AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağdakı faydalı qazıntı yataqları xarici investisiya cəlbinin əsas şərti olacaq

  • + A
  • - A
  • 30-12-2020, 17:07



    Azərbaycanın erməni işğalından azad olunan ərazilərindəki faydalı qazıntı yataqları o torpaqlara xarici investisiya cəlbinin əsas şərti, xarici ölkə maraqlarının özəyi olacaqdır.

    Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

    İşğal olunmuş ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 163 müxtəlif növ faydalı qazıntı yatağının olduğunu vurğulayan ekspert qeyd edib ki, bu yataqların hər biri Azərbaycan iqtisadiyyatının inkişafında böyük rola sahib olacaqlar.


    E.Əmirov əlavə edib ki, hətta buradakı civə tullantıları belə gəlir gətirmək potensialına malikdir. Belə ki, hələ işğaldan azad edilməmiş ərazilərmizdə ötən ildən başlayaraq “AzerGold” QSC “Çovdar” yatağından çıxarılan filizin tərkibində qızıl və gümüşlə yanaşı, əldə edilən tullantı civənin ixracına başlayıb. Belə ki, istehsalat nəticəsində yaranan civənin satışı məqsədilə ilk olaraq yerli bazar araşdırılmış və Sinqapurun “Asia Mercury” şirkəti ilə müqavilə imzalanmışdır.

    Nəticədə “AzerGold” QSC Çovdar filiz emalı sahəsində istehsalat prosesi zamanı tullantı qismində yaranan 1163 kiloqram həcmində civə partiyasını Sinqapura uğurla ixrac edərək, həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verib, həm də 40 000 manata yaxın məbləğdə mənfəət əldə etmiş oldu. Başqa sözlə tullantı civənin hər kiloqramından bütün xərclər çıxılandan sonra 34,4 manat mənfəət əldə edilib. Faydalı qazıntı yataqlarının tullantısının belə gəlir gətirdiyini nəzərə alsaq, böyük qızıl və digər yataqların gətirə biləcəyi faydanı təsəvvür etmək çətin deyil:

    “İndi təsəvvür edin ki, bizim orada 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları, 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yatağımız var. Milyon tonlarla qurğuşun, yüz tonlarla qızıl, 10 milyon tonlarla sink və s. ehtiyatların həcmini düşündükdə buranın iqtisadi potensialını anlamaq olur. Bir əlavə edim ki, işğaldan azad edilmiş ərazilərimizdə olan faydalı qazıntı yataqlarının Azərbaycan iqtisadiyyatına gətirəcəyi fayda haqqında danışarkən, onun dəyər ifadəsində gətirdiyi fayda ilə kifayətlənmək olmaz. Belə ki, bu yataqlar, bu sərvətlər həm də o ərazilərdə məskunlaşacaq insanların iş yerlərinin əsası deməkdir. Bundan əlavə, adıçəkilən faydalı qazıntı yataqları o torpaqlara xarici investisiya cəlbinin əsas şərti, xarici ölkə maraqlarının özəyi olacaqdır. Buna görə də bu 163 yatağın ölkə iqtisadiyyatına verəcəyi ikinci dərəcəli faydalar, heç də birinci dərəcəli faydadan (dəyər ifadəsində olan iqtisadi potensial) geri qalmır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR