AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına yenidən qadağa qoyula bilər

  • + A
  • - A
  • 15-01-2022, 19:42


    Jurnalist Sevinc Vaqifqızının ölkədən çıxışına yenidən qadağa qoyula bilər

    Meydan TV-nin reportyoru Sevinc Vaqifqızının ölkədən çıxışına qadağa qoyula bilər. O, 251 saylı məktəbin direktor müavini Elmira Ələndərovanın iddiası üzrə “məhkəmə qərarını icra etməməkdə” ittiham olunur. Jurnalist ona qarşı iddiaların qanunsuz olduğunu bildirir.

    Ələndərova 2019-cu ildə üzr istəməsi, 2500 manat pul təzminatı ödəməsi və 11 aprel 2018-ci il prezident seçkiləri haqqında videonun şəbəkədən silinməsi tələbi ilə Vaqifqızına qarşı iddia qaldırıb.

    Onun iddiasına 251 saylı məktəbdə üç seçki məntəqəsində səsvermə haqqında Meydan TV-də dərc edilmiş “2018-ci il seçkiləri: “Seçkilərdə “karusel”ə nəzarət edən direktor müavini” adlı süjet səbəb olub.

    Süjetdə Ələndərovanın məktəbdə səsvermə günü müəllimlər qrupunu yönləndirdiyi görünür.

    Birinci instansiya məhkəməsi jurnalistə qarşı heç bir sanksiya tətbiq etməyib, yalnız reportajın başlığının dəyişdirilməsi barədə hökm çıxarıb.

    Amma sonradan Bakı Apellyasiya Məhkəməsi məhkəmə qərarını dəyişdirib və jurnalistin üzərinə 1000 manat cərimə ödəmək, videonu silmək, təkzib vermək və “üzr istəmək” öhdəliyi qoyub. Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

    Yanvarın 14-də Vaqifqızı rəsmi məktubla məhkəmə qərarlarının icrası orqanının onun ölkədən çıxışına qadağa qoyulması tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etdiyi barədə məlumatlandırılıb.

    O, Ələndərovanın iddiası üzrə “məhkəmə qərarını icra etməməkdə” ittiham olunur.

    Binəqədi rayon məhkəməsində yanvarın 24-nə proses təyin edilib.

    Vaqifqızı Turan agentliyinə bildirib ki, ona qarşı iddialar əsassız və qanunsuzdur.

    Jurnalistin sözlərinə görə, o, məhkəmənin təyin etdiyi pul təzminatını tam ölçüdə ödəyib.

    Digər tələblərə gəlincə, o, artıq Meydan TV-dən videomaterialın bu nəşrə aid olduğu və onunla bağlı yalnız redaksiyanın qərar qəbul edə biləcəyi haqqında arayışı Binəqədi rayon icra şöbəsinə təqdim edib.

    “Meydan TV-də dərc edilən materiallar yayıldığı andan etibarən ona (yəni nəşrin özünə) məxsusdur. Buna görə jurnalistə qarşı iddialar əsassızdır. Onun heç bir aidiyyatı yoxdur. Meydan TV sifarişlə material hazırlamır, sifarişlə materialları silmir. Biz videonu silmək niyyətində deyilik. Sevinc Vaqifqızı heç kimə böhtan atmayıb, sadəcə olaraq faktları işıqlandırıb. Biz bu məsələdə onu sonuna qədər dəstəkləyəcəyik. Məhkəmə təqibləri ilə onun sıxışdırılması isə ifadə azadlığı üçün təhdiddir”, deyə öz növbəsində Meydan TV nəşrinin redaktoru Aynur Elgünəş Turan Agentliyinə bildirib.

    Vaqifqızına qarşı 2015-2019-cu illərdə Meydan TV-yə qarşı cinayət işi çərçivəsində artıq ölkədən çıxma qadağası tətbiq edilmişdi. Sonradan AİHM bu qadağanın qanunsuz olduğu qənaətinə gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR