Fevralın 17-də “Landmark”da Polşanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Polşa memarlarının Azərbaycanda yaratdığı memarlıq irsinə dair layihənin təqdimatı olub.
Azadmedia.az xəbər verir ki, Layihənin əsas tərəfdaşları Azərbaycan Turizm Bürosu və Bakı Media Mərkəzidir.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxışında qeyd etmişdir ki, Azərbaycanın Polşa ilə müasir diplomatik əlaqələri 30 ildir bərpa olunsa da, əslində bu əlaqələrin tarixi XV əsrdən, Uzun Həsənin Polşa kralı ilə qurduğu münasibətlərdən başlanır. Polşa XX əsrin sonunda Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyan ölkələr sırasındadır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə iki ölkənin əlaqələri uğurla inkişaf edib. Azərbaycan-Polşa əlaqələrinin inkişafına müstəsna töhfələr vermiş Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Qniezno şəhərində Azərbaycan-Polşa “Dostluq” abidəsinin açılışı oldu. Polşanın qədim paytaxtında ucaldılan abidə iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 540, bərpasının isə 20 illiyinə həsr edilib.
Nazir müavini vurğulayıb ki, bu gün Prezident İlham Əliyev bu iki ölkə arasında münasibətlərin genişlənməsinə mühüm önəm verir.
Sevda Məmmədəliyeva bildirib ki, Bakının özünəməxsus gözəlliyinin yaradılmasında, abidələrinin qurulmasında Polşa memarları mühüm rol oynayıblar. Polşa memarları tərəfindən yaradılan həmin abidələrə bu gün xüsusi qayğı göstərilir. Onlar yeni çalarda öz gözəlliyi ilə bizi cəlb edir. Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib.
Polşa Respublikasının Azərbaycandakı səfiri Rafal Poborski deyib: “Ötən il biz Polşa-Azərbaycan əlaqələrinin 30 illiyini qeyd etdik. Bizim əlaqələrimiz tək diplomatik deyil, həm də sosial-iqtisadi və siyasi sahələri əhatə edir. Bizim əlaqələrin tarixi qədimdir. Bu gün təqdimatına yığışdığımız layihə Polşa memarlarının Azərbaycanda yaratdığı abidələrlə bağlıdır. Onların Azərbaycanda ucaltdığı abidələr olduqca diqqətəlayiqdir. 2019-cu ildə Azərbaycan və Polşa prezidentlərinin iştirakı ilə Bakıda “Polşa memarları” küçəsinin açılışı olub. Azərbaycanda Polşa memarlarının yaratdığı abidələr turizm baxımından da əhəmiyyətlidir. Düşünürəm bu abidələr tək memarlıq nümunəsi deyil, həm də Azərbaycanın tarixini əks etdirən elementlərdir”.
Layihənin Polşa-Azərbaycan turizm əlaqələrinin inkişafına dəstək olacağını deyən Florian Zenqstşmid bildirib ki, təmsil etdiyi qurum Polşa turistləri üçün gəzinti turu hazırlayıb, həmçinin yol xəritəsi tərtib edib. Tur çərçivəsində turistlər Polşa memarlarının ucaltdığı binalarla tanışlıq olacaq. Həmçinin bu məqsədlə hazırlanan broşürdə Polşa memarlarının Azərbaycanda yaratdığı bütün memarlıq abidələri yer alıb. Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memarı - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin Azərbaycandakı memarlıq fəaliyyətlərindən, həmçinin neftçıxarma üzrə mütəxəssis Pavel Pototskinin ölkənin neft sənayesinə verdiyi töhfələrdən bəhs olunur.
Burada, həmçinin XX əsrin əvvəllərində təkcə Bakıda deyil, Şamaxı, Gəncə, Qusar və Zaqatalada da polyak memarlıq üslublarında məscid, kilsə, eləcə də şəhər planlarının hazırlandığı diqqətə çatdırılır.
“Broşürlə, həmçinin https://azerbaijan.travel saytında da tanış olmaq mümkündür. Ümid edirəm sərhədlər açıldıqdan sonra yeni-yeni istiqamətlər üzrə məlumatlar hazırlanacaq”,- deyə Florian Zenqstşmid əlavə edib.
Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə deyib: “XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıya əcnəbi sərmayədarlarla yanaşı, tanınmış mühəndislər, inşaat üzrə mütəxəssislər də ayaq açmaqda idi. Bakı şəhərinin ərazisi genişlənir, yeni binalar inşa edilir, rayonlar meydana gəlirdi. Bakının memarlıq simasının zənginləşməsində yerli memarlarla bərabər, əcnəbi mütəxəssislər də fəal iştirak edirdilər. Şərq üslubunu heç vaxt itirməyən şəhər, eyni zamanda, bir Avropa şəhərinə çevrilirdi. Bu məsələdə, ümumiyyətlə, odövrkü Bakının arxitekturasında polşalı memarlar xüsusi rol oynayırdılar. Həmin memarlar Azərbaycan paytaxtının bir sıra möhtəşəm tarixi binalarının müəllifi olublar. Məsələn, Murtuza Muxtarovun sarayı, İsmailiyyə, Bakı Şəhər İcra Hakimiyyətinin binası, Ağabala Quliyevin mülkü və bir çox tarixi binalar polşalı memarların layihələri əsasında inşa olunub”.
Memarlıq tarixinin tədqiqatçısı, professor Elçin Əliyev bu günə qədər ölkəmizdə on bir Polşa memarı tərəfindən 81 abidənin ucaldıldığını söyləyib. O, bu günədək Azərbaycanda Polşa memarlarına həsr olunan monumental kitabın olmadığını qeyd edib.
Tədbirdə broşür əsasında hazırlanmış slaydşou nümayiş olunub.