İqbal MƏMMƏDOV,
Milli Məclisin deputatıPrezident, Ali Baş Komandan İlham Əliyevin iyulun 14-də qardaş Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibəsi də Vətən müharibəsi günlərində, eləcə də parlaq qələbəmizdən sonra etdiyi çıxışlarda, yerli və xarici jurnalistlərin suallarına cavablarında olduğu kimi, yenə də əhatəliliyi, dolğunluğu, eyni zamanda, qətiyyətli və cəsarətli fikirləri, birmənalı, obyektiv mövqeyi ilə diqqət çəkdi. Ölkə rəhbəri Qarabağın dünəni və bu günü ilə bağlı yeni siyasi reallıqlardan, Ermənistanın 44 günlük savaşdan aldığı acı nəticələrdən dərs almayaraq hələ də işğal mövqeyindən geri çəkilmək istəməməsini bütün beynəlxalq aləmin nəzərinə çatdırdı. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində Azərbaycanın haqlı, ədalətli mübarizəsinə siyasi, mənəvi dəstək göstərən dost, qardaş dövlətlərə isə bir daha minnətdarlığını çatdırmaqla yanaşı, qəsbkarın açıq, yaxud gizli müdafiəsində dayanan qüvvələri qınadı, onlara sərt xəbərdarlıq etdi.
İkinci Qarabağ savaşı dönəmində Ermənistan döyüş meydanında ilk gündən məğlubiyyətə uğradığını anlayanda müharibə cinayətlərinə əl atmaqdan belə çəkinmədi, bununla da bütün dünyanın gözü önündə ləyaqətsiz davranış sərgilədi, ölkəmizi haqq savaşından çəkindirmək üçün mülki əhaliyə böyük zərər verdi, şəhər və kəndlərimizi ballistik raketlərlə, artilleriya qurğuları ilə atəşə tutdu. Dövlətimizin başçısı müsahibəsində bununla bağlı fikirlərini konkret rəqəmlərlə diqqətə çatdırdı, erməni vəhşiliyi nəticəsində 100-dən çox mülki şəxsin, o cümlədən, qadınlar və uşaqların həlak olduqlarını, Gəncə, Bərdə, Ağdam, Goranboy, Naftalan, Tərtər, Füzuli və digər şəhərlərimizin mütəmadi atəşə tutulduğunu, təkcə o qədər də böyük olmayan Tərtərə 20 minə yaxın raket atıldığını xatırlatdı.
Lakin müharibə dövründə erməni işğalçılarından fərqli olaraq, Azərbaycan Ordusu ləyaqət nümayiş etdirdi, müharibənin bütün qaydalarını gözlədi. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq az oldu. Azərbaycan ancaq işğalçı orduya qarşı mübarizə apardı, dinc əhaliyə heç vaxt silah qaldırılmadı.
Prezident İlham Əliyev bununla əlaqədar müsahibəsində dedi: “İnsanlar yüz kilometrlərlə yol qət edirlər və yol boyunca görürlər ki, sağ–sol, hər tərəf dağıdılıb, yəni, qayıtmağa yer yoxdur. Eyni zamanda, ermənilər orada yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra – 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar”.
Erməni işğalçılarının vəhşiliyi Vətən müharibəsi başa çatandan sonra da hər addımda özünü büruzə verir. Belə ki, dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, düşmən minaladığı ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir. Bununla işğalçı dövlət Azərbaycan tərəfinin daha çox insan itkisi verməsinə çalışır, yeni formada müharibəni, terror siyasətini davam etdirir.
İndiyədək alınan xəritələrin böyük bir hissəsi reallığı göstərmir. Bu isə respublikamızın işğaldan azad edilən ərazilərində davamlı şəkildə insan tələfatına gətirib çıxarır. Düşmən bununla məskunlaşma prosesini süni şəkildə əngəlləyir. Beləliklə, hərb meydanında məğlub olan, açıq döyüşdə darmadağın edilən Ermənistan müharibədən sonra mina xəritələrini verməkdən imtina etmək kimi rəzil vasitə ilə Azərbaycana zərbə vurmağa cəhd göstərir.
Lakin işğalçı unudur ki, regionda sülhün, təhlükəsizliyin bərqərar olması daha çox onun özü üçün zəruridir. Çünki 44 günlük Vətən müharibəsində Ermənistan, sadəcə, hərbi baxımdan ağır itkilərlə qarşılaşmayıb, həm də onun bütün iqtisadiyyatı sıradan çıxıb, sosial vəziyyəti fəlakətli həddə çatıb.
Bu məsələdə təəssüf doğuran hal həm də odur ki, beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünün və mülki əhaliyə yönələn terror aktlarının qarşısının alınması ilə bağlı konkret hüquqi məsuliyyət müəyyən edən təsirli tədbirlər hələ də görülmür. Nəticədə azğınlaşan düşmən ardıcıl olaraq atəşkəsi pozur, insanlığa sığmayan müharibə cinayətləri törədir, əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır, yaşayış evlərini, habelə mülki infrastrukturu dağıdır.