ÜST İNSAN (essevari düşüncələr)
“Elmi bazara çevirmək olmaz” Akademik Azad Mirzəcanzadə.
...Ürəyi qurub-yaratmaq eşqi ilə döyünən, ömrü boyu yorulmadan faydalı və məzmunlu ideyalarını gerçəkləşdirməyə çalışan İNSANLAR bəşəriyyətin səadət yolçularıdır. Hər bir xalqa mənsub olan böyük zəka sahibləri təkcə öz Vətəninə deyil, dünyaya işıq saçırlar. İslam dininin müqəddəs kitabı Qurani - Kərimdə Allah insanları iman gətirməyə çağırarkən ilk növbədə onların ağıllarına müraciət edir, onları əqli fəaliyyətə, əşya və hadisələrin məntiqə əsaslanan (rasional) tədqiqinə həvəsləndirir. Həzrəti Məhəmməd peyğəmbər (s)-ın kəlamlarında da elmin və alimin dəyərindən bəhs olunur. Hədisi-Şəriflərdə haqq ilə batili bir-birindən seçən alimlər yüksək tutulur. Təsadüfi deyil ki, dədə-babalarımız həmişə öz zamanəsinin müdrik nəsihətləri ilə sayılıb - seçilən və zəngin həyat bilgilərindən vaqif olan adamlara “alim” deyiblər. Dünyəvi elmlər aləmində isə yaradıcı təbəqənin nümayəndəsi kimi alim bir (və ya bir neçə) tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olan zəka sahibinə deyilir. Fəqət, insanlığa xidmət etməyən alimin dəyəri və tərifi yoxdur! Alimin qiyməti müəyyən vaxt ərzində gördüyü elmi işlərin miqyası, ixtiralarının dəyəri və səmərəliliyi ilə ölçülür.
Azərbaycanda alim deyəndə ilk növbədə Yusif Məmmədəliyev, Mirməmməd Cavadzadə, Xudu Məmmədov, Ziya Bünyadov, Lütfi Zadə, Yaşar Qarayev, Hətəm Quliyev, Rafiq Əliyev kimi dünya şöhrətli şəxsiyyətlər yada düşür. Belə şəxsiyyətlərdən biri də elmin üfüqlərindən bəşəriyyətin sabahına boylanan və ensiklopedik biliyə malik olan əfsanəvi akademik Azad Mirzəcanzadə idi. Dünyanən hər guşəsindən neft elminin patriarxı kimi görünən bu qüdrətli alimin İNSANLIQ və DAHİLİK zirvəsinə ucalan yolu ona valideynlərinin qoyduğu gözəl adından başlamışdı. Azad sözü yaradıcı, öncül (lider) fədakar araşdırmaçı, zəki, sərbəst və s. anlam daşıyır.
...Qədim dastanlarımızda ad seçimi həmişə əhəmiyyətli hesab olunub. Xalqımızın möhtəşəm söz abidəsi "Dədə Qorqud" dastanında adların Qorqud Atanın xeyir-duası ilə qoyulması onun həm yaradıcı, həm də el ağsaqqalı missiyasından qaynaqlanıb... Adın insan taleyinə sirayət etməsi inancı başqa xalqlarda da mövcud olub. Hətta qədim romalılar "nomen est omen", yəni "adımız taleyimizdir" kimi güclü bir inanca sahib idilər... Mədinə dövründə səhabələrin əksəriyyəti uşaqlarına ad qoyması və dua etməsi üçün Həzrəti Peyğəmbər (s)-ın hüzuruna gətirərdilər. Allahın elçisi bu ənənəni yaşatmaq barədə belə buyurub: "Hər bir şəxsin öz övladına verdiyi ilk hədiyyə və ehsan onun üçün gözəl ad seçməsidir. Bu səbəblə övladlarınız üçün gözəl adlar seçin!"
Azad Xəlil oğlu da öz adının layiqli daşıyıcısı olub; işıqlı fikirlərində, faydalı əməllərində onu təsdiq edib. “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir” söyləyən” dahi fenomenin “istedadlılara kömək edin, yol göstərin. İstedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar” fikri də ötən əsrdə əbəs yerə aforizmə çevrilməyib ki...
...Məşhur fransız alimi Lui Pasterin də belə bir aforizmi var: “Elmin Vətəni yoxdur, lakin alimin vətəni olmalıdır.” Təbii ki, hər bir mütərəqqi fikirli alim kimi Azad Mirzəcanzadə də ixtiralarını öz ölkəsinin inkişafı ilə əlaqədar etmişdir. Lakin onun zəngin elmi irsindən, innovativ ideyalarından, kəşf və ixtiralarından bu gün dünyanın bir çox ölkələri geniş istifadə etməkdədir. Azad müəllimin yaratdığı məktəbin yetirmələri nəinki Azərbaycanda, hətta xaricdə elmi mərkəzlərə və istehsalat müəssisələrinə rəhbərlik edirlər. Dünya neft elminin kəhkəşanında Azad Mirzəcanzadə adlı zirvənin ucalığı zaman keçdikcə daha aydın şəkildə görünür. Gerçəkdən də bütün dünyaya, insanlığa şamil olunan faydalı elmin, sənətin Vətəni yoxdur...
“Mənim ən böyük arzum Azərbaycanın xarici bazara öz intellekti ilə çıxa bilməsidir” deyən akademik Azad Mirzəcanzadə zəif elmi əsərlərin kölgəsi altında yüksək elmi titullar almaq istəyənlərə qarşı mübarizə aparardı. “Elmi bazara çevirmək olmaz” deyərək o, daim keyfiyyətsiz elmi işlərə etiraz edirdi. “Bizlər arzularımızı həyata keçirməkdən daha çox, arzulamağa aşiqik” (F.Nitsşe) düşüncəsiylə tutduğu vəzifəyə və imkana görə yüksək elmi dərəcələr almağa səy edənlər Ali Attestasiya Komissiyasının sədri olan illərdə Azad müəllimi bəyənmirdilər. Belə adamların bir çoxu onun barəsində hətta neqativ şayiələr uydururdu. Sosioloq, professor Əhməd Qəşəmoğlu qeyd edir ki, “Bu şayiənin mənbələri əsasən natamam psevdo alimlər, paxıl adamlar olub...” Çünki Azad müəllim deyərmiş ki: “bunlar professor adını ancaq öləndə baş daşı üzərində yazdırmaq üçün istəyirlər...” Elimsizlərlə ELM arasında “Çin səddi” çəkən Azad müəllimin tələbkarlığına qeyri-adi AĞIL mərdliyi, FİKİR cəngavərliyi hakim idi. Deyirdi: “Kitab nəşrinin asanlaşması pullu, özü də elmdən xeyli uzaq adamların əl-qolunu açıb. Belə olan halda, həqiqi elmi nəşrlərin əvəzinə makulatura yaranır...”
Heç şübhəsiz ki, ondan sonra professor, akademik adı almaq, qalın-qalın kitablar nəşr etdirmək vəzifə və səlahiyyət sahibləri üçün çox asan oldu, amma onların sayı günbəgün artsa da heç biri Azad Mirzəcanzadə kimi nə ALİM, nə də İNSAN ola bildi...
SÖZƏ QÜVVƏT: Eyni institutda çalışan alimlərdən biri ONU təriflədi, digəri haqqında neqativ sözlər dedi. Mən həmin institutdan uzaqlaşdım. Və ONUN ruhuyla baş-başa qalmağı üstün tutdum...
Azad Mirzəcanzadənin alim vicdanının ilhamverici qaynağı Allahın ona bəxş elədiyi FİTRƏTDƏ idi.