Sərhəddə baş vermiş döyüşlər noyabrın əvvəlindən başlayan və 2020-ci il Tovuz hadisələrinin ssenarisini xatırladan təxribatların nəticəsidir. Buna 8 Noyabr - Zəfər bayramı zamanı Şuşa ətrafında təxribat, noyabrın 9-u ordumuzun Kəlbəcərdəki mövqelərinə yol çəkən mühəndis texnikalarının atəşə tutulması, həmin gün Qaragöl ətrafında 60 hərbçinin post qurmaq cəhdi və s daxildir.
Təxribatların nəticəsi nə olacaq, ssenari yenidən təkrarlanır?
Modern.az-ın mövzu ilə bağlı suallarını cavablandıran siyasi ekspert Asif Nərimanlı deyib ki, bütün bunlar üçtərəfli görüşə mane olmaq cəhdləridir:
“Prosesə əvvəldən baxsaq görərik ki, müharibənin ildönümü ərəfəsində belə xəbər yayıldı ki, Moskvada üçtərəfli görüş olacaq. Fikrimcə, üçtərəfli görüşün əsas gündəmi də kommunikasiyaların açılması idi. Çünki məsələ Rusiyanın da marağında idi. Kommunikasiyanın açılması üçün də sərhəddin müəyyənləşməsi prosesinə başlanılmalı, məsələ paralel şəkildə aparılmalı idi. Güman ki, keçiriləcək görüşdə iki məsələ gündəm idi. Biri kommunikasiyanın açılması ilə bağlı qrafikin təsvir edilməsi, yəni hansı yolların inşasına nə vaxt başlanılacaq. Digəri buna paralel olaraq sərhəddin hansı xəritə üzərindən müəyyənləşdirilməsi və ya sərhəddin delimitasiya və demokrasiyası ilə bağlı razılığın əldə edilməsi idi”.
Onun sözlərinə görə, Peskovun ardınca Paşinyanın açıqlaması göstərdi ki, Ermənistan tərəfi buna razı deyil:
“Ermənistan tərəfi iki plan üzərində işləyirdi. Birinci olaraq Qarabağda təxribatlara başladılar, burda əsas məqsəd gərginliyi Azərbaycanın daxilinə köçürmək cəhdi idi. Eyni anda 60-a yaxın hərbçi Qaragöl ətrafında Azərbaycan postlarının arasındakı yolu kəsməyə cəhd etdilər. Bu, həm mövqe tutmaq, həm də Azərbaycan postunu mühasirəyə almaq taktikası idi. Məqsəd masada Emənistan tərəfinin əlini gücləndirmək idi. Paşinyan da anlayırdı ki, bu görüşə getməlidir, bu proses olmalıdır. Bu işlərlə bağlı müsbət irəliləyişlər var idi. Qəfil proses bu səviyyədə gərginləşdi. Ermənistan tərəfi davamlı olaraq təxribata əl atdı. Nəticədə istədiyi olmadı, Azərbaycan əsgəri düşmənin cavabını layiqincə verdi. Bu məsələ Ermənistanın daxilində narahatlığa səbəb oldu və Paşinyan Karapetyanı vəzifəsindən uzaqlaşdırmaqla məsələni onun üstünə yıxdı. Ardınca isə Papikyanı posta gətirdi. Son olan hadisələrin məqsədi ikinci planın işə salınması idi. Burada Rusiyanı çətin vəziyyətə salmaq istəyirlər. Belə etməklə Rusiyadan kömək almaq istəyirlər. Ən pis halda isə buna nail olmazlarsa, Paşinyan hansısa sənədə imza atacaqsa, burada günahkar olaraq Rusiyanı göstərsin. Azərbaycan tərəfinin cavabı Ermənistan tərəfindən kifayət qədər ağır qarşılandı. Bütün bunlar göstərir ki, Ermənistan öz niyyətinə nail ola bilmədi”.
Bundan sonrakı proseslərdə nələr gözlənilə bilər?
“Birinci olaraq atəşkəs işinə baxmalıyıq. Bununla bağlı Azərbaycan tərəfinin hansısa rəsmi açıqlaması olmadı. Ermənistan tərəfi bu barədə məlumat yaydı. Bu atəşkəsə necə nail oldular?
Ermənistan tərəfinin Rusiyada səyləri nəticəsində bu razılaşmaya nail oldular. Təbii ki, döyüşün dayandırılması ilə bağlı Azərbaycan tərəfinin də şərtləri olub və bunları irəli sürüb.
Birinci görüşün müəyyən olunması, sərhədlərin müəyyənləşməsi ilə bağlı işlərin başlanması ola bilər. Fikrimcə, bu razılaşmalar olub ki, atəşkəs olub. Bundan sonra isə Rusiyanın vasitəsi ilə üçtərəfli görüş keçiriləcək. Bu görüşdə isə həmin məsələlər müzakirə olunacaq. Lakin həm də Azərbaycan tərəfi düşmənə qarşı hər an hazıqlı dayanıb. İstisna deyil ki, Ermənistan tərəfi yenidən təxribatlara əl atsın. Bu döyüşlərin də nəticələri olmalıdır. Bu da masada Azərbaycan tərəfinin istəyi ilə olan işlərdir. Ermənistan tərəfi bundan sonra masaya oturmağa məcbur olacaq”, - deyə ekspert bildirib.