Azərbaycanda dövlət və səfərbərlik ehtiyatları yaradılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Fərmanla təsdiqlənən Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsinə əsasən, Dövlət Ehtiyatları Agentliyi dövlət və səfərbərlik ehtiyatlarının yaradılması və idarə olunması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan publik hüquqi şəxsdir.
Agentliyin fəaliyyət istiqamətlərinə dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasını, yerləşdirilməsini, saxlanılmasını, yenilənməsini (əvəzlənməsini), idarə olunmasını və mühafizəsini təmin etmək və dövlət və səfərbərlik ehtiyatlarının yaradılması üzrə dövlət sifarişinin hazırlanması ilə bağlı tədbirlər görmək daxil edilib.
Bununla əlaqədar Dövlət Ehtiyatları Agentliyinin aşağıdakı vəzifələri müəyyənləşdirilib:
- dövlət və səfərbərlik ehtiyatları ilə təminatın yuxarı və ya aşağı həddinə dair, eləcə də onların idarə olunması ilə bağlı təkliflər vermək;
- dövlət və səfərbərlik ehtiyatlarına münasibətdə kəmiyyət və keyfiyyət nəzarətini həyata keçirmək, habelə mülkiyyət formasından asılı olmayaraq dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərində həmin ehtiyatların yaradılması, saxlanılması, yenilənməsi (əvəzlənməsi) və istifadəsi zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- dövlət və səfərbərlik ehtiyatlarının yenilənməsi (əvəzlənməsi) zamanı yenilənən (əvəzlənən) malların dövlət orqanlarının (qurumlarının) ehtiyaclarının ödənilməsi üçün satışını təşkil etmək;
- dövlət və səfərbərlik ehtiyatlarının satınalınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tədbirlər görmək;
- aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla, dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin siyahısını təsdiq etmək və buna uyğun olaraq tədbirlər görmək;
- mülkiyyət formasından asılı olmayaraq dövlət və səfərbərlik ehtiyatlarının saxlanılma yerlərinin ölkə ərazisi üzrə optimal bölüşdürülməsinin təmin edilməsi məqsədilə saxlanılma yerlərinin genişləndirilməsi və yenilərinin yaradılması ilə bağlı təkliflər vermək;
- dövlət və səfərbərlik ehtiyatlarının mövcud vəziyyəti və yenilənməsi (əvəzlənməsi) ilə bağlı hesabat formasını hazırlamaq və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək.