Paşinyanın bir daha təxribata əl atması özünü intihara bərabər ola bilər.
Bu fikirləri Azadmedia.az-a açıqlamasında, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Millət vəkili Hikmət Babaoğlu bildirib.
Millət vəkilinin sözlərinə görə, Siyasi-diplomatik və hərbi-siyasi manevr imkanları yox dərəcəsində olan kaputiliyasiyaya imza atmış bir ölkənin baş naziri kimi Paşinyanın 9-10 noyabr tarixində təklif olunan görüşdən imtina etməsi onun danışıqlar masasında əlini daha da zəiflədib -
“Rus diplomatiyası ənənəvi klassik diplomatiyadır və belə məsələlərə olduqca həssasdır. Nəzərə almaq lazımdır ki, 16 noyabr sərhəd təxribatından sonra Paşinyan Rusiyanın təklif etdiyi üçtərəfli görüşə razılıq verməyə məcbur oldu. Bu artıq özlüyündə onun mövqeyinin zəifləməsi kimi qəbul edilə bilər. Rusiya Federasiyası Prezidenti Vladimir Putinin bu məsələyə münasibətinə gəldikdə isə qeyd etmək lazımdır ki, rəsmi Moskvanın regiona digər xarici dövlətlərin ya da beynəlxalq təşkilatların cəlb edilməsinə münasibəti birmənalı və qətidir. Rusiya Cənubi Qafqazda kənar aktorlar istəmir. Paşinyan isə ciddi şəkildə buna cəhd edir. Ona görə də Putinin mövqeyi aydındır və o, kommunikasiyaların açılmasını istəyir.”
H.Babaoğlu vurğulayıb ki, Moskva hazırda kollektiv Qərb tərəfindən küncə sıxışdırılmağa çalışılır -“Belə vəziyyətdə Qərbin hər hansı formada postsovet məkanına müdaxiləsini özünün təhlükəsizliyinə təhdid hesab edir. Hələ Şərqin qapısı hesab edilən Cənubi Qafqaz kimi bir regiona hər hansı formada Qərbin müdaxiləsini əsla qəbul etmir. Rəsmi Moskvanın bu məsələdə nə qədər prinsipial olduğunu biz hələ Gürcüstan hadisələrindən xatırlayırıq. Elə Ukrayna hadisələri də bu mənada bir nümunədir. Ona görə də, Moskvanın İrəvana Qərb yaxınlaşması kontekstində münasibəti bəllidir və bu Gürcüstan və Ukrayna nümunəsindən fərqli olmayacaq.”
O qeyd edib ki, Heç şübhəsiz ki, “Dəmir yumruq” yerindədir və hər an təkrarlana bilər -
“Rəsmi Bakı bu qətiyyəti və cəsarəti artıq dəfələrlə nümayiş etdirib və bunu hamı bilir. Ona görə də Paşinyan Soçi görüşündən əvvəl Zəngəzur sakinləri ilə görüşən zaman onlara bildirib ki , Bakı Zəngəzur dəhlizini almaqda qərarlıdır və mövqeyi belədir ki, istənilən yolla bunu əldə edəcək. Əslində, bu fikir Paşinyanın dəhlizə razılıq verməkdən başqa çarəsinin olmadığını etiraf etməsi kimi də qiymətləndirilə bilər.”
Millət vəkili həmçinin bildirib ki, Paşinyanın bir daha təxribata əl atması özünü intihara bərabər ola bilər - “O özü də dərk edir ki, hər təxribatdan sonra mövqeyini bir qədər daha çox itirir. Bu isə radikalları və onun rəqiblərinin əlini gücləndirir. Məsələ ondadır ki, belə təxribatlardan sonra Paşinyan təkcə ölkə daxilində deyil, sərhəd və digər xarici situassiyalarda da itkilərə məruz qalır. Ona görə də, Paşinyan artıq bunun fərqindədir və növbəti səhfin ona çox baha başa gələ biləcəyini hətta siyasi kariyerasının sonu ola biləcəyini bilir. Bu isə əlbətdə siyasi karyeranın bitməsindən daha çox şey ifadə edir. Paşinyan üçün belə vəziyyətdə ən optimal çıxış yolu Azərbaycanla böyük sülh sazişini imzalamağa və Zəngəzur dəhlizini açmağa razı olmasıdır.”
Ülkər Piriyeva