"Bu dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb".
Bu barədə DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadənin tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alan oxuculara müraciətində bildirilib.
DİM sədri qeyd edib ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək.
M.Ababszadə əlavə edib ki, buraxılış imtahanlarının elmi-statistik təhlilləri həm 9, həm də 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında tətbiq olunan imtahan modellərinin fənn kurikulumlarının tələblərinə və dərsliklərin məzmununa tam uyğun olduğunu təsdiq edir: "Bu il də buraxılış imtahanları mövcud qaydalar əsasında fənn kurikulumlarının tələblərinə uyğun keçiriləcək. Məlumat üçün bildiririk ki, bilik və bacarıqlar müvafiq fənn kurikulumlarına uyğun olaraq aşağı siniflərdən etibarən öyrədilir və formalaşdırılır. 1-ci sinifdən 11-ci sinifədək ayrı-ayrı fənlər, o cümlədən tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə kurikulumların müəyyən etdiyi məzmun xətləri dəyişmir, tələbləri isə sadədən mürəkkəbə doğru dəyişir. Tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər".
Məlumat üçün bildirək ki, ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün “Abituriyent” jurnalının xüsusi buraxılışları növbəti həftə ərzində nəşr olunacaq. Jurnalın bu xüsusi buraxılışlarında 9 və 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri, qiymətləndirmə meyarları və digər zəruri materiallar dərc olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.