AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Dollara uyğunlaşdırılan məzənnə siyasəti”: Manat dəyərini qoruya biləcəkmi?

  • + A
  • - A
  • 5-02-2022, 17:23

    “Dollara uyğunlaşdırılan məzənnə siyasəti”: Manat dəyərini qoruya biləcəkmi?

    Üzən, üzən-tənzimlənən və təsbit edilmiş məzənnə rejimləri mövcuddur. 2015-ci ildəki devalvasiyaya qədər manat təsbit edilmiş məzənnə rejimində idi. Həmin ildəki devalvasiya dövründə üzən-tənzimlənən məzənnəyə keçildi və manatın dəyəri düşdü. Gözlənilirdi ki, üzən məzənnəyə keçid ediləcək. Lakin hələ də üzən-tənzimlənən məzənnə rejimi davam edir. Ancaq ekspertlər hər zaman bildirirlər ki, gec-tez manatın üzən məzənnəyə keçidi baş verəcək.

    Mövzu ilə bağlı “Kaspi” qəzeti məqalə hazırlayıb.

    Bu yaxınlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında bildirdi ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır. Amma proses belə davam edə bilməz. Millət vəkili qeyd edib ki, manat gec-tez sərbəst buraxılacaq və “tam üzən məzənnə”yə keçiləcək.

    Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2021-ci ilin hesabatı ilə bağlı keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil” demişdi.

    “Standard & Poor Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı hesabatında qeyd olunur ki, 2022-ci ildə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 1 ABŞ dolları - 1,70 AZN nisbətində saxlanılacaq. Üzən məzənnəyə keçid 2022-ci ildə olmayacaqsa, nə zaman olacaq? Prosesin ləngimə səbəbləri nələrdir?

    İqtisadçı ekspert Xalid Kərimli deyir ki, tam üzən məzənnə rejiminə keçməyə bir sıra amillər təsir edə bilər:

    “Birincisi, bu proses enerji qiymətlərindən asılıdır. Enerji qiymətləri yüksək olarsa, üzən məzənnəyə keçəndə manatın bahalaşması ehtimalı da olur. İkincisi isə hökumətin və Mərkəzi Bankın planlarından asılıdır. Yəni enerji qiymətləri yüksək olanda da, manatı üzən məzənnəyə keçirmək qərarı verilə bilər. Bu, bir iqtisadi-siyasi qərardır”.

    X.Kərimli bildirdi ki, üzən məzənnə deyiləndə, çox adam manatın dəyər itirəcəyini düşünür. Ancaq manat bahalaşa da bilər:

    “Enerji qiymətləri yüksək, tədiyyə balansında profisit (büdcə artıqlığı) olanda, dövlət daha çox dollar satanda üzən məzənnəyə keçilərsə, manat bahalaşa da bilər. Məsələn, 2016-cı ildə Mərkəzi Bankın ehtiyatı 3 milyarda düşmüşdü. İndi 6 milyarddan yuxarıdır. Mərkəzi Bankın ehtiyatları bazardan artıq dolların yığılması ilə yüksəlib. Əgər sterilizasiyaları etməsəydi, manat bahalaşa da bilərdi. 1 dollar 1,60-1,50 manat səviyyəsində olardı”.

    Prosesin ləngimə səbəblərinə gəlincə, X.Kərimli bildirdi ki, Azərbaycanda dolları dövriyyəyə bir neçə şirkət buraxır. Baxmayaraq ki, qeyri-neft sektorunun inkişafından danışırıq, amma bu bazarda Dövlət Neft Fondu önəmli paya sahibdir:

    “Bizdə iqtisadi model bir qədər sadədir. Burda da nüans ondan ibarətdir ki, əgər üzən məzənnəyə keçsək, enerji qiymətləri yüksək olanda, Neft Fondu daha çox dollar satanda, manat bahalaşa bilər. Manatın bahalaşması isə dövlətin marağında deyil. Əksinə, kiçik ölkədir, enerjidən asılıdır. Manatın məzənnəsinin dolların məzənnəsi əsasında tənzimlənməsi ölkədə iqtisadi prosesin iştirakçıları üçün daha etibarlı və proqnozlaşdırılan mühit yaratmış olur, əlavə spekulyasiyaların qarşısını alır”.

    İqtisadçının sözlərinə görə, hazırda manatla bağlı üzən-tənzimlənən məzənnə rejiminin tətbiq edildiyini də demək olmaz:

    “Üzən-tənzimlənən məzənnə yox, hazırda “dollara uyğunlaşdırılan məzənnə siyasəti” desək, daha doğru olar. Manat üzür, amma dollarla bir yerdə. Dollar bir gəmidir, manat isə o gəmiyə bağlanmış qayıq. Dollar digər valyutalara qarşı necə üzürsə, manat da elə üzür. Dayananda, dayanırıq”.

    Dövlətin məcbur qalıb tam üzən məzənnəyə nə vaxt keçəcəyinə gəlincə, X.Kərimli bildirdi ki, enerji qiymətlərinin yüksək olduğu illərdə dövlət manatı dolların məzənnəsinə uyğunlaşdırıb nəzarətdə saxlayacaq:

    “O vaxt ki enerji qiymətləri aşağı enəcək, uzunmüddətli dövrdə qiymətlərin yüksəlmək ehtimalı gözlənilməyəcək, onda hökumət tədricən manatı üzən məzənnəyə buraxıb ucuzlaşdıracaq. Biz üzən məzənnədən çox, mərhələli şəkildə davamlı ucuzlaşdırılan məzənnəni görəcəyik. 2022-ci ildə olmasa da, yaxın illərdə bunu görəcəyik”.

    X.Kərimlinin sözlərinə görə, hazırda üzən məzənnəyə keçilsə, manat dəyər itirəcək:

    “Həm türk lirəsinin, həm də rus rublunun dəyər itirməsi, ABŞ dollarının faiz dərəcələrinin bahalaşma proqnozu və bunun sürətli baş verəcəyi ilə bağlı ehtimal manat üzərində təzyiq yaradır. İndi üzən məzənnəyə keçilsə, manat dəyər itirər”.

    İqtisadçı qeyd etdi ki, manatın hazırkı kursunu saxlamaq hökumətə böyük xərclər hesabına başa gəlmir:

    “Xüsusilə, 2017-ci ildən sonra üzən tənzimlənən məzənnənin ölkə üçün heç bir əlavə xərci yoxdur. Əksinə, Mərkəzi Bank öz ehtiyatlarını artıra bilib. Valyutanın kursunu saxlamaq, bəzi ayları çıxsaq, 4-5 il ərzində hökumət üçün əlavə xərclərə başa gəlməyib”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR