Aprelin 1-də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusla videokonfrans formatında görüşü olub.
AZƏRTAC xəbər verir ki, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun sədri Hans Klüqe və təşklilatın digər rəhbər nümayəndələri iştirak ediblər.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatına siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.
Prezident İlham Əliyev pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən işlərdən danışdı, bu sahədə Azərbaycanın beynəxalq əməkdaşlığa verdiyi tövhələri qeyd etdi. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyini bildirdi. Martın 21-də isə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyini vurğuladı.
Dövlətimizin başçısı dünyada pandemiyaya qarşı mübarizənin əhəmiyyətinə toxunaraq peyvənd millətçiliyi ilə bağlı ictimaiyyətə açıqlamalar verdiyini, bəzi ölkələrin tələb olunandan daha çox peyvənd sifariş etdiyini, bəzi ölkələrin isə ciddi problemlərlə üzləşdiyini bildirdi. Prezident İlham Əliyev peyvəndlərin ədalətli şəkildə bölüşdürülməsində müşahidə edilən ayrıseçkiliyin məyusluq yaratdığını diqqətə çatdırdı.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus COVAX təşəbbüsü çərçivəsində ən qısa zamanda 84 min “AstraZeneca” peyvəndinin Azərbaycana göndəriləcəyini dedi. Prezident İlham Əliyev bununla bağlı təşəkkürünü bildirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.