Son günlərdə Ukrayna-Rusiya arasında başlanan gərginlikdən sonra dünya gündəmini İsrail ilə Fələstinlilər arasında günü-gündən dərinləşməkdə olan problem və ya daha dəqiq desək alovlanmaqda olan savaş addımları zəbt etdi.
Hərçənd, BMT hadisələrin müharibə həddinə çatdığını bildirsə də, dünya liderləri tərəfləri daha təmkinli olmağa, və “Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində iki dövlət prinsipi əsasında" həll yolunu dəstəklədiklərini qeyd ediblər.
Dünya ölkələri hər zaman olduğu kimi sadəcə çağırış etməklə kifayətlənsələr də, onlardan fərqli olaraq, müsəlmanların çağırışına yenə də qardaş Türkiyə səssiz qalmadı. Elə məhz, din qardaşlığı qardaş ölkəni birbaşa günahsız insanların öldürülməsinin qarşısı almağa və Fələstin xalqının yanında olmağa vadar etdi.
Əslində, Fələstin ilə İsrail arasındakı son gərginliyin arxasında iki tərəf arasında həll olunmamış münaqişə dayanır. Eyni zamanda, atılan raketlərin, hava bombardmanlarının və günahsız məzlum insanların, xüsusilə də xeyli sayda uşaq ölümlərin arxasında Orta Şərqin ürəyindəki qanayan yara dayanır.
Bu problemin son illərdə beynəlxalq gündəmdən düşməsi onun həll olunduğu demək deyildi. Qeyd etdiyim kimi, problemlər dəyişməyib və onların yaratdığı nifrət və qəzəb illərlə deyil, hətta nəsillər boyu şiddət və ölüm gətirməyə davam edir.
Təssüfki, yenə ərazi məsələsi. Beləliklə, yəhudilər və ərəblər 100 ildən çoxdur ki, İordan çayından Aralıq dənizi arasındakı ərazilərə hakim olmaq üçün mübarizə aparmaqda davam edirlər. İsrail 1948-ci ildə qurulduğu gündən bəri Fələstinliləri bir sıra ağır məğlubiyyətlərə uğratdı, ancaq yenə də qazana bilmədi. Bunu demək mümkündür ki, artıq yüz illiyə dayanan münaqişə davam etdikcə heç bir tərəf təhlükəsiz deyil.
Əminliklə qeyd edərdim ki, bu münaqişədə bir neçə ilə ciddi və şiddətə çevrilən yeni bir böhran qaçınılmazdır.
Bəs, İsrail-Fələstin müharibəsi Türkiyə-İsrail normallaşma prosesini necə təsir edəcək?
Bir tərəfdən, İsrail təhlükəsizlik qüvvələri ilə Fələstin arasında artan gərginlik Ankara Tel-Əviv münasibətlərində normallaşma gözləntisi ilə üst-üstə düşdü, sayılır. Digər tərəfdən də, Türkiyənin İsrailə qarşı sərt reaksiyası onu göstərir ki, Tel-Əviv rəhbərliyi Fələstinlilərə və Qüdsün statusunu dəyişdirməyə istiqamətli siyasətini qoruduğu müddətcə iki ölkə arası normallaşma qısa müddətdə çətin olacaq.
2021-ci ilin əvvəlindən İsrail Türkiyənin həm Qərb dünyası, həm də Yaxın Şərq ölkələri ilə münasibətlərini normallaşdırmağı hədəflədiyi ölkələrdən biridir.
Prezident Ərdoğan, 2020-ci ilin sonunda bir açıqlamasında Türkiyənin İsrail ilə daha yaxşı əlaqələr qurmaq istədiyini qeyd etmişdi, fəqət İsrailin Fələstin üzərindəki mənfi təsirlərinə diqqət çəkmişdi.
Bundan başqa Türkiyə Xarici İşlər Naziri Çavuşoğlu da son çıxışlarından birində bu yaxınlarda İsrail ilə uzunmüddətli sağlam münasibətlərin şərtinin Tel-Əviv rəhbərliyinin Fələstinlilərə qarşı siyasətindən, eyni zamanda Qüds statusundan imtina etmələri olduğunu qeyd etmişdi. Bununla bərabər aprel ayındakı bir çıxışında, "Bu təcavüz və qanunsuz məskunlaşmalar davam edərsə, sağlam bir əlaqə olmaz."
Hazırda, Türkiyə hökumətinin Fələstin və Qüdslə bağlı dilə gətirdiyi münasibət, Türkiyə-İsrail münasibətlərinin tarixi müddətdə ən vacib müəyyənedicilərindən biri olub.
Heç də təsadüfi deyildi ki, İsrail, Qüdsü paytaxt elan etdikdən və əlaqələri bəlli bir səviyyəyə endirdikdən sonra Türkiyə 1980-ci ildə Qüds Baş Konsulluğunu bağlamışdı.
Beləliklə, qeyd etmək yerinə düşərdi ki, bütün bu amillər nəzərə alsaq aparılan dəyərləndirmələr, Ankaranın normallaşma planlarını müəyyən bir müddətə təxirə salacağını və bu müddətin İsraildəki siyasi inkişaflar və habelə, Fələstinlilərə qarşı münasibətlərin yumşalmasına görə qiymətləndirəcəyini göstərir.
