində yad cisim kimi qalmamalıdır. Ermənistan buraya onsuz da hamıdan sonra gəlib və erməni dövləti onlara tarixən heç vaxt məxsus olmadıqları torpaqlarda süni şəkildə yaradılıb”.
Prezident İlham Əliyev Almaniya, Rusiya, Türkiyə, eləcə də digər ölkələrin telekanallarına çoxsaylı müsahibələrində Azərbaycanın milli maraqlarını cəsarətlə müdafiə edib. Öz çıxışlarında dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda ədavətə son qoyulmasında və normal, işgüzar münasibətlər qurulmasında maraqlıdır. Onun sözlərinə görə, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Biz erməni xalqına qarşı etnik təmizləmə aparmamışıq, əksinə, onlar bizə qarşı belə bir siyasət aparıblar. Biz onların tarixi abidələrini dağıtmamışıq, əksinə, qoruyuruq, bərpa edirik. Amma ermənilər özlərindən uydurduqları tarixi düşmənçilik ideyalarının əsiri olublar.
Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirdi ki, Sovet İttifaqı Almaniya ilə müharibə zamanı on milyonlarla insan itirib, 10 il, 20 il keçəndən sonra artıq barışıq olub. İndi Rusiya ilə Almaniya arasındakı münasibətlər normal inkişaf edir. Fransa İtaliya ilə nə qədər müharibə aparıb. Almaniya ilə Fransa arasında müharibələr baş verib: “Hansı ölkənin xalqı bu nifrəti öz ürəyində yaşadır, bunu, necə deyərlər, alovlandırır? Bax, budur, Ermənistanı bu günə salan. Onlar bütün öz bəlalarında özləri günahkardır. Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”
Təbii ki, bunlar Prezidentin ötənilki genişmiqyaslı fəaliyyətinin az bir hissəsidir. Onun fəaliyyətinin ən mühüm yekunu isə böyük və tarixi Qələbimizdir ki, bu barədə hələ yüz illərlə danışacaqlar, yazacaqlar...
Söhbəti yazdı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”