AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jirinovskinin təxribatçı fikirlər səsləndirməsi hamımızda təəssüf, ikrah hissi yaratdı, cavabı da özünü çox gözlətmədi

  • + A
  • - A
  • 1-08-2021, 17:30

    Jirinovskinin təxribatçı fikirlər səsləndirməsi hamımızda təəssüf, ikrah hissi yaratdı, cavabı da özünü çox gözlətmədi

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı

    Bütün diqqətimiz, dualarımız Türkiyənin yanındaykən, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirlər hamımızı məyus etdi. Əvvəllər də Jirinovskinin qeyri-ciddi çıxışları Azərbaycanda birmənalı qarşılanmayıb, lakin ölkə olaraq biz Rusiya ilə diplomaik, iqtisadi əlaqələrin qorunmasında maraqlı olduğumuz üçün belə xırda, öz ölkəsində də qeyri-ciddi qarşılanan fərdlərin nə deməsinə önəm verməmişik. Təəssüf ki, çox adam dövlətlərarası münasibətlə, şəxsi münasibətləri ayırd edə bilmir, hələ üstəgəl bu adam partiyaya rəhbərlik edirsə, söylədiyi fikirlərin məsuliyyətini dərk etmirsə, biz də ölkə olaraq öz sözümüzü deyəcəyik, narazılığımızı bildirəcəyik. Bu gün rəsmi olaraq Jirinovskinin sərsəm, qərəzli açıqlamasından ciddi narahatlıq keçirdiyimizi bildirdik və etirazımız XİN səviyyəsində qonşu dövlətin müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıldı.
    Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu dövlət səviyyəsində vurğulandı.
    Sözügedən xoşagəlməz hadisə ilə bağlı qarşı tərəfə Nota göndərilib. Azərbaycan xalqı qonaqpərvər, geniş ürəkli xalqdır. Jirinovskinin əvvəllər də xalqda qıcıq yaradan fikirlər səsləndirməsinə baxmayaraq, hər dəfə ölkəyə səfəri zamanı narazılıqlar önə çıxarılmadan, onun qarşılanması, səfərdə olduğu müddətdə mühafizə və digər xidmətlər yüksək səviyyədə həyata keçirilib. Bu hörmətlərin qarşısında onun Zəfər Qələbəmizi həzm edə bilməməsi səbəbindən belə təxribatçı fikirlər səsləndirməsi hamımızda təəssüf, deyərdim ki, ikrah yaratdı, cavabı da özünü çox gözlətmədi.
    Əziz həmvətənlər, unutmayaq ki, Jirinovski Rusiya dövləti demək deyil, indiki həssas məqamlarda düşmənlərə, qələbəmizi həzm edə bilməyənlərə ara qarışdırmaq üçün səbəb verməyək. Vətən Müharibəsi dövründə ölkə rəhbəri cənab Prezident İlham Əliyevin bütün dünyanı peşəkar dipolomatiyası ilə təəccübləndirməsini unutmayaq. Yenə də Azərbaycan öz sözünü diplomatik gedişlə deyəcək. Biz isə xalq olaraq Prezidentimizin ətrafında birləşib dəmir yumruğumuzla çox başlara qapazlar vuracaq, qüdrətli, qalib ölkəmizlə çox ölkələrin baxıb köksötürmələrinə şahid olacağıq. Yaşasın Dövlət-Xalq birliyimiz!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR