AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günah tək Putində deyil, Rusiya elitası yanlış imperiya “virusuna” yoluxublar

  • + A
  • - A
  • 6-03-2022, 22:11

    Günah tək Putində deyil, Rusiya elitası yanlış imperiya “virusuna” yoluxublar
    1709-cu ildə o dövrün ən güclü dövlətlərindən, imperiyalarından biri olan İsveç Krallığı XII-ci Karlın rəhbərliyi altında I Pyotrun Çar olduğu Rusiya İmperiyası ilə Poltava yaxınlığında döyüşə girdi. İsveç Krallığı müharibəni uduzdu, sonra öz daxilinə çəkildi, cəmi 300 ilə dünyanın ən inkişaf etmiş, ən xoşbəxt ölkələrindən birinə çevrildi.

    Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli dünya imperiyalarının mahiyyətcə dəyişməsi ilə bağlı fikirlərini bildirərkən deyib.

    O qeyd edib ki, bu gün İsveçin ÜDM-i 541 mlrd., adambaşına düşən milli gəlir 51.641 dollardır, əhalisi cəmi 10 mln. 380 min nəfərdir, ərazisi 447.445 kvşkm-dır:

    “Rusiyanın ÜDM-i 2021-ci ildə 1,6 trilyon dollar olmuşdu, amma indiki məzənnə ilə hesablamalar aparılsa, 1,2 trilyon dollara bərabərdir, bu ilin sonuna 1 trilyon dollardan aşağı düşücək. 2022-ci ildə Rusiyada adambaşına düşən ÜDM-in 7500 dollara düşməsi gözlənilir, sanksiyalar çox sərtləşsə və bu il ərzində qalsa, adambaşına düşən ÜDM 5000 dollara qədər azala bilər.

    Yəni, hətta bu günə olan rəqəmlərlə götürsək, İsveçin ərazisi Rusiyadan 39 dəfə kiçikdir, əhalisi 15 dəfə azdır, demək olar ki, heç bir təbii resursu yoxdur (və ya çox azdır), amma ÜDM-i Rusiyadan cəmi 2,5 dəfə azdır, adambaşına düşən ÜDM isə 6-7 dəfə çoxdur.

    Britaniya, Fransa, İspaniya, Portuqaliya (daha kiçik Belçika, Hollandiya imperiyaları da olub) imperiyaları orta əsrlərdən 2-ci dünya savaşına qədər ən qəddar, qaniçən, yerli xalqları vəhşicəsinə sümürən imperiyalar idi. Fransa və İspaniya isə, ümumiyyətlə, qanla din yayamağa çalışdıqlarından, “missioner” olduqlarından daha çox qan tökdülər. Britaniya İmperiyası bir az fərqli davranırdı, daha çox ticarətdə aldadırdı, başqa cür sümürürdü.

    İkinci Dünya müharibəsindən sonra o imperiyalar davranışlarını dəyişdilər, öz müstəmləkələrinə müstəqillik verdilər, amma iqtisadi, texnoloji, mədəni olaraq özlərindən tam asılı vəziyyətə saldılar. Yəni imperiya nəzəriyyələri dəyişdi, məğzi qalsa da, forması fərqli oldu, köhnə imperiyalar yeni yanaşma göstərərək, öz “metropoliayaları” ilə üfüqi əlaqələr qurmağa başladılar.

    Müasir dünyanın ən yeni imperiyası olan ABŞ isə elə əvvəldən öz hökmranlığını başqa prinsiplər üzərində qurmağa çalışdı və müəyyən uğurlar əldə etdi. Amma ABŞ-ın da böyük səhvləri, günahları, cinayətləri oldu – insanlıq adına utanc verən əməllərdə yer aldı. Orta Şərqdə, Şimali Afrikada, Asiyada qanlı əməllər törətdi, amma, məsələn, Rusiya İmperiyasından fərqli olaraq, uğurlu modellər də təqdim edə bildi: bəli, Yaponiyaya 2 atom bombası atdı, amma müasir Yaponiyanın qurucusu da ABŞ oldu; bəli, Koreya savaşında iştirakçı oldu, amma Cənibi Koreya kimi uğurlu model də qura bildi (yeri gəlmişkən, bu gün müasir mənada “imperiyalardan” biri elə Cənubi Koreyadır – öz malları və texnologiyaları ilə dünyanı “işğal” edib).

    Qərbi Avropanın, müharibədən sonra Qərbi Almaniyanın qurucusu da ABŞ oldu. Və ya Çinin əlindən Sinqapuru ala bildi, ada-şəhər dövlət qurdu, bu gün dünyanın ən inkişaf etmiş və korrupsiyasız ölkəsinə çevrildi.

    Amma nə Fransanın, nə İspaniyanın, nə də Rusiyanın belə uğurlu modelləri var. Avropa imperiyaları bunu ötən əsrin 50-ci, 60-cı ilərində anladılar, öz “qınına” çəkilib “yumşaq gücə”, iqtisadi “işğal” modelinə keçdilər, Rusiya (SSRİ) İmperiyası isə bunu anlamadı, hətta Şərqi Avropada belə alınmadı”.

    Ekspertin sözlərinə görə, bu gün baş verənlərin fəlsəfi səbəbi Rusiya İmperiyasının “fantom” ağrılarıdır, illyuzuyalarıdır, əsas səbəb odur ki, Rusiya hələ də böyük dövlət, imperiya olmağın yolunu ərazi ilə ölçür və təəssüf ki, bunun günahı tək Putində deyil, Rusiya elitası, xalqın böyük bir hissəsi yanlış imperiya “virusuna” yoluxublar:

    “Hələ də elə bilirlər ki, böyük imperiya olmağın yolu ərazi genişliyindən və silahın gücündən keçir, ən böyük təhlükə məhz budur. Bu “fantom” ağrıların “sağalması” yolu isə ancaq böyük faciələrdən keçir – təəssüf ki, bu illyuziyaların dağılması tək Rusiya üçün deyil də, bütün dünya üçün təhlükələr yaradır...”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR