“Bakıda əsən güclü şimal-qərb küləyinin bu gün gündüz saatlarından etibarən tədricən mülayimləşəcəyi gözlənilir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, ölkə ərazisində hava şəraiti noyabrın 12-dən etibarən sabitləşəcək: “Noyabrın 10-u gündüz saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Güclü şimal-qərb küləyi əsir. Bu gün noyabrın 11-i paytaxtda güclü şimal-qərb küləyinin gündüz saatlarından tədricən mülayimləşəcəyi gözlənilir. Fasilələrlə yağış yağacaq. Havanın temperaturu 9 dərəcəyədək isti olacaq. Bölgələrdə yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq.
Noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən, yağmursuz keçəcəyi gözlənilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.