Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Narkotik istifadəsinə qarşı seminar-treninqlərin təşkili” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir 14 oktyabr 2025-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 5 saylı Peşə Məktəbində baş tutub.QHT.az xəbər verir ki, tədbirdə 20 nəfərdən ibarət gənclər, məktəb nümayəndələri, müəllimlər və valideyn komitəsinin üzvləri iştirak ediblər. Tədbiri İctimai Birliyin sədri Səltənət Qocamanlı açaraq layihənin məqsədi və əhəmiyyətindən danışıb. O, bu təşəbbüsə göstərdiyi maliyyə dəstəyinə görə QHT Agentliyinə təşəkkürünü bildirib və narkomaniyanın gənclər arasında yayılmasının cəmiyyət üçün ciddi təhlükə olduğunu vurğulayıb.
Daha sonra söz layihənin təlimçisi, həkim-narkoloq, doktorant Ayxan Bağırova verilib. O, “Narkomaniya və onun fəsadları” mövzusunda çıxış edərək aşağıdakı istiqamətlərdə məlumat təqdim edib:
Narkomaniyanın əsas anlayışları və səbəbləri;
İnsanların bu asılılığa necə düşməsi və yaranma mexanizmləri;
Narkotik vasitələrin törətdiyi sosial və tibbi fəsadlar;
İynə vasitəsilə yoluxa biləcək xəstəliklər;
Narkomaniyadan qorunma yolları və müalicə prosesi.
Təlimdə iştirakçılar suallarını ünvanlayıb, real həyat nümunələri əsasında müzakirələr aparıblar. Daha sonra iştirakçılar 4 qrupa bölünərək verilən tapşırıqları müzakirə edib və hər qrupun nümayəndəsi öz təqdimatını edib.
Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub, həmçinin foto və video çəkiliş aparılıb.
Qeyd edək ki, layihə 01 iyun – 30 sentyabr 2025-ci il tarixlərini əhatə edir və Bakı şəhərinin Yasamal, Nəsimi, Səbael, Nərimanov, Binəqədi və Abşeron rayonlarında (Mehdiabad, Saray, Xırdalan qəsəbələri) ardıcıl olaraq həyata keçirilir. Layihənin əsas məqsədi yeniyetmə və gənclərin maarifləndirilməsi yolu ilə narkomaniyaya qarşı mübarizəyə təşəbbüslərinin artırılmasıdır.
Fotolar
[center]
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.