Lənkəran rayon sakini özünüməşğulluq proqramından yararlana bilmədiyini bildirir.
Boladi kənd sakini Fətullazadə Üzeyir Hüseynağa oğlu iddia edir ki, proqram üçün Lənkəran rayon 15 saylı ərazi üzrə məşğulluq mərkəzinə müraciət etsə də, onun müraciətləri cavabsız qalıb:
“Qurumun direktoru Əlizamin Mustafayev məni mərkəzin “qara siyahısı”na salıb. İşsiz olmağıma baxmayaraq, 2018-ci ildən bu günə qədər mənə əsassız olaraq cavablar yazılıb və məni mərkəzdən təcrid ediblər. Mərkəzdə işsiz kimi qeydiyyata alındığım vaxtdan bu günə qədər heç bir iş təklifi edilməyib.
Sonuncu müraciətimdə Əlizamin Mustafayevə bildirdim ki, mənə heç olmasa, özünüməşğulluq üçün mal qara verilsin. Müraciətimə heç bir cavab verilməyib”.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq.
Agentlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Lənkəran rayonu Boladi kənd sakini Fətullazadə Üzeyir Hüseynağa oğlunun müraciətində 2018-ci ildən 15 saylı ƏMM-nin direktoru Əlzamin Mustafayevin onu get-gələ saldığını iddia etməsi əsassızdır:
“Ə.Mustafayev 2020-ci ilin iyul ayından 15 saylı ərazi üzrə məşğulluq mərkəzinin direktoru olaraq çalışır. Eyni zamanda bildiririk ki, Ü.Fətullazadə ilə 11 fevral 2021-ci il tarixində əlaqə saxlanılıb və söhbət zamanı məlum olub ki, vətəndaş iribuynuzlu heyvandarlıq zərfi üzrə özünüməşğulluq proqramından yararlanmaq istəyir.
Ü.Fətullazadə 12 fevral 2021-ci il tarixində 15 saylı ərazi üzrə məşğulluq mərkəzində qəbul edilib. Vətəndaşa 14 aprel 2020-ci il tarixindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alındığı bildirilərək, Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli 168 nomrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”na uyğun olaraq hüququ müəyyən edilərsə, proqrama növbəlilik əsasında cəlb ediləcəyi barədə müvafiq izahatlar verilib”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.