Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin diplomatik bacarığına, qətiyyətinə, uzaqgörənliyinə bir daha şahidlik etdi
Son zamanlar baş verən hadisələr Azərbaycanın xarici siyasətində yeni mərhələnin davamı olmaqla yanaşı, ölkəmizə böyük uğurlar qazandırıb. Cənab Prezidentinin ali tribunalarda, müxtəlif beynəlxalq tədbirlərdə, müxtəlif beynəlxalq konfranslarda təşkil edilən debatlarda ölkəmizin milli maraqlarının müdafiəsinə xidmət edən müdafiə etmə əzmi, qətiyyətli mövqeyi hər birimizdə qurur hissi yaradıb.
3 gün öncə Prezident İlham Əliyevin Yaponiyanın və Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycanın xarici siyasətinin əsasını milli maraqlar, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionun sabitliyinin, təhlükəsizliyinin qorunub saxlanması təşkil etdiyini bir daha nümayiş etdirdi.
Azərbaycanın Yunanıstanla qarşılıqlı münasibətlərə mürəkkəblik gətirən səbəblərdən biri də bu ölkənin respublikamızın strateji müttəfiqi, qardaş Türkiyə ilə ziddiyyətli və münaqişə elementlərinə malik əlaqələrinin olmasıdır. Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri ilə söhbət zamanı iki ölkə arasındakı əməkdaşlığımıza mənfi təsir göstərən məsələləri açıq-aydın şəkildə diqqətə çatdırması Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici siyasətdə prinsipial mövqe tutmasına bariz nümunədir.
“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz” – deyə birmənalı mövqeyini ifadə edən Prezident İlham Əliyevin qardaş Türkiyə ilə Yunanıstan arasında baş verən gərginliyə toxunması, Azərbaycanın hər zaman və bütün məsələlərdə qardaş Türkiyənin yanında olacağını göstərdi.
Beynəlxalq aləm bölgədə və dünyada gedən proseslərə münasibətdə Azərbaycan və Türkiyənin eyni mövqe sərgilədiyinin, ortaq maraqlardan çıxış etdiyinin dəfələrlə şahidi olub. Dünya siyasi düzəninin indiki şəraitində, xüsusən də ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birilərinin maraqlarını müdafiə etmələri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirib, ölkələri doğmalaşdırıb. Elə buna görə də Prezident İlham Əliyev Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən qətiyətlə "Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” söylədi. Eyni zamanda sentyabrın 2-də beynəlxalq ictimaiyyət Azərbaycan Prezidentinin diplomatik bacarığına, qətiyyətinə, uzaqgörənliyinə bir daha şahidlik etdi.
Prezident İlham Əliyevin Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkədə böyük razılıqla qarşılanıb. Azərbaycan Prezidentinin fikirləri həm sosial mediada, həm də tirajlanan bir neçə yüz minlik qəzetlərin manşet mövzusu oldu. Türkiyənin aparıcı televiziya şirkətləri, internet portalları bu mövzu ətrafında materiallar təqdim etdilər.
Ölkə başçımız tək yunan-Türkiyə münasibətlərinə sərgilədiyi mövqe ilə kifayətlənməyib, Tovuz döyüşlərindən, sərhəddə Ermənistanın təxribatından dərhal sonra Rusiyadan bu ölkəyə intensiv silah təchizatına görə sərgilədiyi sərt mövqeyi də xatırlatdı və qeyd etdi ki, bunu, sadəcə, sizə demirəm. Biz bu məsələni rusiyalı tərəfdaşlarımızla da qaldırmışıq ki, Ermənistanla hərbi əməkdaşlıq bizi narahat edən məsələdir. Çünki bu, Azərbaycan üçün mühüm təhdid törədir, çünki bu silahlardan istifadə edərək onlar bizim hərbçilərimizi, mülki şəxsləri öldürürlər.
Prezident İlham Əliyev bir daha təsdiq etdi ki, Azərbaycanın qətiyyətli və prinsipial dövlət başçısı, düşünülmüş və uzaqgörən siyasət yürüdən lideri var.
Məşhur Məmmədov,
Milli Məclisin deputatı