AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ülvi Quliyev: Verilən ismarıclar və müəyyən olunan prioritetlər

  • + A
  • - A
  • 3-02-2021, 14:11


    Milli Məclisin deputatı Ülvi Quliyev Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində toxunduğu məsələlərlə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

    -Prezident İlham Əliyev fevralın 1-də Azərbaycan Televiziyasına müsahibə verdi. Sirr deyil ki, əksər hallarda dövlət başçıları bu cür müsahibələrdə cəmiyyətə və xarici auditoriyaya zəruri hesab etdikləri icmarıclarını verirlər. Prezidentin cəmiyyətimizə çatdırmaq istədiyi ismarıclar nədən ibarət idi?

    -Əvvəla, gəlin ondan başlayaq ki, həmin müsahibə verildiyi gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Abşeron və Yasamal rayonlarında bir sıra sosial obyektlərin, o cümlədən Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa olunan binasının açılışında iştirak etdilər. Bununla cəmiyyətimizə verilən ilk ismarıc ondan ibarət oldu ki, müharibədən sonra həyat dinc axarına qayıdır və Qələbənin doğurduğu yeni reallıqda da sosialyönümlü layihələr dövlətimiz üçün prioritet təşkil edir. Bu, region ölkələrinə, ilk növbədə, Ermənistana da ünvanlanan sivil davranış nümunəsidir. Tarixən belə olub ki, müharibədən sonra əksər dövlətlərin bu cür sosial layihələrə başlaması uzun illər tələb edib. Dövlətimizin başçısı əyani şəkildə nümayiş etdirdi ki, Vətən müharibəsi və COVID-19 pandemiyası ilə bağlı böyük maliyyə məsrəflərinə baxmayaraq, ölkəmizin iqtisadi dayaqları kifayət qədər möhkəmdir və sosial layihələrə başlamaq üçün uzun zamana ehtiyac hiss etmir. Məlumdur ki, sosial layihələrin mərkəzində insan amili, vətəndaşa xidmət məramı dayanır. Verilən ismarıc həm də o deməkdir ki, yeni mərhələdə də məhz bu məram hakimiyyət üçün öncüllük təşkil edəcək. Yeri gəlmişkən, o da təsadüfi deyil ki, Prezidentin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında 2 fevral tarixli Sərəncamı daha qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin qurulmasını hədəfləyir.

    Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində yer alan icmarıclar da konkret və ünvanlıdır. Bunların arasında cəmiyyətimizin məlumatlandırılması və istiqamətləndirilməsi ilə bağlı olanlar da var, beynəlxalq münasibətlərin xarici subyektlərinə ünvanlananlar da. Cəmiyyətimizə çatdırıldı ki, vətəndaşların həyat və sağlamlığı, gənc nəslin təhsili ilə bağlı məsələlər hökumətin əsas vəzifələri siyahısında bundan sonra da öndə olacaq. Təəssüf hissi ilə o da bildirildi ki, bəzən səhiyyə və sağlamlıq kimi həssas məsələlərdə belə, dünya miqyasında ikili standartlara, ayrı-seçkiliyə yol verilir. Bu, xüsusən COVID-19-la mübarizə və müalicə sahəsinə aiddir. Prezident İlham Əliyev bu sahədə haqq və ədalət məsələsini xüsusi olaraq qabartdı: ”Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm”. Dövlətimizin başçısı həmin fikirləri bildirməklə dünyada bu sahədə hökm sürən ədalətsizliyə qarşı öz etirazını ictimai şəkildə ifadə etdi, eyni zamanda, dünya birliyini həmrəyliyə çağırdı. Cəmiyyət olaraq bizlər üçün bu çağırış əslində o deməkdir ki, 30 ilə yaxın müddətdə danışıqlar masasında gördüyümüz haqsızlığı və ikiüzlü oyunları öz gücümüzlə dəf etməsəydik, ikili standartlarla daha çox üzləşməli və daha ağır mənəvi iztirablar çəkməli olacaqdıq. Bu cür haqsızlıqların və ədalətsizliyin qarşısında duruş gətirə bilməyimiz üçün isə milli prioritetlərimizlə bağlı Prezidentin Sərəncamında qeyd olunduğu kimi, hədəfimiz daha qüdrətli dövlət qurmaqdır.

    -Yeri gəlmişkən, milli prioritetlərlə bağlı Sərəncamda nailiyyətlərin qazanılmasında və qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində islahatların rolu xüsusi qeyd edilir. Bununla bağlı fikrini bilmək istərdik.

    -Hər birimiz şahidiyik ki, ölkəmizdə islahatlar xeyli vaxtdır həyata keçirilir və bu islahatların uğurlu nəticələrini də görürük. Məqsədyönlü sosial-iqtisadi islahatlar iqtisadiyyatımızın güclənməsini və müasirləşməsini təmin edib. Bu islahatlar hesabına ölkəmizin sosial-iqtisadi potensialı artıb. Eyni zamanda, ölkəmizdə ciddi struktur islahatları həyata keçirilir. Bütün bunlar sistemli islahat konsepsiyasının tərkib hissəsidir. Elə bu səbəbdən, milli prioritetlərimizlə bağlı Sərəncamda da qeyd olunur ki, “Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postmünaqişə dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir”. Sistemli və davamlı islahatların qarşıdakı illərdə yeni imkanlar yaradacağına əminik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR