AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

  • + A
  • - A
  • Bu gün, 16:10

    Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH


    Sentyabr ayının 1-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən "ŞƏT plyus" formatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ölkənin beynəlxalq miqyasda artan rolunun və çəkisinin göstəricisi sayılır. Sözügedən platforma Asiyanın aparıcı dövlətlərini bir araya gətirir və rəsmi Bakının da belə bir mötəbər tədbirə dəvət edilməsi, Prezidentin bu tədbirdəki çıxışı əslində Bakının təkcə regional məsələlərdə yox, həm də Avrasiya gündəliyində söz sahibi olduğunu ortaya qoyur.

    Üstün coğrafi mövqeyi, Avropa və Asiyanı birləşdirən əsas marşrutların üzərində yerləşməsi, Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə sıx bağlantı quran Azərbaycan bu tip formatların vazkeçilməz tərəfdaşıdır. Eyni zamanda Azərbaycanın son illər regional və beynəlxalq logistika layihələrində söz sahibi olması da bu tərəfdaşlığı daha da qüvvətləndirir. Bir sözlə, Azərbaycan bu gün təkcə marşrut üzərində yerləşən yox, bu proseslərin formalaşmasında fəal iştirak edən aparıcı dövlətə çevrilib.

    Eyni zamanda 2020-ci il müharibəsindən sonra Cənubi Qafqazda sülh və təhlükəsizlik gündəliyinin irəli sürülməsi, Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regionda davamlı sülhün yaradılması ilə bağlı təşəbbüslər də rəsmi Bakının sabitliyə verdiyi önəmin göstərici sayılır. Bu isə sübut edir ki, Azərbaycan beynəlxalq platformalarda təkcə öz maraqlarını müdafiə etmir, paralel olaraq da regionun gələcəyi ilə bağlı məsələləri gündəmə gətirir.


    Yuxarıda sadalananlardan əlavə, Azərbaycanın enerji layihələri, Orta Dəhlizin inkişafındakı rolu, Mərkəzi Asiyanı Avropa bazarlarına daha sürətli və təhlükəsiz şəkildə bağlamaq imkanları ŞƏT məkanındakı ölkələr üçün də əhəmiyyətini artırır. Çünki Asiya ölkələri, Mərkəzi Asiya dövlətləri öz məhsullarını Avropaya çıxarmaq, yeni nəqliyyat marşrutları yaratmaq və Qərblə əlaqələri genişləndirmək üçün məhz Azərbaycanın imkanlarından yararlana bilərlər. Rəsmi Bakı üçün isə bu, yeni iqtisadi əlaqələr, yeni əməkdaşlıqlar və tərəfdaşlıqlar deməkdir. Digər tərəfdən, Asiyanın böyük iqtisadiyyatları üçün Bakı Şərq-Qərb ticarət yollarının inkişafında, enerji təhlükəsizliyində və yeni regional bağlantıların qurulmasında mühüm rol oynaya bilər. Bu baxımdan Azərbaycanın ŞƏT "plyus" formatına dəvəti təsadüfi diplomatik addım deyil, onun regional imkanlarına və beynəlxalq proseslərə verə biləcəyi töhfəyə olan marağın göstəricisidir.

    Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər də xüsusi diqqət çəkir. Bir sıra ölkələrin dövlət başçıları ilə keçirilən görüşlər həm rəsmi Bakının artan diplomatik çəkisini göz önünə sərir, həm də onun mesajları əhəmiyyət kəsb edir. Məsələn, Vladimir Putinlə təmas Azərbaycan-Rusiya münasibətlərinin, Rəcəb Tayyib Ərdoğanla görüş Türk dünyası və Azərbaycan-Türkiyə müttəfiqliyinin, Məsud Pezeşkianla görüş İranla əlaqələrin, Kasım-Jomart Tokayevlə görüş Mərkəzi Asiya istiqamətinin əhəmiyyətini göstərir. Hindistanın Baş naziri Narendra Modi ilə təmas isə Azərbaycanın Cənubi Asiyanın böyük iqtisadi və siyasi gücləri ilə əlaqələrinin genişləndiyini göstərən mühüm nümunədir. Nikol Paşinyanla görüş isə bütün bunlardan fərqli olaraq birbaşa Cənubi Qafqazda sülh gündəliyi ilə bağlıdır. Bir platformada bu qədər fərqli istiqamətləri əhatə edən görüşlərin keçirilməsi də özlüyündə rəsmi Bakının xarici siyasətinin çoxvektorlu olmasını sübut edir.


    Digər tərəfdən isə bu görüşlər sübut edir ki, regional maraqlar bir-birindən ayrı deyil, daha geniş Avrasiya kontekstində nəzərdən keçirilir. Burada söhbət rəqəmlərdən və şəxslərdən yox, görüşlərin təmsil etdiyi siyasi coğrafiyanın genişliyindən gedir. Azərbaycan eyni platformada həm böyük güc mərkəzləri, həm qonşu ölkələr, həm Mərkəzi Asiya dövlətləri, həm də Çin kimi nəhəng iqtisadiyyatı olan dövlətlə dialoq qurur, fərqli tərəflər arasında əlaqələr qurmaq imkanlarını artırır. Bu da göstərir ki, Avrasiya məkanında Azərbaycanın mövqeyi digər aktorlar tərəfindən nəzərə alınır və vacib amilə çevrilib. Qısası, Prezidentin "ŞƏT plyus" formatında iştirakı həm Azərbaycanın artan siyasi çəkisini, həm də rəsmi Bakının müxtəlif geosiyasi istiqamətlər arasında öz maraqlarına uyğun balans yaratmaq siyasətini ortaya qoydu.

    Bu formatda diqqət çəkən digər məqam isə Azərbaycanın "ŞƏT plyus" formatında iştirakının gələcək əməkdaşlıqlar üçün yaratdığı imkanlardır. Çin kimi dünyanın ən böyük iqtisadiyyatlarından birinin, Rusiyanın, Hindistanın və digər ölkələrin bu formatda təmsil olunması sayəsində Azərbaycan üçün "ŞƏT plyus" mühüm diplomatik və iqtisadi imkanlar məkanına çevrilir. Rəsmi Bakı burada həm yeni əlaqələr quracaq, həm də mövcud tərəfdaşlıqları daha da inkişaf etdirəcək.

    Beləliklə, Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında iştirakı və çıxışına təkcə bir beynəlxalq tədbirdə təmsil olunmaq kimi dəyərləndirilməməlidir. Bu iştirak eyni zamanda Azərbaycanın son illərdə formalaşdırdığı regional lider mövqeyinin daha geniş Avrasiya siyasi məkanında təsdiqləndiyini göstərir. Azərbaycan artıq regional proseslərin yalnız iştirakçısı deyil, həmin proseslərə təsir göstərən və mövqeyi nəzərə alınan aktor kimi çıxış edir.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR