Masallının 2 saylı Yeddioymaq tam orta məktəbində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə yeni tədris ilinin başlanması münasibətilə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüş keçirilib.
Görüşdə millət vəkili Məşhur Məmmədov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndəsi Əli Rzayev və məktəb kollektivi iştirak ediblər. Görüş zamanı sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə sinif otaqlarında səmimi söhbətlər aparılıb, onların peşəkarlığı və göstərdikləri yüksək nəticələr təqdir olunub, müəllimlərə təşəkkürnamələr təqdim edilib.
Deputat Məşhur Məmmədov müəllimlərin əldə etdiyi nəticənin yalnız fərdi uğur olmadığını, bunun həm də məktəbin və təhsil kollektivinin uğuru olduğunu bildirib. O qeyd edib ki, müəllim peşəsi böyük məsuliyyət və fədakarlıq tələb edir. Şagirdlərin bilik və bacarıqlarının formalaşmasında, onların həyata hazırlanmasında müəllimlərin rolu əvəzsizdir.
Görüş zamanı müəllimlərlə fikir mübadiləsi aparan Məşhur Məmmədov onların gündəlik fəaliyyəti, qarşılaşdıqları çətinliklər və təklifləri ilə maraqlanıb. O vurğulayıb ki, müəllimlərin fikirlərinin dinlənilməsi və onların əməyinə verilən dəyərin daha da artırılması təhsil mühitinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Elm və Təhsil İşçilərinin Həmkarlar İttifaqının nümayəndəsi Əli Rzayev də müəllimləri yüksək nəticələri münasibətilə təbrik edib. Bildirilib ki, sertifikasiya imtahanlarında yüksək göstəricilər müəllimlərin öz üzərində davamlı işləməsinin və peşəkar inkişafına diqqət yetirməsinin mühüm göstəricilərindən biridir.
Görüşdə məktəb kollektivinin qayğı və təklifləri də dinlənilib. Müəllimlər yeni tədris ili ilə bağlı gözləntilərini bölüşüb, təhsil prosesinin daha səmərəli təşkili ilə bağlı fikirlərini səsləndiriblər.
Sonda yüksək nəticə göstərən müəllimlər təbrik olunub, təşəkkürnamələr təqdim edilərək, yeni tədris ilində uğurlar arzulanıb. Qeyd olunub ki, belə müəllimlərin əldə etdiyi nəticələr həmkarları və şagirdləri üçün də nümunə olmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Yeni tədris ilinin başlanması münasibətilə bütün müəllimlərə möhkəm cansağlığı, yaradıcılıq uğurları və pedaqoji fəaliyyətlərində yeni nailiyyətlər arzulanıb.