AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gəncədə milli-xalq musiqi axşamı keçirilib

  • + A
  • - A
  • 24-09-2021, 01:40

    Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalının ən əlamətdar cəhəti ölkəmizin digər bölgə və şəhərlərində də keçirilməsidir. 22 sentyabrda qədim mədəniyyət mərkəzimiz Gəncədə milli-xalq musiqi axşamı Gəncə Dövlət Filarmoniyasında baş tutdu.

    Azadmedia.az Mədəniyyət Nazirliyindən verilən məlumata əsasən xəbər verir ki, Tədbirdə Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə şəhər regional mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar müəllim Xatirə Həsənzadə iştirak etdilər.

    Konsert Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ilə baş dirijor, respublikanın Xalq artisti Ağaverdi Paşayevin idarə etdiyi Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin iştirakilə baş tutdu. Repertuarı Azərbaycan klassik bəstəkarlarının müxtəlif janrlı əsərlərinin xalq çalğı alətləri orkestri üçün işləmələri, xalq rəqsləri və mahnıları, eləcə də ənənəvi musiqi sənət nümunələri səsləndi.

    “Uzundərə”, “Yallı” xalq rəqsləri, Qarabağ şikəstəsi, “Evləri var xana-xana” xalq mahnısı, Ü.Hacıbəylinin “Cəngi” miniatürü, “Leyli və Məcnun” operasından kompozisiya, “Arşın mal alan” musiqili komediyasından Vəli ilə Tellinin dueti, Müslüm Maqomayev, Niyazi, Fikrət Əmirov, Vasif Adıgözəlov, Cahangir Cahangirov və Süleyman Ələsgərovun əsərlərini konsert iştirakçıları zövqlə dinlədilər.

    Xanəndələr İlkin Əhmədov, Rəvanə Əmiraslanlı, Almaz Orucova, klassik müğənnilərdən soprano Nərgiz Kərimova, tenor Taleh Yəhyayev, Fəxri Kazım Nicat və başqalarının solistlərin ifaları alqışla qarşılandı.

    Konsertdən sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblının kollektivi dahi Azərbaycan şairi və mütəffəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Nizami muzeyinə ekskursiya da təşkil olundu. Ansamblın kollektivi məqbərənin önündə Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Sənsiz" və "Sevgili canan" romanslarını səsləndirdilər.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR