Çox təəssüflər olsun ki, son zamanlar ölkə gündəmini zəbt etməyə çalışan xoşagəlməz mövzulardan biri də internet platformalarında bəzi məsul şəxslər barədə yayılan qeyri-etik görüntülərlə bağlıdır. Təəssüf doğurması ilə yanaşı, bu hal həm də ciddi narahatlıqdan və təhlükədən xəbər verir.
Təbii ki, müvafiq dövlət qurumları tərəfindən həmin mental dəyərlərimizə zidd və ikrah hissləri yaradan görüntülərin “qurban”ları ilə bağlı dərhal obyektiv mövqe sərgilənir və cəmiyyətimizi qane edən lazımi addımlar atılır. Ancaq məsələnin ən təhlükəli tərəfi həmin “oyun”ları quranların məsuliyyətdən kənarda qalmaları, bu kampaniyanın dövlətimiz üçün olduqca həssas olduğu indiki dönəmə təsadüf etməsi və bunun ənənəvi hal ala bilməsi ilə bağlıdır. Bəs həm ciddi siyasi, həm də hüquqi tərəfləri olan bu “virtual şantaj” kampaniyasının arxasında kimlər durur, məqsədləri nədir və bunun qarşısını necə almaq olar?
Nəzərə alsaq ki, bu kimi qanunsuz əməlləri törədənlərin “qurban”ları daha çox məsul şəxslərdir, əsas hədəfin dövlət olduğunu çox asanlıqla anlamaq olar. Çünki, hazırda otuz illik açılmaz “qordi düyünü”nə çevrilmiş bir münaqişəni həll edən Azərbaycan dövləti və hazırki iqtidar bir çox qüvvələrin kürkünə birə salıb. Azərbaycan dövlətinin bu tarixi uğurunu həzm edə bilməyənlərin belə çirkin addımları gözləniləndir. Əsasən YAP-a aid şəxslərin və hakimiyyətə dair digər vəzifəlilərin hədəf seçilməsində məqsəd həm də, hakim partiyanın rəhbəri olan dövlət başçısının genişmiqyaslı islahatlara getməsi, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılması və şəxsiyyəti ilə bağlı heç bir amil nəzərə alınmadan korrupsiya və qanunsuzluqlarla mübarizədə təmizləmə işləri ilə bağlı siyasətini pozmaqdır. Bu bir danılmaz faktdır ki, bütün sahələrdə olduğu kimi, siyasi mənzərənin yenidən şəkilləndirilməsi istiqamətində də, ölkədə çox böyük işlər görülməkdədir. Ümumbəşəri bəla olan pandemiya ilə mübarizə və otuz illik işğala son qoyan müharibə aparmağımıza baxmayaraq, Prezident İlham Əliyevin göstərişi ilə ölkə tarixində bəlkə də ilk dəfədir ki, geniş, obyektiv və şəffaf siyasi dialoq mühiti formalaşdırılıb. Ölkə ictimaiyyətində fikir formalaşdırmaq təsirinə malik bütün siyasi institutların və partiyaların mütləq əksəriyyəti ilə Prezident Administrasiyasında struktur islahatları nəticəsində yeni yaradılmış “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi” və onun rəhbəri, bu sahədə ölkə başçısı ilə bilavasitə əlaqələndirici şəxs olan Ədalət Vəliyev tərəfindən ciddi siyasi müzakirələr prosesi hazırda da davam edir. Bu proseslərin fonunda həm də, ölkədə yeni siyasi institutların və partiyaların yaradılması mexanizmi həddindən artıq sadələşdirilib və şəffaflaşdırılıb. Ölkəmizə zaman-zaman hüquqi-dövlət quruculuğu və demokratiya istiqamətində mühazirələr oxumağa çalışan qüvvələrə dərs keçən Azərbaycanın bu addımları, həmin qüvvələrin və onların ölkə daxilində olan, o cümlədən də beşinci kolona aid tərəfdarlarının da ovqatını yamanca təlx edib.
Təbii ki, bu fikirlər və onları “qurban” adlandırmaq həmin prosesdə vəzifələrinə, tutduqları yüksək mövqeyə və ən əsası da milli dəyərlərimizə xəyanət edən belə şəxslərin məsuliyyətini istisna etmək məqsədi daşımır. Etdikləri məsuliyyətsiz, mənəviyyatsız və ən yaxşı halda iradəsiz hərəkətlərilə “qurban” adlandırdığımız həmin vəzifəlilər artıq tutduqları mövqeni çoxdan haqq etmədiklərini, əksinə onlar barələrində tətbiq edilən məsuliyyət tədbirlərinə layiq olduqlarını isbat edirlər. Bu cür məsuliyyətsiz məsullar və baş verən xoşagəlməz hadisələr ölkədə kadr islahatları dalğasının davam edəcəyindən də xəbər verir.
Baş verənlərə hüquqi prizmadan yanaşdıqda, ilk öncə onu nəzərə alaq ki, hüquqi dövlətdə cinayət qanunvericiliyi ilə qadağan olunmayan heç bir əməl cinayət sayıla və ona görə məsuliyyət müəyyən edilə bilməz. Müstəqillik tariximizin ilk konstitusiyasına görə hüquqi dövlət olan Azərbaycanda da bu belədir. Bəzən “kompüter cinayətləri” də adlandırılan “Kiber cinayətlər”lə bağlı hazırki Cinayət məcəlləmizdə ayrıca fəsil mövcuddur. Bu hallara dair qanunvericilikdə həm də, “Şəxsi həyatın toxunulmazlığını pozma” və “Hədə-qorxu ilə tələb etmə” adlı müddəaların olmasına baxmayaraq, bu cür cinyətlər üçün çox münbit şəraitin mövcud olduğu sosial şəbəkə platformaları ilə bağlı kibercinayətlər bölməsində heç bir müddəa yoxdur. Düşünürəm ki, bu cür qanunsuzluqlarla mübarizə aparmaq, insanları belə addımlardan çəkindirmək və onların qarşısını almaq üçün ilk öncə cinayət qanunvericiliyində hazırki presedentlərə aid sosial şəbəkə platformalarında bu cür əməllərin qadağan edilməsinə dair konkret müddəalar təsbit olunmalıdır. Bunun üçün qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis tərəfindən Cinayət Məcəlləsinə müvafiq əlavələr edilməlidir. Bu əlavələrdə təkcə həmin qanunsuz əməli törədən və şəxsiyyəti müəyyən edilən şəxslərlə bağlı deyil, həm də, ABŞ təcrübəsinə əsaslanaraq müvafiq sosial şəbəkə platformaları barədə də məsuliyyət tədbirləri nəzərdə tutulmalıdır.
Pandemiya şəraitində əksər tədbirlərin onlayn platformalar formasında keçirildiyini nəzərə alsaq, istənilən dövlət əhəmiyyətli və konfidensial tədbirlərin də bu cür qanunsuz müdaxilələrdən sığortalanmadığı qənaətinə gəlmək mümkündür. Düşünürəm ki, artıq həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilməkdə olan sosial şəbəkələr və digər internet resurslarının neqativ tərəflərindən mümkün qədər sığortlanmaq üçün nəzəri işlərlə yanaşı, konkret texniki mühafizə tədbirlərinin görülməsi də zəruridir. Ancaq bütün bunlarla yanaşı, hər bir şəxs, xüsusilə də yüksək vəzifə daşıyan və ayrı-ayrı sahələrdə dövlət əhəmiyyətli etimadlara layiq görülən şəxslər fərdi məsuliyyətlərini də dərk etməlidirlər. Dövlətimizin və xalqımızın maraqlarını, mənəvi dəyərlərini və çox yüksək imicini özlərinin mənəviyyatsız istəklərinə, qeyri-əxlaqi keyfiyyətlərinə və şəxsi iradəsizliklərinə qurban verməməlidirlər. Buna şəxsiyyətindən, vəzifəsindən, statusundan və siyasi mövqeyindən asılı olmayaraq heç kimin haqqı yoxdur!
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov