AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli Məclisin sədr müavini Adil Əliyev: “Prezident Soçidə qazanılmış diplomatik uğurumuzu Brüssel səfərində daha da möhkəmləndirdi”

  • + A
  • - A
  • 18-12-2021, 12:37

    Milli Məclisin sədr müavini Adil Əliyev: “Prezident Soçidə qazanılmış diplomatik uğurumuzu Brüssel səfərində daha da möhkəmləndirdi”

    Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla 14 noyabr 2021-ci ildə üçtərəfli görüşünün ardınca verdiyi bəyanatda deyilir ki, Azərbaycan və Ermənistan rəhbərləri 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Ermənistan-Rusiya üçtərəfli bəyanatları çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və 26 noyabr 2021-ci ildə Soçidə əldə edilmiş anlaşmaların inkişaf etdirilməli olduğunu bir daha təsdiq ediblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda indiyə qədər əldə edilmiş və milli maraqlarımiza xidmət edən razılaşmaları dəstəkləyir, eləcə də Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini bildirir.
    Soçidə əldə edilmiş anlaşmalar arasında Zəngəzur dəhlizinə dair müddəalar var idi. Brüssel görüşündə isə həmin anlaşmaların həyata keçirilməsi istiqamətində müəyyən irəliləyiş əldə edilmişdir. Bəyanatda bildirilir ki, Şarl Mişel Azərbaycan və Ermənistan arasında nəqliyyat infrastrukturlarının bərpasının əhəmiyyətini vurğulamışlar. O, bu istiqamətdə işlərə dəmiryolu xətlərinin bərpasından başlanılması, sərhəd və gömrük nəzarətinin qarşılılıq prinsipi əsasında təşkil olunması barədə razılığa gəlindiyini qeyd etmişdir. Qarşılılıq prinsipinin tətbiqi Prezident İlham Əliyevin Brüsseldə açıq şəkildə səsləndirdiyi arqumentə əsaslanır. Prezident bildirmişdir ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük məntəqələrinin olmasında israr etsə, onda biz eyni yanaşmanın Laçın dəhlizinə də tətbiq edilməsində israr edəcəyik. Prezident İlham Əliyevin arqumentinə müvafiq olaraq qarşılılıq prinsipi kimi ifadə edilmiş formula gələcəkdə Ermənistan və Azərbaycan sülh danışıqlarında müəyyən mənada presedent və ya baza prinsipi rolu oynaya bilər. Yəni hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımalıdır. Əks təqdirdə Ermənistanın da ərazi bütövlüyü tanınmaz və Qərbi Zəngəzur və digər tarixi torpaqlarımızla bağlı iddia qaldıra bilərik.
    Avropa İttifaqı nəqliyyat infrastrukturlarının yaradılması layihələrini iqtisadi baxımdan və investisiya vasitəsi ilə dəstəkləməyə hazır olduğunu bəyan edib. Habelə nəqliyyat bağlantılarının yaradılmasına dəstək məqsədilə iqtisadi məşvərət platformasının yaradılması təklifinə müsbət yanaşıb. Qeyd edilənlər göstərir ki, Zəngəzur dəhlizinin açılması regionun simasını həm iqtisadi inkişaf və tərəqqi, həm də sülh və təhlükəsizlik baxımından dəyişəcək. Bura münaqişə bölgəsindən müxtəlif tərəflərin əməkdaşlıq etdiyi sülh və inkişaf bölgəsinə çevriləcək.
    Azərbaycan və Ermənistan rəhbərlərinin görüşləri Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının 6-cı sammiti çərçivəsində baş tutmuşdu. Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfərinın əsas məqsədi həmin sammitdə iştirak etmək idi. Eyni zamanda, dövlət başçısı Brüsseldə NATO-nun mənzil-qərargahında olub, təşkilatın Baş Katibi Yens Stoltenberqlə görüşüb və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Baş katib Stoltenberq Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirib. O, Azərbaycan hərbçilərinin Əfqanıstanı sonuncu tərk edən koalisiya qüvvələri sırasında olduğunu xüsusi vurğulayaraq onların Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyyə edilməsində göstərdikləri müstəsna xidmətini təqdir edib. Dövlət başçımız İlham Əliyev də öz növbəsində NATO ilə əməkdaşlıqdan razılığını ifadə edib və qarşı tərəfə Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar, Azərbaycanın mövqeyi və Ermənistanla sülh danışıqlarına başlamağa hazır olması barədə məlumat verib. Prezident İlham Əliyev NATO-ya üzv olan 20-yə yaxın ölkənin Azərbaycandan neft və 4 ölkənin isə qaz idxal etdiyini diqqətə çatdırıb. Bununla, Azərbaycanın NATO üzvlərinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsinə önəmli töhfə verməsi qeyd olunub.
    Səfər çərçivəsində keçirilmiş tədbirlər və görüşlər Azərbaycanın həm Avropa İttifaqı ilə, həm də NATO ilə münasibətlərinin dinamik, səmərəli olduğunu və bərabərhüquqlu tərəfdaşlığa əsaslandığını bir daha təsdiq etdi. Azərbaycanın dünyanın müxtəlif hərbi, siyasi və iqtisadi qütblərində duran dövlətlər və təşkilatlarla konstruktiv, bərabərhüquqlu və məhsuldar tərəfdaşlıq münasibətlərində olması onun ayırıcı deyil, birləşdirici rol oynamasını və beynəlxalq sülh və əməkdaşlığa töhfə verən ölkə kimi çıxış etməsini şərtləndirir. Azərbaycanın bu rolu Prezidentin Brüssel səfəri zamanı bir daha qabarıq şəkildə nəzərə çarpdı.
    Prezident İlham Əliyev Brüsseldə Moldova və Ukrayna prezidentləri ilə də görüşüb. Moldova Prezidenti Maya Sandu ölkəsinin yaşadığı qaz böhranı zamanı məsələnin həllində Azərbaycanın göstərdiyi dəstəyə görə İlham Əliyevə minnətdarlığını bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski isə dövlət başçımız İlham Əliyevin Ukraynaya səfərini səbirsizliklə gözlədiyini bildirmiş və İlham Əliyevin növbəti il ərzində imkan tapıb bu səfəri gerçəkləşdirməsini xahiş etmişdir.
    Azərbaycan sammitin yekun sənədi kimi qəbul edilmiş Birgə Bəyannamənin Belarusla bağlı 11-ci paraqrafına qoşulmayaraq öz müstəqil mövqeyini ortaya qoyub.
    Bundan əlavə, Brüsseldə keçirdiyi görüşlərdə və iştirak etdiyi tədbirlərdə qalib dövlətin prezidenti və möhtəşəm zəfər çalmış ordunun Müzəffər Ali Baş Komandanı kimi İlham Əliyevə göstərilən xüsusi diqqət aydın sezilirdi. Təsadüfi deyildir ki, Azərbaycana qarşı adətən qərəzli mövqe tutan və güclü erməni diasporu və lobbisinin təsiri altında olan Fransanın prezidenti Emmanuel Makron təşəbbüs göstərərək Prezident İlham Əliyev və Ermənistan Baş nazirinin iştirakı ilə qeyri-formal görüş təşkil edib və sonra da öz rəsmi sosial şəbəkə hesabında Azərbaycan dilində paylaşımlar edib.
    Səfər çərçivəsində Brüsseldə İspaniyanın “El Pais” qəzeti Prezident İlham Əliyevdən geniş müsahibə alıb. Müsahibə zamanı verilmiş suallar, xüsusən də Vətən müharibəsində qələbəmizlə nəticələnmiş hərbi strategiyamızın detalları ilə bağlı suallar Azərbaycana Avropada verilən əhəmiyyətin təzahürüdür.
    Bu kontekstdə bir məqamı da qeyd etmək yerinə düşərdi. İlham Əliyev Şərq Tərəfdaşlığı sammitində çıxışı zamanı bildirdi ki, Ermənistan rəhbərliyi ilk dəfə olaraq beynəlxalq tədbirdə Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxış etməyib. Bu halın özü hərb meydanında böyük Zəfərimizin, Beynəlxalq Cinayət Məhkəməsində və hüquqi müstəvidə haqlı olduğumuzun və Soçidən Brüsselə qədər uzanan diplomatik təsirimizin nəticəsidir.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR