AzadMedia.az xəbər verir ki, Mayın 4-də Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, “Azərxalça” ASC və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Xalçalarımız: dünənimiz, bu günümüz, sabahımız” mövzusunda videokonfrans keçirilib.
Konfrans 5 may Xalçaçı günü peşə bayramı münasibətilə gerçəkləşib.
Videokonfransda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə xalça sənətinin qorunması və inkişafına töhfələr verən xalça ustalarını peşə bayramları münasibətilə təbrik etdi. Bildirdi ki, maddi və mənəvi sərvətimiz olan xalçaçılıq sənəti Tunc dövründən başlayaraq bu günümüzə gəlib çatıb. Bu gün Azərbaycan xalçalarının sorağı dünyanın müxtəlif muzeylərindən gəlir.
Xalça sənətinin inkişafına dövlət qayğısından söz açan Sevda Məmmədəliyeva vurğuladı ki, 2004-cü ildə “Azərbaycanda xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilib. Dövlət başçısının 5 may 2016-cı ildə imzaladığı sərəncama əsasən, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Artıq beşinci ildir ki, həmin tarix “Xalçaçı günü” kimi qeyd edilir.
Nazir müavini bildirdi ki, Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib: “Bu gün regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində müxtəlif dərnəklər açılır, toxuma kursları təşkil edilir. Kurslarda iştirak edən xalça həvəskarları bir-birindən gözəl nümunələr yaradırlar”.
Sevda Məmmədəliyeva çıxışının sonunda ümidvar olduğunu bildirdi ki, yaxın zamanda Xalça Muzeyinin Şuşa filialı yenidən bərpa ediləcək və Qarabağ xalçaları doğma yurdunda sərgilənəcək.
“Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov bildirdi ki, “Azərxalça”nın 21 filialında 1200-dən çox işçi çalışır. O, əlavə etdi ki, son zamanlar orijinal xalçalarla bərabər, saxta xalçalar da yayılır: “Bizim əsas məqsədlərimizdən biri onların qarşısını almaqdır. Bunun üçün hamımız əl-ələ verib xalçaçılıq sənətimizi qoruyaraq gələcək nəsillərə ötürməliyik”.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qeyd etdi ki, ölkəmizdə heç bir evi xalçasız təsəvvür etmək mümkün deyil. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, ona həm də sənət əsəri kimi yanaşılır.
Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bu gün ölkəmizdə xalçaçılıq sənətinin çiçəklənmə dövrünü yaşadığını dedi: “Həm qədim xalçalarımız, həm də müasir rəssamların ərsəyə gətirdikləri xalçalar dünyanın müxtəlif muzeylərində saxlanılır”.
Şirin Məlikova muzeyin fəaliyyəti, həmçinin kompleksdə saxlanılan nadir xalçalar haqqında da məlumat verdi. Bildirdi ki, Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi tədqiqat ekspedisiyalarının nəticəsi olaraq muzeyin fondu ölkənin maddi mədəni sərvətləri ilə zənginləşib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov xalça sənətinin inkişafı istiqamətində görülən işlərdən danışdı: “Xalçalardakı naxış sistemləri ağılın, onların üzərində işlənilən ornamentlər, rənglər isə ürəyin simvoludur. Xalçaçılıq, sadəcə, mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir. Bu xəzinəni qoruyub gələcək nəsillərə ötürmək isə hər kəsin borcudur”.
Daha sonra Lənkəran, Quba, Qazax, Xaçmaz, Gəncə, Oğuz, Zərdab, Tərtər, Yevlax, Şabran və Samux rayonunda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin direktorları çıxış edərək xalçaçılığın mövcud vəziyyəti barədə məlumat verdilər.
Sonda ölkəmizdə xalçaçılığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.