Bu gün, Prezident Ərdoğan Fələstin diplomatiyasında - İsrailin Fələstindəki qanlı hücumlarını dayandırması və beynəlxalq aləmdən sərt reaksiya və çəkindirici bir dərs alması üçün sıx bir diplomatiya yürüdür
Türkiyə, din qardaşlığını nəzərə alaraq İsrailin hücumlarına qarşı Fələstinə dəstək olmaq üçün Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla bütün əlaqədar beynəlxalq qurumları səfərbər etmək təşəbbüslərini davam etdirərkən, Prezident Ərdoğan bu günə qədər Fələstindən Rusiyaya, Qətərdən Pakistana qədər 20-yə yaxın ölkənin dövlət başçıları ilə münaqişə ilə bağlı telefon danışıqları edib. Danışıqlar zamanı Prezident Ərdoğan, Fələstinli müsəlmanlara qarşı edilən zülmü ən sərt şəkildə qınadığını və İsrailin hücumlarını "terror" olaraq xarakterizə etdiyini bildirib. İsrailin terrorizmini və işğalını dayandırmaq üçün bütün dünyanı, xüsusən İslam dünyasını səfərbər etmək üçün hər səviyyədə cəhd etdiklərini söyləyən Ərdoğan, Türkiyənin daima Fələstin işinin tərəfdarı olmağa, Fələstinli qardaşlarının yanında olmağa və bununla bərabər onları qorumağa davam edəcəyini vurğulayıb.
Habelə, Türkiyə Prezidenti böhran daha da böyümədən əvvəl Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının işə qarışmasının vacib olduğunu və Fələstinli mülki insanları qorumaq üçün bölgəyə beynəlxalq bir müdafiə qüvvəsi göndərmə fikrinin üzərində işləməyin gərəkli olduğunu qeyd edib.
Hətta dünənki çıxışında, Prezident Ərdoğan, "Bütün dünya bunu görməməzlikdən gəlsə də, İsrailin qəddarlığına eyvallahımız olmayacaq" dedi.
Həmçinin Türkiyənin qədim tarixi, mədəniyyəti və mədəni əlaqələri sayəsində geniş bir coğrafiyanın məsuliyyətini daşıyan böyük bir ölkə olduğunu dilə gətirən Prezident Ərdoğan, Orta Asiyadan Balkanlara, Türküstandan Krıma, Cənubi Asiyadan Şimali Afrikaya qədər Türkiyənin yerləşdiyi bu geniş coğrafiyada yaşanan hər bir müsbət və ya mənfi hadisənin birbaşa onlara aid olub maraqlandırdığını nəzərə çatdırıb. İllərdir Qüdsdə davam edən Ramazan ayının son günlərində şiddətlənmiş hücumlar səbəbindən Bayrama acı bir şəkildə daxil olduq.
Belə ki, Türkiyənin bu məsələyə münasibəti tamamilə prinsipialdır. Dünən Azərbaycanın Dağlıq Qarabağı və işğal olunmuş ərazilərini xilas etmək üçün apardığı mübarizəni nə qədər coşğuyla dəstəkləyirdiksə, bu gün də Qüdsdə - Fələstinin şəhərlərindəki zülmə qarşı eyni duyğu ilə davranırıq.
Dünən Suriya sərhədlərimizdə qurulmağa təşəbbüs göstərilən terror dəhlizinə icazə vermədiyimiz kimi, bu gün də Məscidül-Əqsaya uzanan əllərə qətiyyətlə qarşıyıq. Keçən il Liviyanın bölünməsinə icazə vermədiyimiz kimi, hər kəsin ona üz çevirdiyi Somalinin taleyilə baş-başa tərk edilməsinə necə ki, göz yummadıq, Krımın ilhaqına razı olmadıq, Bosniyada törədilən vəhşiliyə səssiz qalmadığmız kimi, bu gün də bu qəddarlığı görməzdən gəlməyəcəyik deyə bildirib.
Elə bölgədən xəbər çatdırmaq üçün canlarını təhlükəyə altına qoyan mətbuat işçilərinin kabusunu da bütün dünya gördü.
Ötən gün, TRT Ərəb Kanalının müxbirlərindən biri olan Sami Berhum, Qəzzadan canlı yayımda olarkən İsrailin hücumuna məruz qaldı. Kanalın Twitter hesabından paylaşılan görüntülərdə, Berhum və komandasının olduğu yerdə bir hücum olduğunu canlı yayımda bütün dünya izlədi.
Müxbir, İsrailin blokada altında olan Qəzzaya hücumlarında mülki şəxslərin yaşadığı çoxmərtəbəli binaları hədəf alaraq müqavimət qüvvələrinin iradəsini qırmağa və müharibəni ən qısa müddətdə qazanmağa çalışdığı şərh odirdi. Məhz bu anda inanılmaz hadisə dünyanın hər yerində canlı yayımda əks olunaraq o dəhşətli görüntülər insanların qanını dondurdu.
Bütün dünyaya sülh arzusu ilə..
Qısa bir müddətə bu problemin həll olunmasına ümid edirik..