Son günlər Azərbaycanda benzinin və dizelin bahalaşması sosial şəbəkələrdə böyük müzakirələrə yol açıb.
AzadMedia.az xəbər verir ki, yazılanlara görə, yanacağın bahalaşması bir çox məhsulların, xüsusən də çörəyin qiymətində artıma səbəb olacaq.
Çünki yanacağın bahalaşması birbaşa olmasa da, dolayı yolla sahibkarların əlavə xərcə düşməsinə səbəb olur. Yəni istehsal olunan çörəyin və ya digər məhsulun daşınması üçün çəkilən xərclər istər-istəməz artır. Bununla da, sahibkar məcbur olacaq ki, istehlakçıya satdığı çörəyin qiymətini ya bahalaşdırsın, yaxud da onun çəkisini azaltsın.
Çörəyin çəkisinin azalması da dolayı yolla məhsulun qiymətinin artırılması deməkdir.
Qeyd edək ki, çörək strateji məhsul olduğu üçün dövlət nəzarətindədir. Lakin onun qiyməti Tarif (qiymət) Şurası tərəfindən tənzimlənmir.
Bəs ölkədə nəzarətdə olan məhsul və xidmətlərdən hansı bahalaşacaq?
Suala cavab öyrənmək üçün Tarif (qiymət) Şurası ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymətində bahalaşma nəzərdə tutulmayıb. "Bu barədə hələlik müzakirə aparılmır”, - deyə qurumdan bildirildi.
Xatırladaq ki, Tarif (qiymət) Şurası tərəfindən aşağıdakı xidmət və məhsulların qiyməti tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri
Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri
İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər
Universal poçt rabitəsi xidmətlərinin tarifləri
Rabitə xidmətlərinin tarifləri
Elektrik enerjisinin tarifləri
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri
Neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri
Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri
Hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tarifləri
"Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tarifləri
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tarifləri
Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən Daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tarifləri
Baş Dövlət Yol Polisi İdarəsinin tarifləri
Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tarifləri
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.