“Rossiya-1” telekanalının efirində jurnalist Arkadi Mamontov Moskvadakı “Çerkizov” bazarının keçmiş sahibi Telman İsmayılovun hədələri ilə bağlı Rusiya İstintaq Komitəsinə müraciət etdiyini deyib.
Azadmedia.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb T.İsmayılovun müsahibələrindən birində “Çerkizov” bazarında baş verən qanun pozuntuları ilə bağlı jurnalist araşdırmalarının müəllifi Mamontov barəsində dediyi “sağlığına nəzarət etməlidir, çünki o, bir az xəstədir və lazım olmayan yerdə gəzir, olmayanı yazır” ifadələri olub.
“Bu sözlər mənim təhlükədə olduğuma və onun həyatıma qəsd hazırladığına eyhamdır. Rusiya Federasiyasının İstintaq Komitəsinə müraciət edirəm ki, bugünkü müsahibəni İsmayılovun mənə qarşı gözlənilən sui-qəsd cəhdi ilə bağlı rəsmi bəyanat kimi qəbul edin”, – deyə Mamontov bildirib.
Jurnalist onu da bildirib ki, “Çerkizov” bazarında baş verən qanun pozuntuları ilə bağlı xəbərlərində qeyd olunan faktların hamısı dəqiqdir.
Qeyd edək ki, Rusiyada qətl və insan oğurluğunda ittiham olunan biznesmen Telman İsmayılov Monteneqrodan sığınacaq alıb.