Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin və layihələrinin həyata keçirilməsi 2021-ci ildə gündəmin başlıca mövzusu idi və əsas diqqət bu istiqamətə yönəlmişdi. Buna görə də bütün vaxt və resursların məhz bu sahəyə yönəldildiyi təəssüratı yaranırdı. Amma Prezidentin 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı göstərdi ki, əhalinin sosial vəziyyəti həmişə olduğu kimi, dövlətin prioriteti olaraq qalır və 2022-ci il sosial islahatlar ili kimi yadda qalacaq. 2022-ci ilin dövlət büdcəsindən bəlli olduğu kimi, hökumət sosial yönümlü siyasətə sadiq qalacaq və yeni ildən tətbiq olunacaq sosial islahatlar üçün 1.5 milyard manat həcmində illik əlavə vəsait ayrılıb. Ümumilikdə islahatların şamil olunacağı əhalinin sayı 2.1 milyon nəfərdən çoxdur.
Prezidentin yeni Fərman və Sərəncamlarında nəzərdə tutulan artım müavinət və təqaüd alan bütün əhali qruplarına şamil olunacaq. Onlar arasında bir neçəsini xüsusi qeyd etmək istəyirəm. Milli Məclisin sədr müavini və Gənclər və İdman Komitəsinin sədri kimi gənclərimizlə bağlı sosial tədbirlər məni çox sevindirir. Çünki Vətən müharibəsində əsas hərəkətverici qüvvəmiz kimi gənclər Zəfər yürüşümüzün ön sıralarında yer almışdılar. 132 min doktorant və ali məktəb tələbəsinin müavinət və təqaüdləri qalxacaq. Eləcə də orta ixtisas məktəblərində və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılır.
Dövlət başçımızın yeni sosial islahatlarla bağlı paketində sağlamlıq imkanları məhdud olan uşaqlar da unudulmayıb. Həmin kateqoriyadan olan uşaqlar üçün sosial ödəniş 3.4 dəfə artırılaraq 2019-cu ilin əvvəlindəki 82 manat səviyyəsindən müavinət 200 manat və təqaüd 80 manat olmaqla, ümumilikdə aylıq 280 manat məbləğinə yüksəldiləcək. Bu fakt onu göstərir ki, dövlət siyasəti təkcə sosial yönümlü deyil, eləcə də inklüziv xarakter daşıyır. Dövlət siyasətinin inkluziv xarakteri təkcə uşaqlara deyil, cəmiyyətimizin qalan digər həssas qruplarına da şamil olunur. Bütün kateqoriyalara aid əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin sosial məsələlərinin həlli prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilir və onların da müavinətləri yeni ildən artırılır.
Ailə institutuna da dövlət dəstəyi yeni sosial paketdə əks olunub. Çoxuşaqlı ailələrə, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə, uşaqların qəyyum və ya himayəçilərinə verilən müavinətlər, övladlığa götürülən uşağa, ailə başçısının itirilməsinə, uşağın anadan olmasına görə birdəfəlik müavinətlər də yeni ildən artırılacaq. Sosial addımların bu cür geniş spektrdə olması prezidentin start verdiyi sosial islahatlarda müxtəlif əhali qruplarının spesifik xüsusiyyətlərinə həssaslıqla yanaşılmasından xəbər verir.
2022-ci il yanvarın 1-dən 165 min təhsil işçisinin, o cümlədən ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları artırılır. Eləcə də fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% qaldırılır. Bu, uşaq və gənclərimizin bədən tərbiyəsi və ilkin hərbi hazırlığı ilə məşğul olan müəllimlərin fəaliyyətinə töhfədir. Azı 25 il pedaqoji staja malik, işləməyən pensiyaçı olan elmlər doktorları və fəlsəfə doktorlarına 2021-ci il yanvarın 1-dən təsis edilmiş Prezidentin aylıq təqaüdü müvafiq olaraq 50% və 67% artırılaraq 200 manatdan 300 manata və 120 manatdan 200 manata çatdırılır.
Gənclərin, uşaqların və ailələrin rifahının yüksəldilməsinə xidmət edən tədbirlər həm də elm və təhsilə dövlətimizin göstərdiyi qayğının təzahürüdür. Gənclərimiz həm elmli və təhsilli, həm vətənpərvər və fiziki baxımdan sağlam olmalıdırlar. Elmi, təhsili güclü olan gənclik vətənə daha çox xeyir verə bilər. Gənclər bizim bu günümüzdür. Uşaqlar isə gələcəyimizdir. Bu günümüz də, gələcəyimiz də təhsilə, elmə əsaslanmalıdır. Elmi, pedaqoji və akademik fəaliyyətin əsas hədəfi uşaq və gənclərimizin savadlı, sağlam düşüncəli və yaxşı dünya görüşü olan layiqli vətəndaş kimi yetişmələridir. Prezidentin Sərəncam və Fərmanları əsasında formalaşan yeni sosial paketdə elm, təhsil, təlim-tərbiyə və pedaqoji sahələrdə çalışan vətəndaşların maddi vəziyyətinin və sosial durumunun yaxşılışadırılması istiqamətində nəzərdə tutulan addımlar həmin hədəfimizə nail olmağa xidmət edir.