AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Ermənistan minalı ərazilərin xəritəsini Azərbaycana verməyə məcbur olacaq”

  • + A
  • - A
  • 22-02-2021, 15:06



    “Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə Ermənistanın işğalına son qoyub. Düşmən tapdağından azad olunan ərazilərdəki vəziyyət isə ermənilərin vəhşiliyini, barbarlığını bütün dünyaya nümayiş etdirdi. Ermənistanın işğal dövründə törətdiyi insanlıq əleyhinə cinayətlərdən biri də həmin əraziləri minalamasıdır. İndi isə minalı ərazilərin xəritəsini Azərbaycana verməməklə hələ də destruktiv mövqeyindən əl çəkmədiyini ortaya qoyur. Bu onu göstərir ki, Yerevanda hakimiyyətdə olanlar hələ­ də islah olunmayıblar”.

    Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

    O vurğulayıb ki, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyan müharibə bölgədə yeni geosiyasi və iqtisadi vəziyyət yaradıb. Ü.Quliyevin fikrincə, Ermənistan rəhbərliyi bu durumdan bəhrələnmək, ölkəni düşdüyü ağır durumdan çıxarmaq üçün reallığı anlamalı, konstruktiv mövqe tutmalıdır: “Ermənistan məğlub dövlətdir. Ona görə də hansısa məsələdə nəyisə diktə etməyə heç bir gücü, potensialı yoxdur. Ola bilər ki, ermənilər şıltaqlıq etsinlər. Amma sonda vəziyyətlə barışıb Azərbaycanın şərtlərini qəbul edəcəklər. İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin şərtlərini qəbul etdikləri kimi”.

    Milli Məclisin üzvü deyib ki, Ermənistan minalı ərazilərin xəritəsini Azərbaycana verməyə məcbur olacaq: “Bu ölkə Azərbaycandan tam asılı vəziyyətə düşüb, ermənilərin gələcəyi rəsmi Bakının verəcəyi qərarlardan, atacağı addımlardan asılıdır. Belə bir vəziyyətdə Ermənistan rəhbərliyi minalı ərazilərin xəritəsini Azərbaycana nə qədər tez versə, bir o qədər özlərinə xeyir etmiş olacaqlar. Əks halda Azərbaycan əlində olan imkanlardan istifadə edib həmin xəritələri alacaq. Bunun üçün bütün imkanlarımız var. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hər zaman deyirdi ki, biz işğal altında olan torpaqlarımızı gec-tez mütləq azad edəcəyik. O zaman ola bilsin ki, bəziləri buna şübhə ilə yanaşırdı, Ermənistan isə havadarlarına arxalanaraq vəziyyətin olduğu kimi qalacağı eyforiyasına qapılmışdı, bir qarış da torpağı azad etmək istəmirdi. Cənab Prezident dediyi sözü, verdiyi vədi əməli ilə sübut etdi, torpaqlarımız işğaldan azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Ermənistan bundan nəticə çıxarmalı, Azərbaycanın tələblərini yerinə yetirməli və minalı ərazilərin xəritəsini ölkəmizə verməlidir. Ermənilər Azərbaycana münasibətdə destruktiv mövqenin onları məhvə sürüklədiyini unutmamalıdırlar”.

    Ü.Quliyev deyib ki, ermənilərin minalı ərazilərin xəritəsini gizlətməsi səbəbsiz deyil, çünki bu düşmənin yeni cinayətlərini üzə çıxaracaq: “Azərbaycan uzun illər təklif edirdi ki, beynəlxalq təşkilatların nümayəndələrindən ibarət missiya işğal altında olan ərazilərə səfərlər etsin, oradakı vəziyyəti araşdırsınlar, amma Ermənistan hər zaman buna qarşı çıxırdı, müxtəlif bəhanələr gətirirdi. Biz o zaman da bunun əsl səbəbini çox gözəl bilirdik. Bizə məlum idi ki, düşmən işğal altında saxladığı bütün şəhərləri, qəsəbələri, kəndləri, məscidləri, tarixi abidələri yandırıb, dağıdıb. Ermənilər insanlıq əleyhinə olan bu cinayətlərinin, vəhşiliklərinin üzə çıxacağından qorxurdular. Ona görə də beynəlxalq missiyaların həmin ərazilərə səfərinə imkan vermirdilər. Torpaqlarımız azad olunandan sonra ermənilərin bütün cinayətləri üzə çıxdı. Ermənistan vaxtilə işğal altında saxladığı əraziləri minalayan zaman da beynəlxalq qanunları pozub, qadağan olunan minalardan istifadə edib. İndi xəritələri verdikləri halda həmin cinayətlərinin üzə çıxacağından qorxurlar. Eyni zamanda məqsəd mümkün qədər çoxlu sayda mülki şəxslərin həlak olmasıdır, bu ərazilərə sakinlərin qayıdışını çətinləşdirməyə, uzatmağa yönələn cinayətdir. Amma sonda xətirələri verməyə məcbur olacaqlar və ərazilərimz qanunsuz şəkildə minaladıqlarına görə cavab verməli olacaqlar”.

    Ü.Quliyev beynəlxalq təşkilatları, xüsusən də minaların qadağan olunması ilə məşğul olan qurumları minalı ərazilərin xəritəsini vermək məsələsində Ermənistana təzyiq etməyə çağırıb: “Beynəlxalq qurumlar 30 il Ermənistanın işğalçılıq siyasətinə göz yumdular, işğala son qoyması üçün bu ölkəyə heç bir söz demədilər. Sonda Azərbaycan öz imkanları hesabına torpaqlarını düşməndən təmizlədi, erməni faşizminin başını əzdi. Beynəlxalq təşkilatlar heç olmsa indi Ermənistana təzyiq göstərsinlər və bu ölkənin rəhbərliyini başa salsınlar ki, minalı ərazilərin xəritələrini gizlətmək insanlıq əleyhinə cinayətdir. Eyni zamanda belə mövqe tutmaqla ermənilər heç nəyə nail ola bilməyəcəklər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR