AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İstedadlı gənclərə dövlət qayğısı

  • + A
  • - A
  • 4-02-2021, 08:33


    AzadMedia.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Hər il 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif sahələrdə uğur qazanmış gənclərimiz dövlət başçısı tərəfindən mükafatlandırılır. Gənclərin fəaliyyətinə verilən yüksək qiymət onları daha səylə çalışmağa, yeni uğurlar qazanmağa sövq edir.

    Bu gün dövlətin diqqət və qayğısı Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özünü təsdiq etməsinə, tanınmasına münbit şərait yaradır. Hazırda istedadlı gənclərimizin sorağı yaxın-uzaq ölkələrdən gəlir. Onlar ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edirlər.

    Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər Gənclər üçün Prezident mükafatlarına layiq görülüb.

    Mədəniyyət nominasiyası üzrə mükafatçılar sırasında Əhmədov Ramil Bayram oğlu (Ramil Əhməd) və Qarayev Atəş İbrahim oğlu da yer alıb.

    Mükafatçılarımızı yaxından tanıyaq:

    Atəş Qarayev 1993-cü ildə Bakı şəhərində anadan olub. Bakı şəhərindəki Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq incəsənət məktəbində və paytaxtda fəaliyyət göstərən Şuşa Musiqi Kollecində təhsil alıb. 2014-cü ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olub. 2017-2019-cu illərdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı solisti olub. 2015-ci ildə Sankt-Peterburqda keçirilən opera ifaçılarının 7-ci beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görülüb. 2017-ci ildə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Musiqili Teatr tərəfindən “Mövsümün debütü” diplomu ilə təltif olunub.

    Atəş Qarayev Beynəlxalq Muğam Mərkəzi, Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 132 illiyi və Milli musiqi günü münasibətilə keçirilən “Canlı xatirə” adlı konsertdə uğurlu çıxışına görə təşəkkürnamə ilə təltif edilib. 2018-ci ildə Moskvada Yelena Obraztsova Fondu tərəfindən təşkil olunan “Xose Karreras Qran-pri” tenorlar müsabiqəsində iştirak edib və finalına yüksəlib. 2019-cu ildə Rusiyanın “Bolşoy teatr”ının gənclər truppasının ilk azərbaycanlı solisti olub.

    Atəş Qarayev xalqımıza şanlı Qələbə sevinci yaşadan 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib.

    * * *

    Daha bir mükafatçımız Ramil Əhmədov 1994-cü ildə Bərdədə anadan olub. 2011-ci ildə Şuşa rayon 2 saylı orta məktəbini bitirib, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Buradan məzun olduqdan sonra 2015-2018-ci illərdə Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin Türk dili və ədəbiyyatı fakültəsinin magistr pilləsində təhsil alıb. 2018-ci ildə İstanbul Universitetinin yeni türk ədəbiyyatı ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub.

    Bədii yaradıcılıqla da məşğul olan Ramil Əhməd Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan 2013-2015-ci illərdə fəaliyyət göstərmiş “Gənc ədiblər məktəbi”nin məzunudur. 2015-ci ildə “Zaman tuneli” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitab həmçinin 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə türk dilində nəşr olunub. 2018-ci ildə müəllifin “İki şəhərin yazıları” adlı esselər kitabı çapdan çıxıb. Gənc yazar həmçinin ötən il Mədəniyyət Nazirliyinin Vətən müharibəsi zamanı elan etdiyi vətənvərpərlik mövzusunda ədəbi yaradıcılıq müsabiqəsində qalib olub.

    AYB-nin üzvü olan Ramil Əhməd yaradıcılıq uğurlarına görə 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb, 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib.

    Bütün mükafatçıları təbrik edir, yeni uğurlar arzulayırıq.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR