Məlumat verdiyimiz kimi Ermənistan uzun sürən müzakirələrdən, beynəlxalq skandallardan sonra nəhayət, Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verib.
Azadmedia.az xəbər verir ki, bunu həm beynəlxalq, həm də daxili ekspertlər prezident İlham Əliyev siyasətinin və Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi şərh edirlər.
Əldə edilən razılığa görə bu gün Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Hər kəsə məlumdur ki, işğal altındakı ərazilərimiz azad edildikdən sonra Azərbaycan üçün ən aktual məsələ bu ərazilərin minalardan təmizlənməsi idi.
30 il ərzində erməni qəsbkarları bu ərazilərə minlərlə mina basdırıb, özləri üçün qoruyucu sədd qurmuşdular.
Döyüşlər bitdikdən sonra ermənilərin basdırdıqları bu minalara xeyli sayda dinc sakinimizin düşməsi də hər kəsə məlumdur. Onların arasında jurnalistlər də var...
Beynəlxalq təzyiqlərə belə məhəl qoymayan Ermənistan hökuməti inadla mina xəritələrini verməkdən boyun qaçırırdı. Son zamanlar Azərbaycan sərhədində baş verən təxribatlar da Ermənistanın hiyləgər siyasətinin göstəricisidir. Ermənistan bu addımı ilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini də pozurdu.
Ancaq Prezident İlham Əliyevin prinsipial mövqeyi, parlaq diplomatik bacarığı sayəsində bütün təxribatların qarşısı alındı. Dövlət başçısı demək olar ki, bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırdı, beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə etməsini və Ermənistanı qeyri-insani siyasətə son qoymağa çağırmalarını tələb etdi.
Ekspertlər bildirirlər ki, ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin bu məsələdə fəal iştirak etməsi də İlham Əliyevin növbəti zəfəridir.
Hərbi ekspertlər bildirirlər ki, əgər xəritələr təhvil verilməsəydi Ağdam ərazisinin minalardan təmizlənməsi prosesi illərlə vaxt alardı. Bu isə təbii ki, bərpa işlərini sürətlə aparmaq, əhalini əzəli toraqlarını qaytarmaq prosesini gecikdirərdi.
Ekspertlər bildirirlər ki, artıq geri qayıdış proqramı da sürətlə həyata keçiriləcək.