Ədliyyə Nazirliyi İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatları təkzib edib
Ədliyyə Nazirliyi İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin səhhəti il bağlı yayılan məlumatları təkzib edib.
Nazirlikdən Trend-in sorğusuna cavab olaraq verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində vəzifə cinayətlərinə görə həbs olunmuş İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin sağlamlıq durumunun pisləşməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc olunub.
Ədliyyə Nazirliyinin tibb xidmətindən əldə olunan məlumata əsasən, koronavirus xəstəliyinə yoluxmuş V.Hacıyevin müalicəsi bu sahədə ixtisaslaşmış Dövlət Gömrük Komitəsinin Hospitalında davam edir və hazırda səhhəti ilə bağlı hər hansı bir narahatlıq yoxdur. Məsələ ilə bağlı həmçinin, Hospitalın rəhbərliyi ilə əlaqə saxlanılaraq məlumat bir daha dəqiqləşdirilmiş və məlum olub ki, xəstənin müalicəsi, əksinə müsbət nəticə verdiyindən o, reanimasiyadan ümumi palataya köçürülmüş və sağlamlıq durumu daim həkim nəzarətində saxlanılır.
Bununla əlaqədar KİV-lərdə dəqiqləşdirilməmiş və yanlış məlumatların verilməsi ictimaiyyətdə ucuz sensasiya yaratmaq məqsədi daşımaqla yanaşı, xəstənin ailəsinə əsassız olaraq narahatlıq və mənəvi iztirab yaşadır.